Prezident Administrasiyasında struktur və kadr dəyişiklikləri icra hakimiyyətlərində də yeniliklərin olacağı zərurəti yaradır
Növbəti rayon icra hakimiyyəti strukturlarına çatıb. Prezidencxtin islahatlar dalğası icra başçılarından bəzilərinin vəzifəsi ilə vidalaşması ilə nəticələnə bilər.

Bu məlumatlar arasında Samuxun icra hakimi Alı Qocayev, Binəqədi icra hakimi Xaləddin İsgəndərov, Lənkəranın icra başçısı Taleh Qaraşov, Zaqatala icra hakimi Əhməd Əhmədzadənin xüsusi adı keçir.

Büdcə israfçılığına son qoymaq və izafi xərcləri azaltmaq üçün bəzi şöbələrin ləğvi və birləşdirilməsi nəzərdə tutulur. Hələ ki prosesə Bakının yox, bölgələrin icra hakimiyyətlərindən start verilir.

Məlumatda deyilir ki, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdrılması şöbəsi, Şəhər təsərrüfatı şöbəsi, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbələrində ixtisarlar aparıla bilər.

Habelə, bəzi şöbələrin birləşdirilməsi nəzərdən keçirilir. Bakının rayonlarının icra hakimiyyətlərinə isə struktur islahatları regionlarda işlər yekunlaşandan sonra çatacağı bildirilir.

Rayon icra hakimiyyətlərinə büdcələrini 30 faiz azaltmaq tapşırılıb. İri şəhərlərin büdcələrinin 25 faiz azaldılması nəzərdə tutulur. Prezident Administrasiyasından gələn məxfi tapşırığa görə, büdcə qənaəti ixtisar adı olmadan aparılmalıdır.

 Füzuli, Zərdab, Ucar, Göyçay, Quba kimi rayonların icra hakimlərinin də mərhələli şəkildə işdən çıxarılması nəzərdə tutulur. orta hesabla hər bir rayon icra hakimiyyəti strukturlarında çalışan yüzlərlə dövlət qulluqçusu işini itirəcək.

Azərbaycan hökuməti mürəkkəb iqtisadi vəziyyətdən çıxmaq üçün müxtəlif qənaət yollarına can atır. Hakimiyyət pensiya yaşının artırılması ilə bağlı prosesə hazırlaşmaqla bərabər, dövlət orqanlarında çalışan yaşı 60-ı keçmiş dövlət qulluqçularını ixtisar etməyi planlaşdırır.

İcra hakimiyyətlərində komputeri bilməyən, sms oxumağı bacarmayan, sosial şəbəkələrdən uzaqda olan əli qırışlı, qocalmış, pensiya yaşında məmurlar işləyir.Onlar dövlət başçısının siyasi-iqtisadi reformalarına maneçilik törədir və islahatların tempinə uyğunlaşa bilmirlər.

Azərbaycanda icra hakimiyyəti strukturlarının səmərəsiz fəaliyyəti ölkə rəhbərliyi tərəfindən də bəyan olundu. Bu illər ərzində rayon icra hakimiyyətləri mərkəzi hakimiyyətin verdiyi dəstəyin qarşılığında etimadı doğrultmadığı sübuta yetirildi.

Prezident İlham Əliyevin icra hakimlərindən yeni tələbi də məhz səmərəsiz fəaliyyətlərini düzgün istiqamətə yönləndirməyə hesablanıb.

İcra başçıları xarici investorları ölkəyə cəlb etmək üçün səfərbər olunacaq. Doğrudur, bir çox icra hakimiyyəti rəhbərlərinin potensialı və qabiliyyəti bu işi reallaşdırmağa yetərli deyil.

Amma ölkə başçısının tələbi həm də onları sınaqdan keçirmək üçün yaxşı strategiyadır. Çünki büdcə talanı və sahibkarların incidilməsindən savayı işi olmayan bəzi icra hakimlərinin əl-qolunu çırmalayıb investor axtarışına çıxması özünü təsdiqləmə mexanizmidir.ulus.az

Paylaş