Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Vaqif Aliyev özünün və rəisi Elman Məmmədov barəsində yayımlanmış xəbərlərimizə təkzib məktubu göndərib. Qarşı tərəfin mövqeyinə hörmətlə yanaşaraq, təkzib məktubunu olduğu kimi yayımlaırıq:

Həqiqətə yaxınlaşmaq həqiqətin özü qədər aydın görünür.

Hörmətli Ulus.az.

Əvvəlcə etik normaları, insani keyfiyyətləri əsas tutaraq bütün əməkdaşlarınızı salamlayır, üzvü olduğum bir kollektivin – Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin haqqında səsləndirdiyiniz fikirlərə münasibət bildirmək istəyirəm. Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016 – cı il tarixli “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Sərəncamına uyğun olaraq yaradılmışdır. Kürdəmir, Füzuli, İmişli, Beyləqan və Xocavənd rayonlarını özündə birləşdirən idarə böyük bir regionu əhatə edir.

Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi və onun rəhbərliyi bu gün dövlətə və dövlətçiliyə sədaqət hissi nümayiş etdirməklə, dahi Üzeyirin, əvəzsiz Bülbülün, Xan Şuşinksinin və yüzlərlə sənət fədaisinin Azərbaycan mədəniyyətində açdığı cığırlarlara addımlamağa, gündəlik fəaliyyətində mədəni dəyərlərimizi təbliğ etməyə çalışır. Idarə rəhbərliyi Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olan qurum olaraq regionda dövlətin mədəniyyət siyasətini uğurla həyata keçirir.

Saytınızın 05.06.2017 – ci ildə dərc etdiyi “Nazirin Kürdəmirdəki kadrının ilginc dosyesi: Konsertdən qaçışın təfərrüatları” başlıqlı yazı ciddi faktlara söykənməyən, bəzən işə planetlərarası məsafə qədər həqiqətdən uzaq olan “faktlarla” yüklənmişdir. İş olan yerdə nöqsanlar olmaya bilməz. Nöqsanın özünü də işin içərisində axtarmaq lazımdır.

Məlumat üçün bildiririk ki, idarənin rəisi Elman Məmmədov iki on ildən çox müddətdə mədəniyyət sahəsində əmək sərf etmiş bir şəxsdir. Əslən Füzuli rayonundan olan E.Məmmədov müharibə veteranı olmaqla məcburi köçkünlüyün ağrı – acısını dadmış insandır. İş keyfiyyətlərinə, idarəçilik qabiliyyətinə görə nazir Əbülfəs Qarayev tərəfindən bu vəzifəyə təyin olunmuşdur. Ötən dövrdə idarənin fəaliyyətinə nəzər saldıqda bu təyinatın uğurlu və ədalətli olduğu aydın görünür. Düzü, mənim idarə rəisinin vəkili rolunda çıxış etmək və müxtəlif bəhanələrlə “həqiqətləri” inkar etmək fikrim yoxdur. Hesab edirəm ki, Elman müəllimin özünün də buna ehtiyacı yoxdur. Amma, kifayət qədər demokratik və humanist bir insanı tənqidçi medianı boğmağa çalışan bir qüvvə kimi təqdim etməyiniz başa düşülən deyildir?

Kifayət qədər savadlı və idarəçilik üslübü ilə seçilən E.Məmmədov işlədiyimiz dövrdə heç vaxt yazıda qeyd edildiyi kimi “mənə heç kim bata bilməz” tonunda çıxış etməmiş, kollektiv üzvlərinin hər birinin ən yaxın dostu, tələbkar rəhbəri olmağı bacarmışdır. Qaldı ki, haqqında söhbət gedən konsertə, 7 may 2017 – ci il tarixdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94 – cü ildönümünə həsr edilmiş bu böyük tədbir ATV telekanalı ilə Kürdəmir rayon İcra Hakimiyyətinin birgə layihəsi idi. Həmin tədbirdə minlərlə kürdəmirlilər sırasında Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin bütün əməkdaşları da iştirak etmişlər.

Tədbirdə Elman Məmmədovun və bu yazının müəllifinin iştirak etməməsi isə özünü doğruldan faktlar sırasına yazıla bilməz. Axı, minlərlə insanın tamaşaçısı olduğu bir tədbirdə hamı ön sırada əyləşə bilməzdi ki?… Hamı şahiddir ki, idarə rəisi E.Məmmədov idarənin kollektivi ilə konsertin tamaşaçıları sırasında dayanıb və tədbiri izləyib.

