Cəlilabad rayonunun Közbulaq kənd sakini Orduyev Zəkəriyyə Seyfulla oğlu redaksiyamıza şikayət ərizəsi ilə müraciət etmişdir… Onunla elə yaşadığı kənddə görüşüb başına gələnlərin nə dərəcədə həqiqət olduğunu öyrənməyə çalışdıq. Şikayətçi deyir:
-2012-ci ildə boğazima infeksiya düşmüşdü. Öz ayağımla Qara Qarayev adına xəstəxanaya getdim. Xəstəxanada mənə bildirdilər ki, başımda meningit var. Onurğamdan ilik çəkdilər, komaya düşdüm. Ayılanda ayağımda heç bir hissiyyat yox idi. Ayaqlarım işləmirdi. Həkim bildirdi ki, 5-10 gün ərzində düzələcək. 3 ay orda yatdım. Lakin 3 ay ərzində ayaqlarım açılmadı. Xəstəxanada yatdığım müddətdə müalicəm üçün lazım olan dərmanları da özümə aldırdılar. Diaqnozumu səhv qoymuşdular. Bunu sonradan öyrəndim… Öyrəndim ki, mənim belimdə minilit xəstəliyi var imiş. Xəstəxanada yatdığım müddətdə 1 dəfə də olsun məni «MRT» etmədilər.
-Bəs bu vəziyyətdə xəstəxanadan necə çıxdınız?
-Mənə ərizə yazdırdılar ki, özüm öz xahişimlə çıxıram. Qalmağımın mənası da yox idi. Həm maddi durumum buna imkan vermirdi. Səhv müalicənin nəticəsində artıq ayaqlarım şikəst olmuşdu.
-Sonradan sizinlə maraqlanan oldumu?
-Xeyr… Hətta mənim müalicəm üçün İrana gedəcəyimi eşidib bildirdilər ki, İrana getsən səni 2-ci dəfə bu xəstəxanaya qəbul etməyəcəyik. Getdim və İranda bildim ki, mənə Bakıda diaqnozu səhv qoyublar. 5ildir müalicə olunuram. Güclü iynə- dərmanların təsiri nəticəsində bir böyrəyimi də itirmişəm.
-Hal-hazırda müalicə olunursunuz?
-Xeyr… Müalicə olunmağa maddi imkanım yoxdur.
-Ailəniz neçə nəfərdən ibarətdir? Və ailə üzvlərinizdən işləyəni varmi?
Əlilin həyat yoldaşı:
-Ailəmiz 3 nəfərdən ibarətdir. Yoldaşım, mən və azyaşlı qızım. Yoldaşım əlil olduğuna görə onu evdə baxımsız qoyub işə gedə bilmirəm. Ona baxıram. Yoldaşım 140 manat pensiya alır. Pensiya kartı ilə bankdan əməliyyat olunmaq ücun pul götürmüşdük. Pulu yataq yarasından əməliyyat olunmaq ücün götürmüşdüm. O kart da hal-hazırda bankdadır.
-Bəs necə dolanırsınız?
-Yaşlı qaynatam fəhlə işləyir. Yaşadığımız ev göz önündədir. Taxtadan, qutulardan düzəltdiyimiz damsız-bacasız evdə yaşayırıq.
-Kimdən kömək istəyirsiniz?
-Mən ölkəmizin rəhbəri cənab İlham Əliyevdən, 1-ci vitse-prezident Mehriban xanım Əliyevadan kömək istəyirəm. Mən eşitmişəm ki, Mehriban xanım çox ailələrə köməklik edir. Xahiş edirəm mənim yoldaşıma da kömək etsinlər, ayağa qalxsın. Artıq onun necə ağrılar çəkdiyini görməyə dözə bilmirəm. Mən çarəsiz və acizəm. Azərbaycanımızın xeyirxah qızlarından, oğlanlarından kömək istəyirəm.
***
Əlilin azyaşlı qızı müraciətini göz yaşı tökərək etdi:
-Xahiş edirəm, əmilər, xalalar, bacılar mənim atama köməklik etsinlər. Mən də istəyirəm ki, məni məktəbə atam aparsın. Mən uşaqların atalarının əlindən necə tutub məktəbdən çıxdıqlarına həsrətlə baxmaq istəmirəm. İstəyirəm atam məni gəzməyə aparsın. İstəyirəm ki, atam əlil arabası ilə gəzdirilməsin, bu mənim ən böyük arzumdur. Çox istəyirəm Allah və Allahı sevən insanlar mənim arzumu həyata keçirtsinlər. Xahiş edirəm atama kömək edin…
***
Biz də inanırıq ki, xeyirxah və mərhəmətli insanlar bu ailəyə kömək edəcəklər. \\tezadlar.az\\