Məmmədovlar sülaləsinin nəzarətində bir əmlak və biznes belə saxlanmır
Nəqliyyat sistemini darmadağın etmiş və milyonları hava sovurmuş bir ailə artıq süqut etməkdədir.
Bakıda məşhur KFC restoranlarını yönəldən «AFK» şirkətinin sahibliyi də onların əlindən çıxıb. Hazırda «Gilan Holding» bu şirkəti özünün pərakəndə biznes üzrə törəmə qurumlarından birinə aid edir.
«Gilan Holding» şirkətlər qrupu korporativ saytını qismən yeniləyərək, ticarət və ictimai iaşə sektorunda fəaliyyət göstərən bir neçə müəssisəni bir arada təqdim edib. Onların arasında «AFK» MMC də var.
Bunadək «AFK» MMC-ni (VÖEN 1701109091) «Qarant Holdinq» MMC öz biznes portfelinə daxil edirdi.
Holdinq bir müddət bundan öncə kredit öhdəliklərini vaxtında icra etməklə bağlı problemlə üzləşmişdi və iş məhkəməyə qədər gedib çıxmışdı.
Keçmiş nəqliyyat nazirinin oğlu Anar Məmmədov atasının hesabına qurduğu biznesi itirməkdədir. Atası vəzifəsini itirən kimi nazir oğlu da müflisləşdirilir.
Bu o deməkdir ki, heç də Anar Məmmədov uğurlu və müstəqil karyera qurmayıb. Ziya Məmmədovun xalqdan oğurladığı pullardan qurulan biznes isə bir gün başqalarına qismət olur.
Prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib. İki nazirliyin əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.
Prezidentin digər sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib. Hələ ötən ildən Nəqliyyat Nazirliyinin bir çox səlahiyyətləri alınmışdı.
O, zamandan nazirliyin ləğv olunacağı və ya digər nazirliyə birləşdiriləcəyi haqqında məlumatlar yayılırdı. Əslində bu sərəncam heç də gözlənilməz olmadı.
Ancaq Nəqliyyat Nazirliyi ləğv eidldikdən sonra Ziya Məmmədovun yeni yaradılacaq nazirliyə rəhbər təyin olunacağı gözlənilirdi. Sabiq nazirin bu ümidləri də suya düşdü.
Bir müddət öncə Ziya Məmmədovun sahibi olduğu “Garant Holding”in də daşınmaz əmlaklarının satışa çıxırıldığı haqqında informasiyalar yayıldı.
Artıq Məmmədovların “biznes imperiyası” tənəzzül dövrünü yaşayırdı. Ziya Məmmədov artıq nazir deyil və demək olar ki, heç bir təsir imkanları qalmayıb. Bu baxımdan Nəqliyyat Nazirliyinin ləğv olunması təkcə Ziya Məmmədovun işsiz qalması anlamına gəlməyəcək.
Yaxın günlərdə Ziya Məmmədovun “kurasiyasında” olan icra başçıları da vəzifələrindən kənarlaşdırılacaq. Çünki Ziya Məmmədov artıq öz icra başçılarını qorumaq gücündə deyil.