Gənc nəslin tərbiyəsi, onlarda milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin aşılanması ən ümdə məsələlərdən biri və prioritet olmalıdır. Sözsüz ki, öz keçmişinə biganə qalmamaq, yaşadığımız faciələrin bir daha təkrarlanmamağı üçün övladlarımıza bu hisslər təlqin edilməlidir. Yəqin ki, inkar etmərik ki, hər birimiz gənc nəslin nümayəndələri ilə tarixi keçmişimiz, qan yaddaşımızla bağlı müzakirə və paralellər aparanda, adətən, başqa xalqlar, xüsusən də bədnam qonşumuz olan ermənilərdən misal çəkməyə çalışırıq. Artıq bu faktdır ki, dünya dövlətlərinin tarixində bəlkə də ermənilər, ərazilərimiz üzərində qurulan Ermənistan dövləti kimi Azərbaycana zərbə vuran, mənfur siyasət quran ikinci bir qonşu dövlətə rast gəlinməyib. Hansı bir xalq uşaq dünyaya gələndən, ta ağlı kəsənə kimi onu başqasına qarşı düşmən obrazında tərbiyə edər? Təbii ki, heç kim. Razılaşaq ki, bu xislət yalnız ermənilərə xas olan bir xüsusiyyətdir. Düzdür, demirəm ki, bizdə gənc nəsli, övladlarımızı bu istiqamətdə və ruhda tərbiyə etməli, onları bizə qarşı olmazın faciələr, soyqırımlar yaşatmış bir xalqa qarşı yönəltməliyik. Amma məsələ ondadır ki, unutqanlıq da bir yaxşı cəhət deyil. Məsələn, illər uzunu sovet tarixşünaslığı ermənilərin yaşatdığı 1918-ci il Mart soyqırımı, daşnak-bolşevik birliyinin törətdiklərini bizə unutdurmağa çalışdı. Hətta onların dəfn olduğu ərazidə heykəllər ucaltsa da, xalqın qəlbindən həmin faciəvi hadisələri silə bilmədi. Bu səbəbdən də gənc nəslin sözdə yox, əməldə vətənpərvər əhval-ruhiyyədə böyüməsi, onların öz keçmişinə, qəhrəmanlarına sevgi ruhunda tərbiyə etmək hər bir dövlətin, onun vətəndaşının qarşıya qoyduğu prioritet vəzifə olmalıdır.

Tarix təkcə kitablarda yox, küçələrdə, abidələrdə də yaşayır

Son illər də ölkəmizdə bu sahədə ciddi proqramlar, təbliğat xarakterli tədbirlər həyata keçirilir. Təəssüf ki, nə qədər yazılsa, təbliğ olunsa da, yenə də bu sahədə müəyyən problemlər qalmaqdadır. Hətta elə hallara rast gəlirsən ki, şoka düşməyə bilmirsən. İnsanların laqeydliyinə mat-məəttəl qalırsan. Tarix təkcə kitablarda yox, küçələrdə, abidələrdə də yaşayır deyiblər. Amma təəssüf ki, hərdən elə adlar olur ki, qara ləkə kimi tarixə düşür. Ümumiyyətlə, indi də belə adla küçə, abidə gördükdə istər-istəməz təəccüblənməyə və təəssüflənməyə bilmirsən. Bu yaxınlarda rastlaşdığım küçə adı isə məni əməlli-başlı şoka saldı. Bakının Sabunçu qəsəbəsində yaşayan qohumlara qonaq gedərkən, rastlaşdığım küçə adı tək mənim deyil, məktəbli övladımın da təəccübünə səbəb oldu. 1918-ci ildə on minlərlə soydaşımızı qanına qəltan edən erməni və bolşevik cəlladlarının cəm olduğu 26 Bakı komissarının xatirəsi qəsəbədə əbədiləşdirilib. 2017-ci ildə 26 Bakı komissarının adını daşıyan küçənin hələ də mövcud olduğunu kimə desən, bəlkə də inanmaz. Baxmayaraq ki, şəhərdə Bakı komissarlarına aid bütün abidələr və adlar götürülüb, burada onların adını daşıyan küçə hələ də qalır. Hər birimiz bir vaxtlar Bakının əsas atributları sırasında olan və şəhərin mərkəzində ucaldılan 26 Bakı komissarı abidəsini yaddan çıxarmamışıq. Hətta yeni evlənən gənclərin bura andiçmə yeri də sayılırdı. SSRİ dağıldıqdan bir müddət sonra həmin abidə də götürüldü. Sabunçuda isə yerli icra nümayəndələrinin “26-lar”a sevgisi hələ də qalır. Dedim bəlkə, bu lövhə bir yerdədir, o da yaddan çıxıb qalıb. Lakin küçə boyu addımladıqca, hər tindən “26-lar” sözü ilə xeyli ünvanın rast gəldim. Özü də latın qrafikası və yeni ştampda. Və yarı yolda düşüb, həmin ərazidən yaşayan insanların mövqeyinin öyrənmək marağı mənə üstün gəldi. Lövhəni qoparmaq istəsəm də, sakinlər dedilər ki, əbəs yerə cəhd etmə. Dəfələrlə sökülsə də, yenisini yapışdırıblar. Söhbət etdiyim gənclərin əksəriyyəti bunu vaxtilə qətlə yetirilən soydaşlarımızın xatirəsi üçün təhqir hesab etdiklərini bildirdilər. Küçənin sakinləri həmin adın keçmiş sovet vaxtından qaldığını deyirlər. Sakinlərin sözlərinə görə, küçəyə tarixi şəxsiyyətlərimiz, şəhidlərimizin adı verilsə, onlar üçün qürur və şərəf olar.
Adil Vəliyev bu utancverici FAKTI GÖRMÜRMÜ? - Məsuliyyətsizlik, yoxsa biganəlik?
Rəsmi qurumlar – hərəsi bir söz deyir

Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətindən bildirdilər ki, sözügedən küçə və bir neçə digərlərinin adlarının dəyişdirilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edilib. Həmin küçənin də adı dəyişdiriləsi adlar siyahısındadır. Nazirlər Kabinetinin müvafiq qərarından sonra küçənin adı dəyişdiriləcək. Bununla bağlı NK ilə əlaqə saxladıq. Lakin NK-dən mətbuat xidmətinin rəhbəri Akif Əli bildirdi ki, rayon İH-i səhv edir. Hətta Akif müəllim məsələni NK-nin bir neçə əlaqədar şöbəsi ilə də dəqiqləşdirdi. Cavab da belə oldu ki, bu, birbaşa Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan məsələdir. BŞİH-in mətbuat xidmətinə etdiyimiz telefon zənglərinə isə həmişə olduğu kimi, cavab verən tapılmadı.

Məsələ ilə bağlı Sabunçudan olan millət vəkili Fazil Mustafanın fikirlərini öyrənməyə çalışdıq. Millət vəkili buna bənzər məsələlərin dəfələrlə həm parlamentdə, həm də müxtəlif icra strukturları qarşısında qaldırdıqlarını bildirdi. O, qeyd etdi ki, həmin küçənin sakinləri onun seçiciləri olmasa da, məsələni nəzarətdə saxlayacaq. Millət vəkili bunun yolverilməz olduğunu bildirdi və konkret misal da çəkdi: “Türkiyədə belə bir kommunist siyasətçi olub – Mustafa Sübhi. Onu səhv etmirəmsə, ya öldürüblər, ya da ki, dənizdə boğulub. Türkiyədə onun ümumiyyətlə, fəaliyyəti yasaq olunub. Bizdə isə hələ bu adda küçə var”.
Adil Vəliyev bu utancverici FAKTI GÖRMÜRMÜ? - Məsuliyyətsizlik, yoxsa biganəlik?
Bəs ictimai fəallıq hanı?

Öz növbəsində, görkəmli ziyalımız, şair, bir vaxtlar Toponimika Komissiyasının üzvü olmuş Sabir Rüstəmxanlı hesab edir ki, bu adda küçə çoxdan silinməli idi. “Azərbaycan xalqının düşməni olan daşnak-bolşeviklərə Bakıda küçənin qalması yolverilməzdir. Həmin qüvvələr Bakıda o vaxtlar törədilən bütün qırğınların baiskarı olublar. İndi bu adda belə bir küçənin qalması məndə qəzəb doğurur. O küçədə yaşayan insanlar həmin lövhəni çoxdan çıxarıb atmalı idilər. Həmin rayonun rəhbərliyi məsələyə qarışıb, o lövhəni oradan çıxarmalıdır”. Sabiq deputat da bildirir ki, küçə adlarının dəyişdirilməsi məsələsinə Nazirlər Kabineti deyil, BŞİH baxır: “Vaxtilə mən küçə adlarının dəyişdirilməsi ilə bağlı komissiyanın üzvü olmuşam”. Millət vəkili vaxtilə buna bənzər bir hadisə ilə üzləşdiyini də bildirib: “Yazıçılar İttifaqı yeni ünvana köçürüləndə küçə erməni Kununyansın adına idi. Təsəvvür edin, Yazıçılar İttifaqı bütün dünyaya kitab yayır. Amma yerləşdiyi küçə erməninin adını daşıyır. O zaman uşaqlara dedim, bir gecədə həmin lövhələri söküb dağıtdılar. Binanın fasadı Natəvanın heykəlinə tərəf açılırdı deyə, “Natəvan döngəsi 1” adlandırıldı. Bununla bağlı müvafiq quruma müraciət etdim və ad da dəyişdirildi. Camaatımız özü də aktiv olmalıdır, bəs ictimai fəallıq hanı? İnandırım sizi ki, həmin küçədə yaşayan insanların bir çoxunun babaları, nəslindən olan kimsə Mart hadisələrində zərər çəkib, faciənin qurbanları olublar. Hesab edirəm ki, burada problem həmin insanların tarixi bilgilərinin olmamağındadır”.

