Natiq Əmirov iqtisadi və sənaye üzrə köməkçi kimi fəaliyyət göstərəcək. Belə hesab etmək olar ki, sənaye sektoru Natiq Əmirovun kurasiyasına keçir. Sənaye parkları, layihələr və s. onun fəaliyyət sferasına daxildir. Yerdə qalan sahələrə isə Əli Əsədov nəzarət edəcək.
Əli Əsədov artıq hakimiyyət tərəfindən səlahiyyətləri məhdudlaşdırılan məmura çevrilməkdədir.
Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi vəzifəsinə Natiq Əmirovun təyinatından sonra Əli Əsədovun halqasının daralması gözlənilən idi. İ.Əliyev Ə.Əsədova etimad göstərmədiyini bu təyinatla nümayiş etdirmişdi.
Beləliklə, Əli Əsədov iqtidar komandasında yüksəliş yerini Natiq Əmirova uduzmaqla süqut dövrünü yaşamaqdadır.
Hətta bir müddət əvvəl onun vəzifəsindən istefaya gedəcəyi haqda xəbərlər yayılırdı, hakimiyyət isə ənənəvi olaraq mətbuatın yazdığı üçün planı ertələdi. İqtidar təyinatlar və istefalar siyasətində medianın səhih qaynaq olmasını yalanlamaq üçün hər zaman planları ertələyir.
O baxımdan Əli Əsədovun da yaxın gələcəkdə, yəni heç kimin gözləmədiyi anda və medianın gündəmində olmadığı ərəfədə istefaya göndəriləcəyi istisna deyil.
Uzun illərdir prezidentin iqtisadi komandasında ən vacib fiqurlardan biri olan Əli Əsədov son aylar prezidentin açılışlarında gözə dəymir, müşavirələrində isə ya arxa planda görünür, ya da heç görünmür.
N.Əmirova dəstək verilməsi onun adının indiyə kimi korrupsiyada hallanmamasıdır. Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən uzaqlaşdırılandan sonra Əli Əsədov da hədəfə gəlmişdi.
Onun Eldar Mahmudovla yaxınlığı barədə mediada hələ nazirin mövqelərinin ən güclü olduğu vaxtdan yazılırdı.
Məlumatlarda deyilirdi ki, Əli Əsədovla Eldar Mahmudov hələ gənclik illərindən dostluq ediblər, ali məktəbdə birgə oxuyublar.
Eldar Mahmudovun 2004-cü ildə nazir vəzifəsinə təyin olunmasında da Əli Əsədovun rolunun olduğu bildirilirdi.
İddia olunurdu ki, MTN şefi uzun illər fəaliyyətini onunla birgə koordinasiya edib, hətta Əli Əsədovun tapşırıqlarının icraçısı olub. Bu informasiyalar mediaya sızmazdan öncə mərkəzə məlum idi.
Siyasi hakimiyyətin ən yüksək eşelonunda bu əlaqələrin müzakirəsindən sonra Əli Əsədovun halqası daraldı, mövqeləri zəiflədi, iqtidarda ən etibarsız kadrlardan birinə çevrildi, prezidentin etimadını itirdi.
Yəni iki səbəb: MTN işi və islahatların lokomotivi ola bilməməsi onun ulduzunu söndürdü.
Görünür ki, Əli Əsədov üçün qatar çoxdan reysdən çıxıb və onun funksiyaları formal xarakter daşıyır. Bununla da yazdıqlarımızın növbəti təsdiqidir: İlham Əliyev iqtidarı təzələyir, islahatçı komandanı ətrafında sıx birləşdirir. ulus.az