Azərbaycanın yerləşdiyi coğrafi məkanda mövcud olan imkanlardan tranzit məqsədlər üçün daha səmərəli istifadə etmək ideyası bu gün yaranmayıb
Buna misal olaraq Bakı-Tbilisi-Supsa,
 Bakı-Tbilisi-Ceyhan neft kəmərlərini, Bakı-Tbilisi-Ərzurum qaz kəmərini göstərmək olar.

Hazırda tikintisi gedən TANAP, TAP enerji layihələrini, Bakı-Tbilisi-Qars dəmiryolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələrini bildirmək olar. Adlarını çəkdiyimiz layihələrin hamısı ardıcıllıqla həyata keçirilir.

Belə bir strateji regionda yerləşən Azərbaycanın bir məkan kimi tranzit imkanlarını artırmaq üçün yeni-yeni layihələr gələcəkdə də həyata keçiriləcək.

Eyni zamanda Bakı Ticarət Limanı və Ələtdə yaradılacaq Azad İqtisadi Zona da yaxın illərdə reallaşdırılacaq. Ələt Azad İqtisadi Zonası Azərbaycanın bütün sahələrdə inkişafına müsbət töhfələr verəcək.

Bu layihələr hakimiyyətin ən uğurlu işləridir və projelərin gerçəkləşməsi ölkə iqtisadiyyatını neftdən olan asılılıqdan qoparır, ayırır və qeyri-neft sektorunun inkişafına inqilabi dəstək verir.

Ancaq artıq gedən proseslər onu göstərir ki, belə bir imkandan istifadə etsək, böyük enerji və nəqliyyat layihələrini nəzərə alsaq, Ələtdə Azad Ticarət Zonasını yaratsaq, təbii ki, bu, Azərbaycan üçün yeni iqtisadi imkanlar, dövlət büdcəsinə yeni gəlirlər deməkdir. Eyni zamanda yeni iş yerləri yaranacaq.

Bütün bu göstəricilər ildən-ilə artaraq gedəcək. Əgər bu gün Azad İqtisadi Zonadan söhbət gedirsə, təbii ki, bu, yüz milyonlarla investisiya vəsaitinin qoyulması deməkdir. Ancaq bu qədər vəsaitin hamısını Azərbaycan tərəfi qoymamalıdır.

Indiyədək Azərbaycana 10 milyardlarla vəsait qoyulub. Özü də bu vəsaitlər daha çox riskli layihələrə yatırılıb.

Misal üçün, Bakı-Tbilisi-Ceyhan kimi böyük və riskli layihəyə vəsait yatırıb, onu reallaşdırırlarsa, bunun kimi digər layihələri də həyata keçirirlərsə, deməli Azərbaycanda artıq bu siyasət təcrübəsi var. İnvestorlar da bunu yaxşı bilirlər.

Bu gün görülən tədbirlər nəticəsində Azərbaycanın neft və qaz hasilatından asılılığı kəskin şəkildə azalacaq. Bu, yaxın illərdə mümkün olacaq.

Bu siyasətə kimsə qısqanclıqla yanaşa bilər. Əgər Azərbaycanın maraqlarına uyğundursa, ölkəmizin inkişafı üçün əhəmiyyətlidirsə, o zaman bu layihələr ölkəmizdə həyata keçiriləcək.

Məgər vaxtilə Bakı-Tbilisi-Ceyhan, “Azəri-Çıraq-Günəşli” layihələrinə də qısqanclıq olmayıb? Təbii ki, olub.

Həmin vaxtı bu layihələrə qarşı bəyanatlar verilirdi, nələr yazılırdı, nələr söylənilirdi. Ancaq Azərbaycan öz müstəqil siyasətini ardıcıllıqla, uzaqgörənlik və inadkarlıqla həyata keçirir. Azərbaycan regionun davamlı inkişaf edən, müasirləşən dövlətinə çevrilib.

Qlobal böhranın təsirlərinin qabarıq duyulduğu bir şəraitdə ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılıb və böyük infrastruktur layihələri də uğurla həyata keçirilir. Cəmiyyətin bütövlüyü və monolitliyi təmin olunub, insanlarda uğurlu gələcəyə nikbin baxış formalaşıb.

Eyni zamanda Azərbaycan bizə sərf etməyən, şübhə doğuran heç bir beynəlxalq hərəkətlərə, avantüralara qoşulmur.

Baxmayaraq ki, müxtəlif tərəflər bizi müntəzəm olaraq bu hərəkətlərə cəlb etməyə çalışırdılar. Bu gün də belə səylər var. Ancaq Azərbaycan bizə sərf etməyən heç bir hərəkətə, təşəbbüsə qoşulmur. ulus.az

Paylaş