Sumqayıtda 119 uşağın sudan zəhərlənməsi ilə gündəmə gəlmiş “Azərsu” ASC indi də şəhid bulaqlarının suyu kəsməklə diqqət mərkəzindədir

Ulus.Az xəbər verir ki, Mingəçevirdə şəhidin adını daşıyan bulağın suyunun kəsilməsi dövlət qurumlarını üz-üzə qoyub.

İctimaiyyət tərəfindən “Azərsu”ya təpkilər göstərilir ki, şəhidin bulağının suyunu kəsmək yezidlik əlamətidir. Vətən uğrundan canından keçmiş oğulların adını daşıyan bulağa su vermək bu qədərmi “Azərsu” üçün çətindir?

Məgər qurum məmurların villalarından, Mərdəkanda, Bilgəhdə, Buzovnada hasarlanmış malikanələrdən su pulu ala bilirmi? Nazirlərin saraylarına su pulu borcunu tələb etmək üçün qəbz belə göndərməyə qorxurlar.

Ancaq şəhid bulaqlarına gücləri çata bilmir. Hətta bunun hüquqi əsası olsa da, mənəvi baxımdan rəzalətdir, rüsvayçılıqdır.

Düşmən ölkənin mediasına yem verən “Azərsu” unudur ki, bir qarış torpaq və bir ovuc su üçün savaşmış vətən övladlarına qarşı belə hörmətsizlik cəmiyyət tərəfindən heç də rəğbətlə qarşılana bilməz.

Ulus.Az xəbər verir ki, “Azərsu” ASC-nin sifarişçisi olduğu layihələrdə üzə çıxan qaranlıq məqamlar xarici iş adamlarının da diqqətindən yayınmayıb.

Türkiyənin “Kanalize İnşaat” şirkətinin rəhbəri Ridvan Köse bir müddət əvvəl qurumda qeydə alınan korrupsiya sxemi ilə bağlı “Azadlıq” radiosuna maraqlı faktları açıqlayıb:

“Orada aldığınız pul sizə qalmır, sağa-sola verməlisən. Bizim dediyimiz qiymətin üzərinə bir neçə dəfə çox qiymət yazırdılar.

Bir az sənə iş gördürürlər, pullar uçub gedirdi. Qatıldığım 2 layihənin hər birinə bir milyon manatdan çox pul ayrıldı. Ancaq bu məbləğ kağız üzərində qaldı. Nə məni işlətdilər, nə pulumu verdilər”.

Bu faktdan isə danışan yoxdur. Q.Hüseynov nazirlərin, məmurların villalarındakı hovuzlara sərf olunan su itkisindən, onlardan su pulu ala bilməməsindən, dövlət qurumlarının “Azərsu”ya hələ də borcunu tam ödəməməsindən danışa bilmir, amma şəhid bulağında su itkisini dilə gətirir.

Bu gün fontanlar, hovuzlar, restoranlar və iaşə obyektləri, o cümlədən vəzifəli şəxslərin evlərinə gedən suların itkisi qeyd olunmur. Ancaq Mingəçevirdə 6 şəhid bulağına sayğac qoyub pul qazanırlar.

Türk iş adamının dediyi korrupsiyanı araşdırmaq əvəzinə, Mingəçevirdə məhəllə sakinlərinin təşəbbüsü ilə şəhid Şaiq Mustafayevin xatirəsinə çəkilən bulağa 6 ay əvvəl sayğac quraşdırılıb.

Şəhidin həyat yoldaşı Arzu Mustafayeva deyir ki, bulaqdan daim su gəlməsi üçün hər ay 5 manat ödəyir: 

“Mingəçevir şəhərində yaşayıb, suya yaxın olduğumuz üçün qəribə gəlir ki, sayğac quraşdırılıb. Əlacsızlıqdan buna da şükür edirik. Çünki yoldaşımın adınadır”.
Bildirilir ki, Mingəçevirin mərkəzində ümumilikdə 6-dan çox şəhid bulağının suyu kəsilib.

Mingəçevir Rayon İcra Hakimiyyətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Sahib Əliyev də bildirib ki, məsələ dəfələrlə qabardılsa da, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti məhəl qoymayıb.

“Azərsu”ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, pul ödənmədiyi üçün həmin bulağa suyun verilişi dayandırılıb: 

“Sahibsiz bulaqları xəttimizdən ayırırıq. Kim istəyir, sayğac qoyur, onun hesabatını aparıb, suyunu veririk. Şəhid bulağının olması çox ciddi su itkisinə səbəb olur.
Hərə bir şəhid bulağı qoysa, nə olar? Bütün günü su axıdılacaq, orada maşın yuyan da olacaq, su oğurlayan da. Sayğac qoyulanadək heç kim su pulu ödəmirdi.
Bu gün Azərbaycanda 9 mindən artıq çoxmənzilli yaşayış binası var. Onların hamısının qabağında sahibsiz krantlar var”.

Millət vəkili Fazil Mustafa da “Azərsu” ASC-nin bu addımını qınayıb. O bildirib ki, şəhid adı bu qədər ucuzlaşdırılmamalıdır.

Bu bulaqlar “Azərsu”nun balansındadır. Onların istehlak olunan suya görə pul tələb etməyə haqqı var. Lakin söhbət şəhid bulaqlarından gedirsə, mənəvi tərəfdən bunu etməyə haqsızdırlar.

Paylaş