Keçmiş nəqliyyat naziri Ziya Məmmədov ətrafında halqa daralır. Sabiq nazirin həbsinə aparan proses intensivləşib
Siyasi rəhbərlik tərəfindən qələmi qırılan eks-nazirin korrupsiya ittihamı ilə qandallanması təhlükəsi var.
Z.Məmmədovun işini mürəkkəbləşdirən bir səbəb isə ABŞ-da başlanmış araşdırmalardır.
ABŞ Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Robert Müller prezident Donald Trampın Rusiya ilə əlaqələrini və Moskvanın Amerika seçkilərinə müdaxiləsini araşdırmaq üçün xüsusi prokuror təyin olunub.
Robert Müllerin təhqiqat hədəfində Azərbaycanın bir vaxtlar ən qüdrətli klanlarından olan Məmmədovlar klanı ilə Bakıda “Trump Hotel”in açılmasına dair qalmaqallı sövdələşmə də yer alır.
Bakıda “Trump Hotel”i Ziya Məmmədovun ailəsi “Trump Organization”la françayzinq müqaviləsi əsasında tikmişdi.
Lakin seçkilərdən bir ay sonra Tramp bu müqaviləni ləğv etdi. Buna baxmayaraq Trampın Bakıdakı otelə onun adının verilməsi və layihənin idarəedilməsi üçün Məmmədovlardan 2.8 milyon dollar aldığı məlumdur.
Sənədlərdə “Trump Hotel”in sahibi kimi Ziya Məmmədovun qardaşı Elton Məmmədovun “Baku XXI Century” LLC şirkəti çıxış edir.
Lakin layihənin keçmiş nazirin oğlu Anar Məmmədov tərəfindən həyata keçirildiyi məlumdur. Otel hazırda yarımçıqdır və istifadəyə verilməyib.
Z.Məmmədovun adı qətl işlərində, korrupsiyada, müxtəlif mənimsəmələrdə keçir.
Məsələn, onun “vurulmasında” baş nazirin keçmiş birinci müavini, Azərbaycan iqtidarına xəyanət etmiş Abbas Abbasovla əlaqəsi də ciddi rol oynadığı deyilir.
Bildirilir ki, A.Abbasov hakimiyyətlə körpüləri yandırsa da, Z.Məmmədovla müəmmalı təmasları son aylaradək davam edirmiş.
Onların telefon əlaqəsi deşifrə olunduqdan sonra Z.Məmmədov bu təmasların səbəblərini izah edə bilməyibmiş.
Xatırladaq ki, son aylar A.Abbasovun yenidən fəallaşması və Bakıya qarşı Kremlin daha bir planında yer alması xəbərləri yayılıb.
Bir neçə gün qabaq isə ADP sədri Sərdar Cəlaloğlu müsahibəsində bildirmişdi ki, Z.Məmmədov ölənə qədər ölkədən gedə bilməz:
“Ziya Məmmədovun və oğlunun Trampla, Amerika Konqresi ilə qurduğu əlaqələr hakimiyyət üçün arzuolunmaz fəaliyyət idi. Çünki biznes fəaliyyəti qurmağa icazə olsa da, siyasi fəaliyyət qurmaq hakimiyyət üçün ”qırmızı cizgi”ni keçməkdir.
Ziya Məmmədov və onun oğlu da məhz bu xətti keçmişdi. Bu mənada Əli İnsanov və Fərhad Əliyevin də adını qeyd etmək olar. Bu baxımdan, düşünmürəm ki, Ziya Məmmədovu yenidən hakimiyyətə gətirib, ona vəzifə verəcəklər.
Çünki artıq sədaqətsizliyini nümayiş etdirib və ikinci dəfə ona şərait yaratmazlar. Düşünürəm ki, onu xaricə də buraxmayacaqlar. Çünki bu cür şəxslərin xaricə buraxılması hakimiyyət üçün çox ciddi problemlər yarada bilər.
Hakimiyyət bir dəfə Rəsul Quliyevi xaricə buraxmaqla belə səhvə yol verib. Nəticədə kifayət qədər başları ağrıyıb. Ziya Məmmədov isə iqtidarın fəaliyyəti ilə bağlı Rəsul Quliyevdən də çox məlumatlıdır.
Belə bir adamın xaricə gedib, həmin məlumatları mətbuatda, xaricdəki dairələrə sızdırması mümkündür. Ona görə də Ziya Məmmədov ölənə qədər Azərbaycandan xaricə buraxılmayacaq”. ulus.az