Düzü, deyəsən “vəkil” rolunda çıxış etdim. Üç tanınmış təhsil müəssisənin – üç akademiyanın məzunu olmuş cənab Elman Məmmədovun vəkilə ehtiyac duyduğu hiss olunmur. Odur ki, qayıdıram yazıda mənim haqqımda səsləndirilən fikirlərə. Məlumat üçün bildirmək istəyirəm ki, mənim tərbiyə aldığım mühit və şəxsi keyfiyyətlərim imkan verməz ki, insanların heysiyyətinə toxunan, onların əsassız bəhanələrlə incidilməsinə yönəlmiş hərəkətlərə yol verim. Yazıda mənim Kürdəmirdə ixtisarların qarşısını aldığım, İmişli və Xocavənd rayonlarına “qənim kəsildiyim” iddia olunur.

Əslində məsələnin mahiyyəti belədir. 2013 – 2014 – cü illərdə Maliyyə Nazirliyi tərəfindən monitorinqlər aparılarkən məqsəd mədəniyyət sahəsinin lüzumsuz yüklərdən, istifadə edilməyən ştatlardan təmizlənməsi, çevik idarəetmə strukturunun yaradılması, optimallaşdır-ma yolu ilə mədəni – maarif müəssisələrinin sağlamlaşdırılması tədbirlərinin həyata keçirilməsi idi. Monitorinqlər aparılarkən Füzuli və Kürdəmir rayonlarında bu məsələyə çevik reaksiya göstərilmiş, qısa müddətdə monitorinqlərin tələbləri hər iki rayonda tam yerinə yetirilmişdir. Bircə faktı göstərmək istəyirəm ki, 2013-cü ildə Kürdəmirdə 64 kitabxana fəaliyyət göstərirdisə bu gün 47 kitabxana rayon əhalisinə mədəni xidmət göstərir.

İmişli və Xocavənd rayonlarında ixtisarlar aparılmır, sadəcə 2014–cü ildə monitorinqlərin nəticələrinin icrası istiqamətində gecikmiş tədbirlər bu gün həyata keçirilir. Məqsəd insanları ixtisar etmək yox, onların iş şəraitini yaxşılaşdırmaq, müəssisələrin normal iş ahənginin bərpası istiqamətində sağlamlaşdırıcı tədbirlər həyata keçirməkdir. Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları regionun əhatə etdiyi rayonlara ezam edilərkən mədəniyyət sahəsində islahatların sürətləndirilməsinə xidmət edən təkliflərlə çıxış edirlər.

2017 – ci ildə Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin rəhbərliyi ilə həyata keçirilən qlobal mədəniyyət siyasəti nəinki ölkəmizdə, eləcə də dünyada rezonans doğur-muşdur. İlin beş ayı ərzində regionlarda da mədəni – kütləvi tədbirlər keyfiyyət və kəmiyyətcə tam yenilənmiş, islahatlar çərçivəsində tədbirlər həyata keçirilməklə rayonlarımızın mədəni həyatı zənginləşdirilmişdir.

Hörmətli Ulus.az, bir məsələyə də münasibət bildirmək istəyirəm ki, idarəyə dövlət qullu-ğuna qəbul edilən şəxslər əvvəllərdə də bu sahədə uzun illər çalışmış və zəngin təcrübəyə malik şəxslərdir. Qaldı ki, mənim idarə rəisi E.Məmmədovun “sağ əli” olmağıma, hesab edirəm ki, tutduğum vəzifə, “Dövlət qulluğu haqqında Qanun” və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri baxımından da idarə rəisinin ən yaxın köməkçisi və silahdaşı mən olmalı, idarəçilik sahəsində uzun illər əldə etdiyi təcrübəni xəsislik etmədən xərcləməliyəm.

Mənə – məcburi köçkünlərin və şəhid ailələrinin ağrılarını duyan, bu bəşəri dərd – səri özününküləşdirməyi bacaran, təvazökarlıq və insanlıq naminə Ulu Tanrı məqamında “sağ əlin verdiyini sol əl bilməməlidir” islam fəlsəfəsini əsas tutan, cəmiyyətin ağrı – acıları ilə bağlı iç hisslərini “Xocalı göyərçinləri” adlı kitabında bölüşməyə çalışan, daim şəhid və məcburi köçkün ailələri ilə təmasda olan ziyalını bu qədər israrla “qəssab baltasının sahibi” kimi, bürokratik idarəçilik üslubuna “malik” bir şəxs kimi cəmiyyətə “tanıtmaq” hansı ədalətə yaxındır, bilmirəm? Yazı müəllifi ilə təxminən bir il öncə tanış olmuşuq, şəxsiyyətinə və qələminə, obyektivliyinə şübhə etmirəm. İnanıram ki, müəllif səmimi hisslərimizi bölüşmək, məsələlərə eyni prizmadan baxmaq, əldə olunmuş faktları qərəzsiz və aşkarcasına təhlil etmək üçün vaxt ayırmağa, müzakirə masasında əyləşcəyimizə imkan tapacaqdır. Yəqin ki, o zaman biz informasiyaları bir daha təhlil edəcəyik.

