Akif Çovdarovla qohumluğu Samir Məmmədov üçün “yaşıl işıq” yandırıb

Bir müddət əvvəl, daha dəqiq desək bu ilin mart ayının 16-da ölkə mediası Bakı Mühəndislik Universitetinin Texnoparkına yeni rəhbər təyin edilməsi ilə bağlı məlumat yaydı.

Məlumatda qeyd olunurdu ki, Texnoparkın yeni rəisi əvvəllər Təhsil Nazirliyi tərkibində fəaliyyət göstərən Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədovdur.

Bilməyənlər üçün onu bildirək ki, Qafqaz Universitetinin adını dəyişdirib Bakı Mühəndislik Universiteti qoyublar.

Biz bir media orqanı olaraq məsələnin siyasi-dini-ideoloji tərəfini bir kənara qoyub ( bu bizim üçün maraqsızdır ) tam məsuliyyətlə bildiririk ki, Qafqaz Universiteti Azərbaycanda fəaliyyət göstərən ali məktəblər içərisində ən nümunəvi, ən intizamlı və ən yüksək səviyyədə təhsil verən və ən əsas rüşvətdən uzaq yeganə təhsil ocağı idi.

Bu fikri Milli Məclisin üzvü Fazil Mustafa da dəfələrlə bəyan edib.

Əslində kiminsə bəyan etməsinə və digər dəlil-sübuta ehtiyac yoxdur. Azərbaycan cəmiyyəti gözəl bilirdi ki, ölkənin təhsil bataqlığında Qafqaz Universiteti yeganə “ada” idi.

İndi zəlzələdən, ya vəlvələdən bu universitet ləğv olundu.

Bir daha təkrar edirik ki, bir media olaraq bu bizim müzakirə mövzumuz deyil.

Amma o cür univeristetə təhsil maklerlərini doldurmaq ən azı adamda təəssüf hissi doğurur.

Birincisi, uzun müddət Texniki Universitetin rektoru olan və reputasiyası barədə danışmağa dəyməyən Havar Məmmədovun keçmiş Qafqaz Universitetinin rektoru olması tarixin ironiyasıdır.

Sonuncu xəbər isə insanın olub-qalan ümidini məhv edir.

Uzun müddət ölkə mətbuatında kompüter alveri ilə məşğul olan birisinin- Samir Məmmədovun universitetin Texnoparkına rəhbər təyin olunması artıq təhsilimizin tacir-tüccar əlinə keçdiyini ortaya qoyur.

Kimdir Samir Məmmədov..?

Bu şəxs uzun müddət ( Misir Mərdanovun və Mikayıl Cabbarovun vaxtında ) Təhsil Nazirliyində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi olub.

Bu adamın işi məktəblərin kompüterlə və proqramlarla təminatını həyata keçirmək olub.

Təsəvvür edirsiniz, 4500-dən artıq, təxminən 5000-ə yaxın təhsil müəssisəsinin kompüterlə təchiz olunmasını Samir Məmmədov həyata keçirib.

Amma necə keçirib..?

5000-ə yaxın orta məktəbə verilən kompüterlərin çoxu Əli Abbasovun Mingəçevir şəhərində yerləşən “KÜR” kompüter zavodunun məhsulları olub.

Bəli, Samir Məmmədovla ozamankı rabitə naziri Əli Abbasov keyfiyyəti heç bir standarta cavab verməyən “Kür” kompüterlərini orta məktəblərdə yerləşdirərək milyonlara sahib olublar.

Təkcə mütəxəssislər deyil, adi istifadəçilər də gözəl bilir ki, “KÜR” kompüterləri heç nəyə yaramırdı, sadəcə yaraşıq üçün orta məktəblərdə quraşdırılırdı. Və şagirdlərin çoxu ona əl vura bilməzdi. Çünki bu kompüterlərin çoxu işlək vəziyyətdə deyildi.

Beləcə dövlətin məktəblərin kompüterləşməsinə ayırdığı 30 milyondan artıq pul Əli Abbasovla Samir Məmmədov üçün qazanc mənbəyi idi.

Bu maxinasiyalarda Samir Məmmədovun əmisi oğlu “qrant-tender müsabiqələrinin yeganə qalibi”, “Mədəd” Humanitar Təşkilatı İctimai Birliyinin sədri Emil Məmmədovun və Əli Abbasovun müavini İltimas Məmmədovun da “böyük zəhməti və rolu” olub.

İndi həmin Samir Məmmədov Bakı Mühəndislik Universitetinin Texnoparkına rəhbər təyin edilir.

Həbsi gözlənilən Əli Abbasov isə AMEA prezidentinin müşaviri olur.

Bax tarixin ironiyası budur.

Yəqin ki, Samir Məmmədov köhnə əməllərini davam etdirib Mingəçevirdə istehsal olunan “Kür”ləri yeni universitetin Texnoparkına dolduracaq və milyonlarla vəsaiti mənimsəyəcək.

Samir Məmmədovun keçmişi təkcə “Kür”lə bağlı deyil.

Samir Məmmədovun nazirlərlə şərik işləməsinin başqa bir ciddi səbəbi də var.

Onun keçmiş MTN generalı, hazırda həbsdə olan Akif Çovdarovla yaxın qohum olması da həmişə Samir Məmmədov üçün “yaşıl işıq” olub.

Məlumat üçün bildirək ki, Samir Məmmədovun əmisi, “Sevimli Dad” şirkətinin sahibi Murad Məmmədovla Akif Çovdarov qudadır.

Ona görə də Samir Məmmədova bu boyda maxinasiyalara baxmayaraq gözün üstə qaşın var” deyən olmayıb.

Düzdür, Akif Çovdarovun həbsindən sonra Samir Məmmədovun taxtı bir müddət laxlasa da “kompüter makleri” olan bu şəxs “revanş” götürə bildi və bu dəfə Bakı Mühəndislik Universitetinin Texnoparkına rəhbər təyin edildi.

Onu da qeyd edək ki, Samir Məmmədovun mənimsədiyi milyonları onun qardaşı Teymur Məmmədov tikinti biznesinə yönəldib.

Hazırda qardaşlar Abşeron rayon icra hakimiyyətinin inzibati binasının yaxınlığında tikinti kompleksi inşa etdirərək satışa çıxarıblar.

Ardı var.

Anar Asimoğlu

365info.az

Paylaş