YAP-çı deputat Elman Nəsirov jurnalist Əfqan Muxtarlının Tbilisidən oğurlanıb Bakıda həbsxanaya göndərilməsinə bildirdiyi münasibətlə Azərbaycan hakimiyyətinin başını əməllicə dərdə salıb. E.Nəsirov bu hadisə ilə bağlı danışarkən demişdi ki, Ə.Muxtarlının həbsi Azərbaycan və Gürcüstan xüsusi xidmət orqanlarının birgə əməliyyatının nəticəsidir. Guya, Azərbaycan tərəfi Gürcüstandan rəsmi qaydada Ə.Muxtarlının həbs edilib ekstradisiya olunmasını istəsəydi, beynəlxalq təşkilatlar buna imkan verməyəcəkdi. Buna görə də iki ölkənin xüsusi xidmət orqanları əməliyyat keçirərək onu həbs edib. Bu, E.Nəsirovun yanaşması idi.
YAP-çı deputatın belə gözləniləməz açıqlaması, əslində hakimiyyətin Əfqan Muxtarlı olayında ifşa edilməsiydi. Çünki Azərbaycan tərəfin yaydığı rəsmi məlumatda Ə.Muxtarlının guya sərhədi pozmaq istəyərkən saxlandığı və üzrəindən 10 min avro tapıldığı iddia olunurdu. YAP-çı deputat isə cəmiyyətin onsuz da həqiqət olmadığını bildiyi bu rəsmi iddianı darmadağın etdi. Buna görə də onun açıqlaması xeyli rezonans doğurdu. Hətta müxalifət düşərgəsindən AXCP sədri Əli Kərimli YAP-çı deputatın bu sölərinə görə qorunmalı olduğunu yazdı. Yeri gəlmişkən, görünür, əbəs yerə yox. Bu barədə ən sonda.
E.Nəsirovun açıqlaması Gürcüstan və Azərbaycan hökuməti arasında dərhal gərginlik yaratdı. İlk etiraz da Gürcüstan tərəfdən gəldi. Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti YAP-çı deputatın dediklərini təkzib etdi və bildirdi ki, Əfqan Muxtarlının saxlanılması ilə onların heç bir əlaqəsi yoxdur.
Lakin görünür, Gürcüstan tərəfi öz təkzibi ilə kifayətlənməyib və rəsmi Bakıdan da deputatı inkar etməyi gözləyib. Odur ki, əvvəlcə deputatın özünə dediklərini inkar etdirdilər. E.Nəsirov əvvəlki məlum açıqlamasından bir neçə gün sonra dediklərinə düzəliş xarakteri bir şərh dərc etdirməyə məcbur oldu.
Bu gün isə Azərbaycanın Baş Prokurorluğu xüsusi bəyanat yaymalı olub. Bəyanatda deyilir ki, Əfqan Muxtarlını Azərbaycan və Gürcüstan xüsusi xidmət oraqnlarının birgə əməliyyatla həbs etdiyi haqda deputat Elman Nəsirovun verdiyi informasiyalar həqiqəti əks etdirmir: “Bəyan edirik ki, Azərbaycan hüquq mühafizə orqanları Gürcüstan xüsusi xidmət və digər hüquq mühafizə orqanları ilə Ə.Muxtarlının tutulması ilə bağlı əməkdaşlıq etməyib və bu barədə Gürcüstan tərəfinə hər hansı müraciət olunmayıb”. Baş Prokurorluq bunun ardınca Ə.Muxtarlının həbsi barədə əvvəlki rəsmi iddianı təkrarlayır.
Daxil olan bəzi məlumatlara görə, deputatın bu “işləri korlayan” açıqlaması hakimiyyətin yuxarı qatlarında elə hiddət doğurub ki, onu necə deyərlər, mafiya qaydası ilə cəzalandırıblar da. İddialara görə, E.Nəsirovu hüquq-mühafizə orqanlarına çağıraraq, verdiyi açıqlamanın hansı fəsadlar doğurduğunu özlərinə xas üslubda izah ediblər.