“Görəsən, bu laqeydliyin və fəaliyyətsizliyin səbəbi nədir?”
Bu gün rəsmi “Azərbaycan” qəzetində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqları Müdafiəsi üzrə Dövlət Xidmətinin fəaliyyətsizliyini tənqid edən məqalə dərc olunub. “AzPolitika” həmin məqaləni oxucularına təqdim edir.
Qanunvericilik mükəmməl, icra mexanizmi isə nasazdır
İstehlakçının hüquqları insan hüquq və azadlıqları sırasında yer tutan əsas məsələlərdən biridir. Cəmiyyətdəki bütün şəxslərin istehlakçı olduğunu nəzərə alsaq, istehlakçı hüquqlarının olduqca geniş spektri əhatə etdiyini görərik. Bu baxımdan, istehlakçı hüquqlarının qorunması, eyni zamanda insanların hüquqlarının qorunması deməkdir.
Qida təhlükəsizliyinin təminatı dövlət siyasətidir
İnsanların şəxsi tələbatları onların iqtisadi və sosial-mədəni tələbatlarından ibarətdir. Yəni dünyaya gəlişi ilə insan istehlakçıya çevrilir. İstehlakçı olmaq üçün isə heç də ticarət, iaşə və ya məişət xidməti obyektinə getmək lazım deyil. Evdə ikən televizora baxmaq, kompüterdən istifadə etmək də istehlakçı olmaq deməkdir. Bu mənada geniş spektrdə istehlakçı həyat və fəaliyyətini davam etdirə bilmək üçün mal və xidməti əldə edən, onu istifadə edən şəxs sayılır. İqtisadi mənada isə istehlakçı şəxsi tələbatını ödəmək məqsədilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan insanlardır.
Bütün zamanlarda inkişaf səviyyələrindən asılı olmayaraq bütün ölkələrdə istehlakçı-istehsalçı, istehlakçı-satıcı mübahisələri mövcud olub və indi də var. Ona görə bu gün istehlakçı hüquqlarından söz açanda daha çox iqtisadi sahədə yaranan münasibətlər göz önünə gəlir. Hər bir insanın aldığı məhsulun keyfiyyətini, tərkibini bilmək, ona daha yüksək xidmət göstərilməsini tələb etmək hüququ var. İstehlakçının hüquqlarını qorumağa məsul olanlar ona məhsul və xidmət təklif edən tərəflər, eləcə də bu sahədə dövlət tənzimlənməsini həyata keçirən aidiyyəti orqanlardır.
İstehlakçıların hüquqlarının qorunması hər bir ölkədə olduğu kimi, Azərbaycanda da konstitusion normadır. Azərbaycanda dövlətin iqtisadi siyasətinin əsas hədəflərindən biri olan istehlakçı hüquqlarının qorunması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib, hüquqi normativ sənədlər hazırlanıb, ən əsası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun qəbul edilib. Bu qanun istehlakçılar üçün bərabər şərait yaradılması məqsədilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətləri, habelə istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını və mexanizmini müəyyənləşdirir.
Bu gün istehlakçı hüquqlarının pozulduğu əsas məsələlərdən biri qida təhlükəsizliyinin normativ standartlara, qanunvericiliyin tələblərinə uyğun olmamasıdır.
Qidanın keyfiyyəti onun istehlakçı üçün nə qədər dəyərli olması ilə xarakterizə edilir. Keyfiyyətli ərzaq xammalın növü, istehsal texnologiyası, dad, rəng, struktur quruluşu və s. kimi müsbət, habelə tez xarabolma, rəngin, iyin, dadın dəyişməsi və s. kimi mənfi məqamları özündə əks etdirir. Qidanın təhlükəsizliyi dedikdə hər hansı ərzaq məhsulunun insan sağlamlığı üçün zərərli olan bioloji, kimyəvi və fiziki təhlükəli faktorlardan azad olması nəzərdə tutulur. Bu, qidanın insan, heyvan və ətraf mühitin sağlamlığı üçün təhlükə mənbəyi ehtimalının olmamasıdır. Ən əsası qida təhlükəsizliyi sağlamlıq üçün fəsadlar yarada biləcək təhlükəli faktorların qidanın tərkibində qalmaq, sonradan yaranmaq və ya qidanın tərkibinə daxil olmaq ehtimalının istisnası deməkdir.