S.Rüstəmxanlı kommunist dövrü partiya xadimlərinin adlarının əbədiləşdirilməsi, onların barelyefinin qorunub saxlanılması məsələsinə də toxunub: “Mən onların tələm-tələsik götürülməsinə qarşıyam. Bütün tarixi də məhv eləmək düzgün deyil. Elə şeylər var ki, onlar qalmalıdır. Hər gələn özündən əvvəlkinin inkar eləsə, onda dünyada tarix qalmaz. Rusiyada müxtəlif dövlətlərin tarixi şəxsiyyətlərinin heykəlləri qalır. Ancaq o adamın ki, Azərbaycanın tarixində, işğalında, kütləvi qırğınlarda əli var – onlar vətən xainidir və adları əbədiləşdirilə bilməz”.

S.Rüstəmxanlı maraqlı bir məsələyə də toxundu: “Bir şeyi də qeyd etmək lazımdır ki, götürülən barelyef və yaxud heykəllər kimimsə zəhmətinin məhsuldur. Həmin götürülən heykəllərdən ibarət bir park düzəltmək olardı. Tələm-tələsik onları məhv etmək də düzgün deyildi. Çünki, onların içində sözün əsl mənasında sənət əsərləri, heykəllər var. Məsələn, XI Qızıl Orduya qoyulan abidə daha çox Bakı fəhləsinə qoyulan abidəyə oxşayır və onu saxlamaq olardı. Ordu sözünü oradan silib başqa yerə qoymaq olardı. Yaxud 26-lar bağındakı heykəl də belə idi. O, Bakı fəhləsinin abidəsi idi, Şaumyanın abidəsi deyildi. Onu sökəndə 26-ların meyitləri çıxarıldı və bəlli oldu ki, heç Şaumyan meyiti orda yoxdur.

Adil Vəliyev bu utancverici FAKTI GÖRMÜRMÜ?

“Yaxşı ki, boyun çatmayıb…”

Məsələ ilə bağlı parlamentin Regional məsələlər komitəsinin üzvü, millət vəkili Fəzail İbrahimliyə müraciət etdim. O, küçə adlarının dəyişdirilməsinin onların yox, BŞİH-in səlahiyyətində olduğunu bildirdi: “Bu məsələ bizim səlahiyyətlərdən kənardır. Amma bu və buna bənzər adlar mütləq dəyişdirilməlidir. Bolşevik adları daşıyan küçələr təmizlənməlidir. Aidiyyəti qurumlar bu məsələdə diqqətli olmalı, məsələyə kifayət dərə ciddi yanaşmalıdırlar. Hesab edirəm ki, hərə öz işi ilə məşğul olmalıdır. Bunlar millətin kürəyinə taxılan xəncərdir”. Fəzail müəllimə bildirdim ki, həmin lövhəni oradan qoparmağa çalışsam da, boyum çatmadı. Onun cavabı isə belə oldu: “Yaxşı ki, boyun çatmayıb, bunu etsəydin, sənin haqqında cinayət işi açardılar”.

Milli Məclisin üzvü, ədəbiyyatşünas Nizami Cəfərov da “26-lar”ın və Azərbaycanın müstəqilliyinə qarşı çıxmış bolşeviklərin adının küçələrdən yığışdırılmasının vacib olduğunu bildirdi: “Elə küçə adları var ki, 20 il bundan qabaq dəyişdirilib, elələri də var ki, indi dəyişdirilir. Bolşeviklər xalqımız üçün, vətənimiz üçün hansısa məqamda lazımi cəsarəti göstərməyiblər. Nəriman Nərimanov da Sovet İttifaqına xidmət edib. Azərbaycanın ilk kommunist başçısı olub. Amma Nəriman Nərimanovun apardığı mübarizəni bilirik. O, Azərbaycan mədəniyyətinə yazıçı, dramaturq kimi böyük xidmətlər göstərib. Kommunist olsa da, ermənilərə qarşı mübarizə aparıb”.

Beləliklə, xalqımızın tarixinə ən qanlı hadisələrdən birini törətmiş “26”ların adını daşıyan küçənin qalması nədən xəbər verir?

Bu, ilk növbədə tarix boyu xalqımızın ən mənfi cəhətlərindən biri olan unutqanlığımızı, biganəliyimizi, ətrafda baş verənlərə soyuqluğumuzu üzə çıxarır. Bir tərəfdən, həmin qırğını törədənlərin iç üzünü açır, faciəni dünya miqyasına çıxardırıq, digər tərəfdən, onların adını daşıyanların xatirəsini əbədiləşdiririk. Ümid etmək olar ki, on minlərlə soydaşımızın qətlində əli olduğu sübuta yetirilən 26 Bakı komissarlarının adını daşıyan küçənin adı tez bir zamanda dəyişdiriləcək.
“Kaspi” qəzeti

Paylaş