Azər Sərdarov problemdən çıxış yollarını göstərdi

Bu gün dünyanın bir çox ölkələrində adına energetik içkilər deyilən məhsullar demək olar ki, yığışdırılıb, qadağan olunub və ən yaxşı halda apteklərdə satılır.

Çünki sağlamlıq üzrə mütəxəssislər çoxdan sübut ediblər ki, energetik içkilərin tərkibindəki maddələr insan orqanizmi üçün çox ziyanlıdır və hətta öldürücü də ola bilər.

Ancaq Azərbaycan kimi ölkələrin istehlakçıları hələ də bu içkilərdən içib obrazlı desək qanadlanırlar. Yəni hələ də insanlarımız bu içkilərin yaratdığı fəsadları anlamırlar. Amma insanları da qınamalı deyil. Çünki bu məhsullar heç bir maneə olmadan gömrük sistemindən keçə bilirsə, dövlət qurumu tərəfindən qanuni sənədlər, ö cümlədən gigiyena və uyğunluq sertifikatı olmadan satışa çıxarılırsa, hətta telekanallarda bəh-bəhlə reklam edilirsə, gənc yaşlı insanlar bu içkinin zərərini haradan bilsin..?

Ölkə mətbuatı uzun müddətdir ki, “Carabao” energetik içkisininin Azərbaycan bazarında qanunsuz satışı barədə silsilə yazılar dərc edir.

 

Məlumat üçün bildirək ki, bu içkini Azərbaycana “Nep future” şirkəti idxal edir.

Məsələ ilə bağlı Səhiyyə nazirliyinin Sanitar-karantin müfəttişliyinin mütəxəssislərinin fikirləri öyrənilib.

Qurumun əməkdaşları bildirib ki, məhsul gigiyena sertifikatı olmadan satışa çıxarıla bilməz. Problemlə bağlı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, məhsulun bazara daxil olması üçün mütləq Standartlaşma, metrologiya və patent komitəsindən uyğunluq sertifikatı və Səhiyyə Nazirliyinin Sanitar-karantin müfəttişliyindən gigiyena sertifikatı alınmalıdır.

Sertifikat verən Azersert şirkətin eksperti bildirib ki, qida məhsulları mütləq sertifikasiya olunmalıdır: “Qida məhsullarının və içkilərin gigiyena və uyğunluq sertifikatı olmadan reklamı qadağandır”. (Ancaq Azersert şirkrəti “Carabao” ilə bağlı məlumatları biznes sirri hesab edərək mətbuatdan gizlədir ).

Digər dövlət qurumu – Standartlaşma, metrologiya və patent komitəsinin nümayəndısi də eyni fikirləri bildirir: uyğunluq sertifikatı olmayan məhsul satışa çıxarıla bilməz.

Ölkənin tanınmış vəkilləri, reklam üzrə mütəxəssislər də bildirir ki, “Reklam haqqında” Qanunun 4-cü maddəsinə görə, lisenziyalı və sertifikatlı məhsul ancaq təsdiqedici sənədlər olduqda reklam edilə bilər, əks təqdirdə məhsulun reklamı qadağandır.

Bir sözlə, ölkənin müxtəlif sahələr üzrə ekspertləri, dövlət qurumları, hüquqşünaslar, vəkillər “Carabao” energetik içkisininin Azərbaycan bazarında qanunsuz satışı və reklamı ilə bağlı konkret fikirlərini bildirir.

Ancaq kimə deyirsən..?

Murad Dadaşovun ATV-dəki “Maşın-şou” verilişində və 1news.az saytında “Carabao” içkisi qanunsuz olaraq reklam edilir.

Sanki ölkənin mövcud qanunlarının bir içkinin qarşısında bir kağız qədər dəyəri yoxdur.

Bütün bu qanunsuzluqlarla bağlı, həm də problemdən çıxış yolu kimi “İstehlakçıların maarifləndirilməsi və hüquqlarının müdafiəsi” İctimai Birliyinin sədri, iqtisad elmləri namizədi Azər Sərdarovun fikirlərini qısa ixtisarla dərc edirik : “İstehlakçıların maarifləndirilməsi və hüquqlarının müdafiəsi” İctimai Birliyi energetik içkilərlə bağlı yayılan bütün informasiyaları diqqətlə izləyir. Məlumdur ki, bu içkilərin sərbəst satışı bir çox ölkələrdə məhdudlaşdırılıb. “Carabao” energetik içkisinin qanunsuz satışının və reklamının açılması faktı istehlak bazarındakı biabırçılığı ortaya qoydu. Mən özüm QHT sədri olaraq keçən il və bu il istehlakçıların hüquqlarının pozulması, mağazalarda keyfiyyətsiz məhsulların çoxalması ilə bağlı dəfələrlə KİV-də çıxış edərək istehlakçıları diqqətli olmağa çağırdım. Ölkə başçısının qeyri-neft sektorunun inkişafına dəstəyi, korrupsiya və inhisarçılığa qarşı mübarizə elan etməsi və 2 il müddətində bütün yoxlamaların qadağan edilməsi ilə bağlı göstərişi biznes mühitinin inkişafına təkan verdi. Əgər nəzərə alsaq ki, bazar bütün arzuedənlər üçün açıqdır, yoxlamalar dayandırılıb və dövlət tərəfindən cəza olmayacaq, deməli qanunsuz, sertifikat almadan satılan malların olması da sensasiya deyil, hətta bizdə olan məlumata görə belə məhsulların sayı 500-dən çoxdur. İndi bu qanunsuz satılan məhsullar siyahısına biri də əlavə olunur: “CARABAO” energetik içkisi.