Xammaldan istehlaka qədər monitorinq fəaliyyəti zəifdir
Qeyd etdiyimiz kimi, qida məhsulunun təhlükəlilik səviyyəsi onun tərkibində qalan təhlükəli faktorlarla ölçülür. Hər hansı bir qida məhsulunda təhlükəli faktorların yer alması ehtimalı məhsulun istehlakçıya çatanadək keçdiyi istənilən mərhələdə yarana bilər. Xammal və hazır məhsulun istehsalı, saxlanması və daşınması, ticarət və ictimai iaşə obyektlərində məhsulun saxlanması mərhələlərinin istənilən birində onun təhlükəli faktorlarla təmasda olmaq və ya yoluxmaq, bu faktorların məhsulun tərkibinə düşmək ehtimalı var. Ona görə də qida təhlükəsizliyinin etibarlı təmin edilməsi üçün idarəetmə sistemi elə olmalıdır ki, bu, məhsulun keçdiyi bütün mərhələləri əhatə etmiş olsun.
Yəni qida təhlükəsizliyinin idarəetmə mexanizmi ərzaq məhsulunun istehsalından başlamış istehlakçıya çatdırılana qədər keçdiyi bütün mərhələləri əhatə etməli və vahid sistem halında fəaliyyət göstərməlidir. Sadalanan mərhələlərdən hər hansı birində müvafiq monitorinq sistemi yetərincə həyata keçirilməzsə, ümumi sistemin səmərəliliyini təmin etmək mümkün olmayacaq. Təcrübə göstərir ki, təhlükəli qida məhsullarına qarşı mübarizə tədbirlərinin ancaq istehlak bazarlarında həyata keçirilməsi, yəni artıq istehlak bazarına daxil olmuş hazır məhsulun təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilən tədbirlər bir o qədər də səmərəli olmamış və qida təhlükəsizliyinin idarəedilməsi mexanizmi kimi özünü doğrultmamışdır. Qida təhlükəsizliyinin etibarlı təminatı kompleks yanaşma tələb edir və istehlak bazarında hazır məhsula nəzarət etməkdənsə, qida məhsulları istehsalı zəncirinin bütün mərhələlərində məhsulun zərərsizliyini şərtləndirən qida təhlükəsizliyinin idarəedilməsi mexanizmlərinin yaradılmasını və tətbiqini zəruri edir.
Nəzarət sisteminin sistemsizliyi
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, həmçinin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev bizimlə söhbətində bildirdi ki, bu gün dünyada bir milyarda yaxın insan aclıq çəkir, 2 milyarda yaxın insan keyfiyyətli su ilə təmin oluna bilmir. Dünya əhalisinin sürətli artımı fonunda ərzaq istehsalı ilbəil azalır.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, ərzaq istehsalının həcmi 1950-1985-ci illərdə 30 milyon ton artırdısa, indi bu temp 12 milyon tona enib və 2030-cu ildə 9 milyon tonadək azalma proqnozlaşdırılır. Artıq torpaq insanları doyuzdura bilmir. Ona görə də müxtəlif kimyəvi gübrələrin və pestisidlərin istifadəsi ilbəil genişlənir, geni dəyişilmiş məhsulların çeşidi və dövriyyəsi artır. İnsanın təhlükəsiz qida və ərzaqla təminatı gündən-günə daha aktual xarakter alır.
Bu baxımdan Azərbaycan dövləti vətəndaşların qida təhlükəsizliyinə böyük diqqətlə yanaşır. Hələ 2001-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” qəbul olunub. Prezident İlham Əliyev qida təhlükəsizliyini son illərdə dövlət siyasətinin ən prioritet istiqamətlərindən biri kimi dəyərləndirib. M.Quliyevin sözlərinə görə, Prezidentin 16 mart 2016-cı il tarixli sərəncamı ilə təsdiq olunmuş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin əsas istiqamətləri”ndən biri də əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təminatına zəmanət verən kənd təsərrüfatı sektorunun inkişaf etdirilməsidir: “Lakin etiraf etməliyik ki, hələ də ölkəmizdə istehlakçıların təhlükəsiz və keyfiyyətli qida ilə təminatında ciddi islahatlar aparılması zərurəti var. Bu gün ərzaq təhlükəsizliyinə nəzarət sahəsində bir sistemsizlik və pərakəndəlik vardır. Qida və ərzaq məhsullarının mövcud standartlara uyğunluğuna nəzarət Standartlaşdırma, Metrologiya və Patent özrə Dövlət Komitəsi tərəfindən, bitki məhsullarına nəzarət Dövlət Fitosanitariya Nəzarəti Xidməti tərəfindən, diri heyvanlara və heyvan məhsullarına nəzarət Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən, ərzaq məhsulunun və qidanın istehsalı prosesinə nəzarət Səhiyyə Nazirliyi tərəfindən, məhsulun ərzaq bazarında dövriyyəsinə nəzarət İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilir. Heç şübhəsiz ki, bu pərakəndəlik ərzaq məhsullarının beynəlxalq tələblər çərçivəsində keyfiyyətinə nəzarətin təmin olunmasına mənfi təsir göstərir.
