Yolumuzu kəsirlər, sahəyə getdiyimiz yerdə bizi maşınla geri qaytarırlar, sürücünü də hədələyirlər ki, qayıtmasa, polisə aparacaqlar. Bizi zorla pambıq sahələrinə aparırlar, deyirlər, yığmalısız, vəssalam. Söz demirik, yığarıq, ancaq gündəlik 6-7 manata yox… Üstəlik də, keçən il yığdığımız pambığın pulunu hələ də bizə ödəməyiblər”. Biləsuvarın Xırmandalı kənd sakini Sadəgül Sayılova deyir, rayonda hamı “pambığın zibilinə düşüb”. İcra hakimiyyətinin işçiləri kənardakı başqa əkin sahələrinə işləməyə gedənləri zorla pambıq sahələrinə yönləndirir. Bu da adamlarda narazılıq yaradır:

“Keçən il icra hakimiyyətinin təklifiylə şəxsən özüm qızlardan ibarət bir briqada yaratdım, getdik sahəyə, pambıq toplamağa… Tonlarla pambığı bizdən qəbul etmiş pambıq zavodları pulumuzu vermədi. Üstəlik də ortada müqavilə- filan yox… Ancaq biz başqa sahədə kartof yığırıq, gündəlik 12-13 manat alırıq, evə gedəndə də kartofumuzu aparırıq. Hələ sahibkarla müqaviləmiz də var. Bax, buna deyərəm, iş… Yoxsa ki, camaatı yığ tök sahəyə, işlət, yola sal, pulunu da vermə… Hələ üstəlik, qarşısında tələb də qoy ki, ‘kənara işləməyə getmək qadağandır, mütləq pambıq yığmalısız’. Təzyiqli, xəstə adamam, bir çətən külfət əlimə baxır, niyə havayı işləməliyəm ki…”

Sadəgül xanım deyir, ötən il özüylə pambıq yığımına apardığı adamlar indi onunla kartof yığımına gedir deyə, icra hakimiyyəti qəzəblənib: “Keçən ildən polisdəyik, sahə müvəkillərinin qapısındayıq. Qızlar yığdıqları pambığın pulunu almaq üçün polisə şikayət edirlər. Polis də deyir, ‘gedin verin məhkəməyə’. Pullarını ala bilməyən adamların yanında üzüqara qalmışam. İndi gətirmişəm ki, heç olmasa, burdan çörəkpulu qazansınlar. Hər gün sahəyə gəldiyimiz maşının qarşısını kəsib bizdən pambıq sahəsinə getməyimizi tələb edirlər”.teref.info

Paylaş