Onun da ağrı – acılarını dərk edir, bütün şəhid övladılarımızın, o cümlədən onun qardaşının da müqəddəs ruhu qarşısında diz çökür, Vətən torpağını öpür və şəhid ruhlarına əbədi ehtiram göstərirəm.

Bələd olanlar bilir ki, 1988- 1993 – cü illərin köçkün karvanlarından neçə – neçə ailə ilə təmas qurmuş, şəxsi həyətimdə və iş yerimdə onlara məkan ayırmış, maddi və mənəvi dəstək olmağa çalışmışam. İçimdə məcburi köçkün qohumum şəhid Milli Qəhrəman Elnur Nuriyevin, Murovda qəhrəmancasına şəhid olmuş Müşfiqimin, aprel döyüşlərinin qəhəmanlarından olan şəhid pilot Əbu Bəkr balamın və onlarla özümünkü hesab etdiyim, doğma balam qədər sevdiyim şəhid övladılarımın dərdini, ağrılarını özümünküləşdirməyə çalışmışam.

Bələd olanlar bilir ki, elin, Vətənin dərdi mənimkidir. Məndən şəhid və məcburi köçkün ailələrinə “problemlər” yaşadan bir bürokrat məmur obrazının oxşarı çıxmaz, əzizlərim. Axı, hər dövlət qulluqçusunun sinəsi altında Vətənlə, xalqla döyünən bir ürək yatır.

Müəllifin bəzi fikirləri əslində müsbət təbliğati xarakter daşıyır. Həqiqətən də “Kürdəmirdə Emin İbrahimov, Vaqif Alıyev, Altay və Elman Məmmədov dördlüyü öz istəklərini reallaşdırırlar” – mədəniyyətə, xalqa, mədəni dəyərlərə böyük dəyər verərək Kürdəmir mədəniyyətinin inkişafı naminə çalışır, əmək sərf edirlər. Bu isə bizim vəzifə borcumuzdur.

Azad mediaya, demokratik idarəçilik prinsiplərinə uyğun olaraq, “Kütləvi informasiya vasitələri haqqında Qanuna” əsasən mətbuatda hər bir məlumatın ictimailəşdirilməsinə zəruri ehtiyac var. Ən yaxşı haldır ki, saytınız qarşı tərəflərin mövqeyini və fikirlərini dərc etməyə hazır olduğunu daim bəyan edir. Bu isə qərəzsizlikdən və obyektivlikdən xəbər verir. İnsanların fikirlərini dinləmək özü bu ağrılı dünyamızda böyük qəhrəmanlıqdır. Bu qəhrəmanlığı göstərəcəyinizə və fikirlərimizi bölüşəcəynizə inam hissi ilə yazını yekunlaşdırıram.

Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin hər bir uğurunu özümünkü hesab edir, haqlı iradı, qərəzsiz yazıları səmimi qarşılayıram. Hesab edirəm ki, yuxarıda adı göstərilən yazıda rənglər çox tündləşdirilib. Yazının müəllifini və saytınızın bütün əməkdaşlarını hadisələrə daha yaxından və həssaslıqla yanaşmağa çağırır, Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin fəaliyyətinin uğurlu tərəflərini də əks etdirməyə səsləyirəm.
Həqiqətə yaxınlaşmaq həqiqətin özü qədər aydın görünür- deyiblər.

Qələmə və həqiqətə böyük ehtiramla: Vaqif Alıyev, Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini.
Əlaqə telefonu: 05036652XX
P.S: Yazıda tez- tez bələd olanlar bilir ki, ifadəsi işlətdim. Bəli, gəlin bir – birimizə bələd olaq, məsələləri obyektiv və qərəzsiz müzakirə edək, ədalət və mərhəmət hisslərindən uzaq olmayaq, ey insanlar !

Paylaş