Qeyd edək ki, vətəndaşlarımızın keyfiyyətli və təhlükəsiz həyat şəraitinin təmin olunması Konstitusiyamızın 31, 39 və 41-ci maddələrində də təsbit olunub. Bununla yanaşı, qida və ərzaq təhlükəsizliyi məsələləri bir sıra sahə qanunları ilə tənzimlənir. Bu qanunlardan danışarkən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Fitosanitar nəzarət haqqında”, “Baytarlıq haqqında”, “Sanitar-epidemioloji nəzarət haqqında” qanunları xüsusi qeyd etmək olar”.
Milli Məclisin deputatı qeyd etdi ki, vətəndaşlarımız bu qanunları oxumalı, ən azı öz hüquqlarını müdafiə etmək üçün qanunların verdiyi imkanlardan istifadə etməlidirlər. Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi təkcə dövlət orqanlarının nəzarət edəcəyi sahə deyil, burada fəal vətəndaş mövqeyinin olması çox vacibdir.
Sahibkarlıq sahəsində aparılan yoxlamaların qanunla iki il müddətində dayandırılmasından sui-istifadə hallarına gəldikdə isə M.Quliyev bildirdi ki, bu qanun milli iqtisadiyyatımızın, xüsusilə qeyri-neft sektorunun inkişafına cənab Prezidentin növbəti dəstəyidir. Sahibkarlarımız bu dəstəkdən çox razıdırlar və fəaliyyətlərinə lüzumsuz müdaxilələrin aradan qaldırılmasına görə, istehsal imkanlarının genişlənməsi, hüquqi, siyasi və maliyyə dəstəyinə, azad sahibkarlığın inkişafına daimi diqqətinə görə dövlət başçısına minnətdardırlar: “Mən deməzdim ki, yoxlamalar dayanandan sonra ərzaq məhsullarının keyfiyyəti aşağı düşüb, hər halda əlimizdə belə bir statistika yoxdur. Yoxlamalar dayanandan sonra əsas nəzarət funksiyası istehlakçıların üzərinə keçmişdir. Hər bir vətəndaşın qanunlarımızla ona verilən “yoxlayıcı hüququ” vardır, məhsulun istehsal yeri, tarixi, istifadə müddəti, tərkibi, yararlılığı və s. barədə vətəndaşlarımız öz fikirlərini, o cümlədən tənqidi fikirlərini, şikayətlərini müvafiq dövlət orqanına göndərə bilərlər və onların müraciəti əsasında yoxlamalar aparıla bilər. Digər tərəfdən, bir vicdan məsələsi də ortada olmalıdır. Hər bir sahibkar məhsulunu öz vətəndaşları, qardaş-bacıları üçün istehsal etmək düşüncəsi ilə bazara çıxarmalı, ən azı içindəki insafı və başının üstündəki Allah qarşısında hesabatlı olmalıdır”.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti vəzifə səlahiyyətlərinin icrasında passivliyini davam etdirir
Azərbaycanın qida sənayesində dövlət nəzarətinin hazırda necə həyata keçirilməsi, bu sahədə ən effektiv mexanizm və dünya təcrübəsi barədə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovla danışdıq. Onun sözlərinə görə Milli Məclisdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun qəbuluna qədər qidanın təhlükəsizliyinə nəzarət edən çoxsaylı qurumlar var idi: “Lakin bütün bu qurumlar biznesin sərbəst inkişafına problemlər yaradırdı. Sözsüz ki, ortada korrupsiya halları da var idi. Prezident İlham Əliyev iki il öncə tapşırıq verdi ki, biznes qurumlarında aparılan yoxlamalar dayandırılsın. Bu tapşırıqların məqsədi əlbəttə ki, qiymətlərin aşağı salınması, biznes qurumlarının izafi xərclərdən azad olunması idi. Təəssüflər olsun ki, nəticədə başqa hadisələrin cərəyan etdiyini gördük. Ölkədə fəaliyyət göstərən və xaricdən mal idxal edən biznes qurumları vəziyyətdən sui-istifadə etdilər. Nəticə etibarilə, hazırda ölkənin əmtəə bazarı, qida sektoru kifayət qədər çirklənmiş bir durumdadır”.
