İCMAL.az xəbər verir ki, çimərlik mövsümünün rəsmi şəkildə açılmamasına baxmayaraq bəzi “iş adamları” havaların isti keçməsindən sui istifadə etməkdədirlər. Demək olar ki, Novxanı ərzisində dənizkənarı bütün istiqamətlər qanuni və ya qeyri-qanuni şəkildə hasarlanıb, sadə vətəndaşların üzünə bağlanıb.
Problemin daha bir tərəfi isə göstərilən xidmət, qoyulan qiymət və müştərilərə olan münasibətlə bağlıdır. Redaksiyamıza müraciət edən 65 yaşlı şikayətçi sözün əsl mənasında Novxanıda yerləşən “DOSTLUQ” ailəvi istirahət mərkəzində şok yaşadıqlarını, ailəvi olaraq stress keçirdiklərini qeyd edib. Şikayətçinin sözlərinə görə 3 manata danışdıqları çayı 5 manata gətiriblər, üstəgəl sıfır səviyyəsində olan qulluğa görə servis pulu alıblar. Şikayətçi qeyd edir ki, məsələ pulda deyil, söhbət 18 manat hesabdan getmir. Söhbət dolandırıcılıqdan, yanaşmadan, sui istifadədən gedir. 65 yaşlı ziyalı bu barədə restoran rəhbərliyinə məlumat verir, bunun düzgün olmadığını, ölkə rəhbərliyinin iradəsinə, tapşırıqlarına zidd olduğunu, turizmin inkişafına xələl gətirdiyini deyib. Olan elə bundan sonra olub. Bir neçə şəxs 65 yaşlı ziyalını “vorzakon” formatında söhbətə cəlb ediblər. Yanında ailəsinin, övladının, nəvələrinin olmasına əhəmiyyət verməyərək küçə söyüşləri ilə təhqir edib, hədələyiblər.
İCMAL.az olaraq biz yaxın günlərdə Novxanıda yerləşən “DOSTLUQ” ailəvi istirahət mərkəzində baş verən daha bir biabırçı olay haqqında yazı dərc edəcəyik. Bundan başqa bu obyektin kimə məxsus olduğu, arxasında hansı məmurun dayandığını oxucularımızın diqqətinə çatdıracağıq.