Sərf edilən təxminən 6 milyon pulun aqibəti

Bu gün əksər avtobus dayanacaqlarında quraşdırılan monitorlar işləmir. Bir neçə il öncə dayanacaqlarda avtobusların gəlmə intervalını göstərən monitorlar quraşdırılsa da nədənsə, onların əksəriyyətindən heç bir məlumat almaq mümkün deyil.

Dayanacaqlarda quraşdırılmuş monitorların hər biri dövlətə təxminən 10 min dollara başa gəlib
Sərnişinlərin işini asanlaşdırmaq üçün, yəni avtobusların neçə dəqiqədən bir dayanacağa gələcəyini öyrənmək üçün quraşdırılan bu monitorların işi təəssüflər olsun ki, qısa müddətli oldu.

İstiPress-in məlumatına görə, metronun “20 yanvar” stansiyasının yaxınlığında, Abbas Mirzə Şərifzadə prospektində, Parlament prospekti və digər mərkəzi küçələrdə bu sahədə vəziyyət nisbətən qənaətbəxşdir. Maraqlıdır ki, işləyən monitorlarda isə təsvirin parlaqlığı o qədər azdır ki, əks olunan məlumatı görmək olmur. Sərnişinlər arasında apardığımız şifahi sorğuda öyrəndik ki, onlar həm də monitorlardakı rəqəmlərin doğru vaxtı göstərməməsindən şikayətçidirlər.

“Eurovision” ərəfəsində milyonlarla xərc çəkilərək quraşdırılan bu monitorların, demək olar ki, hamısı elə həmin müsabiqə vaxtı işlədi. Ondan sonra toz basan bəzi monitorların yenidən işə düşməsində, deyəsən, bəzi problemlər mövcuddur. Halbuki ekspertlərin sözlərinə görə, həmin monitorların biri təxminən 10 min dollara başa gəlib.

Bakıda hər dayanacağa 10 min dollar atılıb
Dayanacaqlardan birində quraşdırılan monitor

Nəqliyyat sahəsi üzrə mütəxəssis Natiq Ələkbərov monitorların düzgün işləməməsinin səbəbini işlərin kortəbii aparılmasında görür.

Onun sözlərinə görə, problemin başlıca səbəbi odur ki, hələ də bütün avtobuslarda vahid sistem quraşdırılmayıb. “BakuBus”a məxsus olmayan az sayda avtobus var ki, onlarda da “BakuKart” sistemi işləyir. Qalan bütün marşrut avtobuslarında “Eurovision” mahnı müsabiqəsi Azərbaycanda keçirilən ərəfədə quraşdırılan aparatlardır. “Ancaq indi onlar işləmir. Buna görə o avtobusların Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə çıxışı yoxdur. Halbuki həmin dövrdə Nəqliyyat Nazirliyinə məxsus kartlar da satışa çıxarılmışdı. Sonradan üç manata satılan bu kartlara sərf olunan pulların aqibəti ilə bağlı heç bir məlumat verilmədi”.

Bakıda hər dayanacağa 10 min dollar atılıb
Bakıda sərnişin avtobusları

“Sistem kompleks fəaliyyətə başlamasa heç bir nəticə olmayacaq. Dayanacaqlarla bağlı işlər kortəbii aparılır. Burda monitorların işləməməsi ilə yanaşı onların standartlara uyğunsuzluğu amili də var. Qüsurlar kifayət qədərdir, dayanacaqların darısqal, az sərnişin tutması, dəmirdən olduğu üçün qış aylarında oturmaq üçün əlverişsiz olması, kənarları açıq olduğu üçün küləkli, yağışlı və günəşli havalarda daldalanmağın mümkünsüz olması kimi çatışmazlıqları saymaq olar”, – deyə Natiq Ələkbərov bildirib.

Hazırda Bakı şəhəri üzrə nəqliyyat məsələlərinin tənzimlənməsini Bakı Nəqliyyat Agentliyi (BNA) həyata keçirir. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev İstiPress-ə bildirib ki, bu ilin yanvar ayından qurum bütün avtobuslara GPS sistem quraşdırılıb və məlumatlar bu yolla əldə olunur.

“Həmin monitorlar Bakı Nəqliyyat Agentliyi yaranmamışdan əvvəl quraşdırılıb. BNA olaraq araşdırmalar apardıq və həqiqətən də sistemdə problemlərin olduğu müəyyən edildi. Paytaxt ərazisində ümumilikdə 600 monitor var və onlardan 400-ü sistemə inteqrasiya olunub, hazırda test rejimindədir. Bu il ərzində sistem tam fəaliyyətə başlayacaq”, – deyə Mais Ağayev bildirib.

Görünür, dövlətin ayırdığı milyonlarla vəsaitin bir hissəsi mənimsənilib və monitorların idarə edilməsi üçün sistemi necə gəldi qurulub.

Paylaş