“Space” Müstəqil Teleradio Şirkətinin (Space TV) “Hər gün” informasiya proqramının baş redaktoru Elman Gədikli tutduğu vəzifədən azad edilib

Ulus.Az-ın verdiyi məlumata görə, baş redaktorun işdən hansı səbəbdən uzaqlaşdırılması ilə bağlı detallar açıqlanıb.

E.Gədiklinin vəzifədən azad olunması ilə bağlı unikal.org yazıb ki, bir müddət əvvəl E.Gədiklinin oğlu Təhsil Nazirliyinin və “ASAN” Xidmətin birgə həyata keçirdiyi işə qəbul imtahanında iştirak edib.

Lakin imtahanda uğursuz nəticə göstərib. İmtahan nəticələrinə görə E.Gədiklinin oğlu ASAN Xidmətə işə qəbul oluna bilməyib.

Bundan hiddətlənən E.Gədikli “ASAN” Xidmət və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi imtahanla bağlı “SPACE TV”-nin “Hər gün” İnformasiya Proqramında qərəzli videomaterial hazırlayaraq yayımlayıb.

Məsələdən xəbər tutan təhsil naziri Mikayıl Cabbarov “SPACE” TV-nin prezidenti Vaqif Mustafayevə zəng edib.

Nazir V. Mustafayevdən baş redaktorun işdən azad olunmasını istəyib. Bundan sonra “SPACE TV”-nin prezidenti V.Mustafayev dünən 15:00-da E.Gədiklini tutduğu vəzifədən azad edib və kanaldan uzaqlaşdırıb. E.Gədikli işdən azad olunmasını təsdiqləyib. O, bildirib ki, öz ərizəsi ilə işdən azad olunub.

Ulus.Az-ın verdiyi məlumata görə, təhsil naziri Qərb təhsilli olsa da, baxışları köhnə təfəkkürdən ibarətdir. O da mətbuata qarşı amansız olan məmurlardan biri kimi tanınır. Çünki bir süjetə görə baş redaktoru işdən çıxartdırır.

Yaxşı olardı ki, nazir təhsil sistemindəki Mərdanovdanqalma idarəçiliyi dəyişsin, 14 iyuna qədər dərslərin uzadılması rüsvayçılığına aydınlıq gətirsin.

Mikayıl Cabbarov gənc və Qərb təhsillidir, islahatlar edəcəyi vəd olunurdu. Zaman sübut elədi ki, onun təhsil sahəsindən anlayışı aşağı səviyyədədir. Misir Mərdanov daha peşəkar kadr idi.

Cabbarovun nazir dövründə nə qəbul imtahanlarında keçid balları qalxıb, nə təhsilin keyfiyyəti. Məktəblərdə, universitetlərdə, kolleclərdə rüşvət ayaq açıb, yeriyir.

Rektorlar, məktəb direktorları bazar açıblar. Nazirlik heç bir iş görmür. Yenə də pul yığımı, yenə də soyğunçuluq var. Cabbarovun istefası labüddür.

Paylaş