Bu gün ATV-dəki “Maşın-şou” verilişində və 1news.az saytında “Carabao” içkisi reklam edilir
Xatırladaq ki, 7 iyun 2017-ci il tarixdə Sanitar-karantin müfəttişliyinin mətbuat üzrə məsul şəxsi Yadulla Balışov Qafqaz Xəbər Agentliyinə bildirib ki, “Carabao” içkisini Azərbaycana “Nep future” şirkəti idxal edir.
Balışov onu da bildirib ki, bu məhsul 8 iyun 2017-ci il tarixdə Azərbaycanda gigiyenik qeydiyyatdan keçib.
Sertifikat verən Azersert şirkətinin ekspert-auiditoru Famil Musayev Qafqaz Xəbər Agentliyinə bildirib ki, qida məhsulları mütləq sertfikasiya olunmalıdır: “ Qida məhsullarının və içkilərin gigiyena və uyğunluq sertifikatı olmadan reklamı qadağandır”. (Kavkaznews.az).
Oxuculara onu da bildirək ki, 1news.az saytı bu məhsulu 8 iyun 2017-ci il tarixdən əvvəl, yəni içki gigiyena sertifikatı alanadək reklam edib.
Yeri gəlmişkən, ATV kanalında 29 may 2017-ci il tarixdən fəaliyyətə başlayan “Maşın Şou” verilişində də “Сarabao” içkisi reklam edilir.
Qafqaz Xəbər Agentliyi “Maşın-şou” verilişinin sertifikatı olmayan məhsulu nə üçün reklam etməsi məsələsini aydınlaşdırmaq qərarına gəldi.
Suala cavab tapmaq tapmaq üçün ATV teleşirkətinə müraciət etdik.
ATV-nin nümayəndəsi bizə bildirdi ki, “Maşın-şou” verilişinin müəllifi Murad Dadaşov tərəfindən yaradılan M Group Production şirkətidir: “M Group Production şirkəti sadəcə ATV-dən efir vaxtı alıb”.
Görəsən M Group Production şirkətinin rəhbərliyinə məlumdurmu ki, gigiyena sertifikatı olmayan məhsulu reklam edirlər, hansı ki, bu halda məhsulu reklam etmək olmaz.
Bu sualla M Group Production şirkətinə müraciət etdik.
Şirkətin nümayəndəsi Fərid ( soyadını demədi ) bizə bildirdi ki, onun bu məsələyə aidiyyəti yoxdur: “Mən bu suala cavab verə bilmərəm. Bu mənim sahəm deyildir. Şirkətin rəhbəri, prodüsseri var. Mən onların telefonlarını öyrənib sizə deyərəm”.
Təəssüf ki, Fəriddən cavab gəlmədi.
Yuxarıda qeyd etdiyimiz kimi, “Carabao” içkisini 1news.az saytı da reklam edir.
Biz öyrənmək istədik ki, saytın rəhbərliyi gigiyena sertifikatı olmayan məhsulu reklam etdiklərini bilirmi..?
Sualla bağlı saytin reklam üzrə nümayəndəsi Rasim ( soyadını demədi ) Qafqaz Xəbər Agentliyinə bildirdi ki, “Carabao” içkisinin reklamını bizə reklam agentliyi verib: “Əgər hər hansı sualınız varsa onlara müraciət edin”.
Məsələ ilə bağlı vəkil Elmar Süleymanov bizə bildirdi ki, “Reklam haqqında” Qanunun 4-cü maddəsinə görə, lisenziyalı və sertifikatlı məhsul ancaq təsdiqedici sənədlər olduqda reklam edilə bilər: “ Bu halda reklamda sertifikat verilən tarix və sertifikatı verən qurumun adı göstərilməlidir”.
Müxbirimizin “Əgər reklam edən tərəf “Reklam haqqında” Qanunu pozursa?” sualına vəkilin cavabı belə oldu: “Bu halda “İnzibati xətalar haqqında” Qanunun 428.10 maddəsinə görə, vəzifəli şəxs 300-500 manat, hüquqi şəxs isə 1000-2000 manat cərimə olunur”.
Biz “Nep future” şirkətinin fikrini öyrənmək istəsək də bu mümkün olmadı.Kavkaznews.az