Hazırda aqrar sektorda gəlirli və tez zamanda başa gəlməsi mümkün olan istehsalat sahələri arasında baramaçılıq xüsusilə seçilir

Keçən il ölkə Prezidenti İlham Əliyev baramaçılığın inkişaf etdirilməsi ilə bağlı konkret tapşırıqlarını verdi.

Uzun illər peşə vərdişindən kənar qalan kümçülər yenidən qollarını çırmayaraq həvəslə işə girişdilər. Çünki onlar zamanında baramaçılığın və ondan gələn gəlirin nə demək olduğunu yaxşı bilirdilər. Xüsusi olaraq dövlət başçısının tapşırığı ilə baramanın

1 kiloqramının qiymətinin 8 manat müəyyənləşdirilməsi olduqca cəlbedici idi. Beləliklə də, ilk sınaq ili uğurlu oldu. 2016-cı ilin aprelindən Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə 49,5 kiloqram ipəkqurdu toxumu alınaraq 24 rayona paylanmışdı.

Bundan ümumilikdə 70,7 ton yaş barama alınaraq “Şəki-İpək” ASC-yə satılıb. Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, bu il Nazirlər Kabineti Çin Xalq Respublikasından 6 min qutu ipəkqurdu toxumu gətirib.

Qax rayonundakı damazlıq ipəkçilik stansiyasında inkubasiyaya qoyulmuş qurdlar dirildilərək ipəkqurdu halına gətirilib.
Bölgüyə əsasən, vaxtı ilə ipəkçiliklə məşğul olan rayonlardan 30-na ipəkqurdu paylanılıb. Nəticə normal olacağı halda, bu il ümumilikdə 300 ton yaş barama istehsalına nail olunacaq.

Bu da sonda müəssisədə baramaaçan, toxucu və burucu istehsalatlarının yenidən bərpa olunması ilə nəticələnə bilər. Beləliklə, ASC-də çalışan 600 nəfərin minimum 9 ay daimi işlə təmin olunmasını təşkil etmək olar.

Baramaçılığın yerli potensialdan istifadə olunmaqla inkişaf etdirilməsində vacib məsələlərdən biri də damazlıqla bağlıdır. Lakin xeyli vaxt bu istiqamətdə də boşluq yaranıb.

Əvvəllər bu sahədə əhəmiyyətli fəaliyyəti ilə seçilən Qax Damazlıq İpəkçilik Stansiyası Kənd Təsərrüfatı Nazirliyinin tərkibində olduğu halda, sonradan satışa çıxarılmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin balansına keçirilmişdi. Lakin keçən il Nazirlər Kabinetinin qərarına əsasən, yenidən Kənd Təsərrüfatı Nazirliyinə qaytarılıb.

Artıq bu stansiyanın təzədən dirçəldilməsi üçün layihə hazırlanır. Məqsəd yenidən burada həm damazlıq işinin inkişaf etdirilməsinə, həm də sənaye toxumunun istehsalına nail olmaqdır.

Layihənin reallaşdırılmasında Çin avadanlıqları və mütəxəssislərindən istifadə ediləcək. Bu da gələcəkdə barama istehsalının 1000 tona çatdırılması hədəfinə gedən yolun daha da işıqlanmasına təsir edəcək.ulus.az

Paylaş