E.Hüseynov təəssüflə əlavə etdi: “Misal olaraq, hazırda stolumun üzərində olan bir şokoladın düz bir il öncə vaxtı bitib. Ancaq bu şokoladı bu günlərdə bir vətəndaşımız bizə təqdim edib, aldığı mağazanın adını və ünvanını da verib. Mən bütün aidiyyəti dövlət orqanlarına zəng etdim. Məhsulu mağazaya gətirən şirkət və distribüterlə əlaqə saxladım. Heç kəs o məhsulları satışdan çıxarmadı. Dövlət orqanları bildirdilər ki, bizim yoxlama səlahiyyətimiz yoxdur. Şikayətlərə cavab olaraq yazırlar ki, gedin məhkəməyə müraciət edin. Halbuki, cənab Prezidentin məlum sərəncamı şikayət əsasında, insan sağlamlığına təhlükə olduğu təqdirdə yoxlamaların aparılmasını məhdudlaşdırmır. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqları Müdafiəsi üzrə Dövlət Xidməti bu məsələdə fəal olmalı, daha prinsipial fəaliyyət göstərməlidir. Məlum qanun məhz bu quruma müvafiq yoxlamalar aparmaq səlahiyyəti verir. Təəssüf ki, biz bu sahədə ciddi dəyişiklik görmürük. İnsan sağlamlığı üçün təhlükəli olan qida vasitələrinə qarşı müvafiq dövlət orqanı tərəfindən effektiv mübarizə aparılmalıdır”.
Ekspert qida təhlükəsizliyi ilə bağlı, xüsusən də şadlıq evlərində böyük problemlərin olduğunu vurğuladı. Bildirdi ki, 20 ildir istehlakçıların hüquqlarının qorunması ilə məşğul olsa da, kütləvi zəhərlənmə hadisəsində sənaye üsulu ilə istehsal edilən malların adının çəkildiyini bir dəfə də olsun görməyib: “İnsan zəhərlənən zaman dərhal səhiyyə orqanlarına müraciət edir. Səhiyyə Nazirliyi əməkdaşları ilk olaraq zərərçəkənin mədəsini yuyurlar. Bununla da işlərini bitmiş hesab edirlər. Bircə dəfə də olsun görməmişik ki, bu cür faktlardan sonra həkim zəhərlənmənin hansı məhsul səbəbindən olduğu ilə bağlı bir sənəd hazırlayıb versin. Bu kağızı ona görə vermirlər ki, həmin məhsulun sahibi Səhiyyə Nazirliyinin özünün verdiyi sertifikatı çıxardıb göstərəcək. Yəni ortada maraqlar konflikti var. Nə qədər ki, insanların sağlamlığının keşiyində duran orqanla sertifikat verən orqan bir-birindən ayrılmayıb, heç kəs cəsarət edib ortalığa bir sənəd qoymayacaq. Hər dəfə də məsuliyyəti istehlakçının üzərinə atacaqlar”.
Qida təhlükəsizliyi ilə bağlı dünya təcrübəsinə gəldikdə isə E.Hüseynov Yeni Zellandiyadan misal çəkdi. Orada da sahibkarlıq obyektlərində yoxlama aparılmır. Lakin məhsulların marketlərin qapısından içəri daxil olması üçün ciddi baryer var. Çünki istehlakçı əsasən marketdə aldadılır. Marketə gətirilən hər bir məhsulun üzərində ayrıca ekspertiza aparılır. Bu ekspertiza aparan struktur ictimai qurum olduğundan kütləvi informasiya vasitələri onun işində yaxından iştirak edə bilir. Qurum məsuliyyəti öz üzərinə götürərək bəyan edir ki, bu marketdə zəhərlənmə, yaxud hər hansı bir xoşagəlməz hal olduqda kompensasiya onun tərəfindən ödənilir. Hətta marketdəki qida səbəbindən hər hansı bir insan zəhərlənərsə, ekspertizaya cavabdeh olan şəxs həbs oluna bilər.
