Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları başa çatsa da, üzgüçülükdə uğur qazanan idmançılar və məşqçilər hələ də Milli Olimpiya Komitəsi tərəfindən veriləcək pul mükafatını gözləyirlər.

Yenicag.az-a bu barədə İslamiadanın iştirakçıları məlumat veriblər. Əldə etdiyimiz məlumata görə, MOK tərəfindən mükafatın nə vaxt veriləcəyi ilə bağlı hələlik dəqiq bir söz də deyilmir.

Bundan başqa, millət vəkili Xanlar Fətiyevin prezidenti olduğu Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən medal qazanan təmsilçilərimizdən faiz də tutulacaq. Bunun nə faizi olduğunu dəqiqləşdirmək məqsədi ilə federasiyanın baş katibi Fərid Bananyarlı ilə əlaqə saxladıq.

“Nömrəmi haradan əldə etmisiz?” sualı ilə bizi təəccübləndirən federasiya rəsmisi məlumatı təkzib etdi: “Mən sizin etibarlı mənbənizi bilmirəm. Mükafatların hamısı verilib. Nə faiz? Onu kim deyir? Yalan söhbətdir”.

Təbii ki, federasiya rəsmisinin qurum haqqında yayılan xoşagəlməz xəbəri təsdiq edəcəyini gözləmirdik. Amma düşünməkdə fayda var – idmançılar və məşqçilər mükafatını alıbsa, niyə and-amanla “almamışıq, hələ də gözlədirlər” desinlər ki?

Maraq üçün onu da bildirək ki, 2012-ci ildən Xanlar Fətiyevin prezidenti olduğu federasiyanın hələ də rəsmi saytı yoxdur. Görünür Fətiyevin işləri o qədər çoxdur ki, 5 il ərzində bir rəsmi saytın yaradılması ilə bağlı göstəriş verməyə vaxt tapmayıb.

Qeyd edək ki, Xanlar Fətiyev eyni zamanda Gəncə Avtomobil zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədridir.

Paylaş