Bərdə rayon İcra Hakimiyyətinin (RİH) Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zaur Bəylərov insanları yaşamağa qoymur
Özünüidarəetmə gestaposu yaratmış şöbə müdiri camaatın günün qara edib. Onun əlindən bərdəlilər şəhərdən baş götürüb qaçmaq məcburiyyəti ilə üzləşib.
Yerli icra nümayəndələri və bələdiyyələr Z.Bəylərovun əlindən təngə gəliblər.
Bu dəfə RİH rəsmisi onların boynuna qoyun yunu gətirmək borcu qoyub. Z.Bəylərov hər icra nümayəndəsindən 200 kilo qoyun yunu gətirməyi tələb edib.
Təqribən 20 tona yaxın yunun nə üçün istifadə ediləcəyi də heyrətamizdir. Guya Bakıdan – mərkəzi dairələrdən göstəriş gəlib.
Z.Bəylərov yerli məmurlara bildirib ki, PA-da övladına toy edəcək məmurlardan birinə cehiz olaraq qoyun yunu göndəriləcək. Bu baxımdan hər icra nümayəndəsi və bələdiyyələrdən yorğan-döşək hazırlamaq üçün 200 kilo yun gətirməlidir.
Təbii ki, hansısa yüksək rütbəli məmurun belə bir tələb irəli sürməsi nağıldır. Məlumatda deyilir ki, Z.Bəylərov icra nümayəndələrini soymaq üçün bu fantaziyanı fikirləşib.
Şöbə müdiri məmurlara deyir ki, dövlətdən dotasiya kəsilib, nə etməli, pulyığma kampaniyaları həyata keçirilməlidir.
Z.Bəylərov rayon rəhbərliyinin ümumi siyasətinə qarşı gedərək icra nümayəndələrini və bələdiyyələri hökumətin üstünə qaldırır.
Onlardan hər ay pul yığan şöbə müdirinin barəsində prezidentə müraciət hazırlanır. Dövlət başçısına məmurlar tərəfindən təqdim olunacaq dosyedə Z.Bəylərovun əməlləri açıqlanıb.
Onun istefası tələb edilir və artıq bələdiyyə və icra nümayəndələrini intihar həddinə çatdırdığı söylənir. Saytlarda gedən yazılara görə, Z.Bəyərov bələdiyyə və icra nümyəndələrindən hər ay müxtəlif adlarla pul alır.
Z.Bəylərov hər dəfə pul yığımından yuxarıların adından sui-istifadə edir. Məmurlar isə qorxusundan səsini çıxara bilmir.
Çünki şöbə müdiri onları təhdid edir, işdən azad etməklə hədələyir. Bu gedişlə bələdiyyə və icra nümayəndələrinin özlərinin kütləvi şəkildə istefa verəcəyi gözlənilir.
İcra nümayəndələri hər ay məcbur qalıb tələb olunan pulu vaxtında çatdırırlar, bəziləri isə işindən imtina etmək istəyəndə Z.Bəylərov onları ilişdirməklə, prokurorluğa dosye göndərməklə təhdid edir.
Yada salaq ki, Z.Bəylərov Novruz bayramında icra nümayəndələrinin başına oyun açmışdı. Onların hər biri 5 hinduşka, 50 yumurta, 10 toyuq, 5 kilo mal əti və 5 qaz-ördək Z.Bəylərovun təsərrüfatına göndərmişdi.
Guya bu ərzaq tədarükü Prezident Administrasiyasındakı rəsmilərə çatır. Zaur Bəylərov əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tərtər rayon şöbəsində müdir müavini vəzifəsində çalışmışdır.
Hətta orada işlədiyi dövrlərdə dəfələrlə rayon sakinləri tərəfindən qınaq obyektinə çevrilmişdir. Onun qardaşı Vidadi Bəylərov isə Tərtərin icra başçısının müavini vəzifəsindən çıxarılmışdı. Buna səbəb onun oğlunun maşınla bir nəfəri vurması idi. ulus.az