Bu baxımdan Azərbaycanda da ekspertizanın aparılmasında müstəqil təsisatların iştirakı təklif edilir. Məsələn, Almaniyada qidanın həm istehsalına, həm də satışına nəzarət müstəqil ekspertiza qurumları tərəfindən aparılır. Onların icazəsi olmadan heç bir mal nə istehsal edilə, nə idxal oluna, nə satışa çıxarıla bilər.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin laqeyd susqunluğu
Qeyd edək ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamalar müstəsna qaydada aidiyyəti dövlət orqanının əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin razılığı və əməkdaşının iştirakı ilə aparılır. Digər tərəfdən isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidmətinin əsasnaməsində göstərilir ki, qurum antiinhisar (rəqabət), dövlət satınalmaları, reklam və istehlakçıların hüquqlarının müdafiəsi sahələrində dövlət siyasətinin və dövlət nəzarətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır. Xidmətin əsas fəaliyyət istiqamətləri inhisarçılıq fəaliyyətinin, haqsız rəqabətin, istehlakçıların hüquqlarının və qanuni maraqlarının pozulması hallarının qarşısının alınması və belə pozuntuların aradan qaldırılması üçün tədbirlər görməkdir.
Lakin mövzu ilə əlaqədar İqtisadiyyat Nazirliyinin sözügedən qurumuna ünvanladığımız suallar günlərdir ki, cavabsız qalır. Nazirliyin mətbuat xidməti tərəfindən hər dəfə müxtəlif bəhanələr gətirilsə də, nəticədə istehlakçıların hüquqlarını müdafiə edən qurumdan qida təhlükəsizliyinin necə təmin edilməsi ilə bağlı heç bir mövqe öyrənə bilmədik. Əslində, Azərbaycanın qida təhlükəsizliyi sahəsindəki hazırkı kritik və böhranlı vəziyyəti İqtisadiyyat Nazirliyinin və tabeli qurumunun insanların sağlamlığı üçün belə bir həssas məsələyə biganəliyini və müəmmalı susqunluğunu anlamağa imkan verir.
Bununla belə, artıq qida təhlükəsizliyi sektorundakı neqativləri aradan qaldırmaq üçün oturub tabeli qurumların, yaxud konkret olaraq İqtisadiyyat Nazirliyinin necə addım atacağını gözləməyə lüzum yoxdur. Çünki qida təhlükəsizliyi sahəsində yuxarıda qeyd olunan mövcud prolemlərin həlli məqsədilə Prezident İlham Əliyev 10 fevral 2017-ci il tarixdə “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşməsi ilə bağlı əlavə tədbirlərin görülməsi haqqında” fərman imzalayıb. Fərmanda istehsal prosesinin bütün mərhələlərində ərzaq və qida tətlükəsizliyinə sistemli nəzarəti təmin etmək üçün yeni bir qurumun – Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin yaradılması nəzərdə tutulur. Agentliyin yaradılması üçün lazım olan təşkilati-hüquqi məsələlərin həlli məqsədilə Baş nazirin müavini Əli Əhmədovun sədrliyi ilə səlahiyyətli şəxslərin daxil olduğu Komissiya yaradılıb. Fərmanda eyni zamanda qida təhlükəsizliyi sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, milli standartların beynəlxalq tələblərə uyğunlaşdırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, “tarladan süfrəyədək” prinsipi ilə vahid nəzarət mexanizminin yaradılması qarşıya məqsəd kimi qoyulub. Agentliyin gələn ildən fəaliyyətə başlayacağı nəzərdə tutulur.
Gələn ilədək bu sahədə vəziyyəti sağlamlaşdırmaq Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqları Müdafiəsi üzrə Dövlət Xidmətinin səlahiyyətindədir. Onlar isə göründüyü kimi, baş verənləri sakitcə müşahidə etməkdədirlər. Görəsən, bu laqeydliyin və fəaliyyətsizliyin səbəbi nədir? (azpolitika.info)