Nə baş verir?

Bir çox ölkələrdə qadağan olunmuş məhsul bizdə qanunsuz olaraq satılır, hətta reklam edilir.

Bu necə olur?

Suallar çoxdur. Görəsən, Dövlət Gömrük Komitəsi məhsulu ölkəyə idxal edən şirkətdən niyə uyğunluq sertifikatı tələb etməyib..?

Digər suallar Səhiyyə nazirliyinin Sanitar-karantin müfəttişliyinə və Standartlaşma, metrologiya və patent komitəsinin nəzdindəki АzerSert-ə yönəlməlidir.

Yeri gəlmişkən, АzerSert-in nümayəndəsi məhsulla bağlı məlumatları biznes sirri hesab edir.

Bəs onda sertifikat kimə və nəyə lazımdır..?

Mənşəyi məlum olmayan, qanuni sənədləri olmayan içki hər yerdə satılır.

Bütün Azərbycan bu məhsulun reklamını ATV telekanalında izləyir. Ölkədə satılan məhsulların keyfiyyətinə və təhlükəsizliyinə cavabdeh olan məmurlar sanki CARABAO-nu görmürlər ( əks halda niyə məsələyə müdaxilə etmirlər ?) Yaxşı ki, içkinin reklamını görüb “CARABAO” almaq istəyən alıcı içkinin qabı üzərində Azərbaycan dilində heç bir məlumat görmədiyi üçün satıcıdan məhsulun sertifikatını tələb edib. Və məlum olub ki, içkinin nə gigiyena, nə də uyğunluq sertifikatı yoxdur. Hansı ki hər bir qida məhsulunun sertifikatı tələb edən alıcıya baxmaq üçün verilməlidir.

Bəli, alıcı sertifikatı olmayan “CARABAO”-nun satışı ilə bağlı Qafqaz Xəbər Agentliyinə müraciət etməli olub. Və beləliklə xeyli müddət davam edən qanunsuzluq və cəzasızlıq ortaya çıxıb. Və şirkət bir neçə aydan sonra lazımi sənədləri toplamağa başlayıb, hansı ki, həmin sənədlər gömrükdən keçəndə hazır olmalı idi.

Eyni zamanda İqtisadiyyat Nazirliyi də bu məsələyə qarışmalı idi çünki, məhsulun markalanmasından başlayaraq satışa çıxarılmasına qədər normativ-texniki sənədlərin tələbləri pozulub. Məlumdur ki, istehlakçının aldığı məhsul barədə məlumat almaq hüququ pozulub, reklam haqqında qanun pozulub.

Bir sözlə qanunlar pozulub, amma içki satışdadır. Aparılan monitorinqlər göstərir ki, bu içkini əsasən gənclər alırlar və “CARABAO” hər yerdə satılır”.

Murad Dadaşov isə Maşın Şou-da içkini əla reklam edir. Məlumat üçün bildiririk ki, energetik içkilərin tərkibindəki qlükoza tez bir şəkildə qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyatı əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir. Artıq doza qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Ürək xəstəlikləri və hipertoniyadan əziyyət çəkənlərə energetik içkilər məsləhət görülmür. Məhz buna görə Fransa, Danimarka, Almaniya, Norveçdə və s. ölkələrdə energetik içkilər rəsmi şəkildə qadağandır, adı çəkilən ölkələrdə bu məhsullar yalnız apteklərdə satılır”.

“CARABAO” energetik içkisi ilə bağlı Qafaz Xəbər Agentliyininaraşdırmaları bir daha göstərdi ki, istənilən keyfiyyətsiz və mənşəyi məlum olmayan məhsulun Azərbaycan bazarına daxil olması mümkündür. Və belə məhsulların əla reklamına baxan alıcı elə bilir ki, hər şey qanunidir.

Bəs vəziyyətdən necə çıxmalı..?

“Hər şeydən əvvəl  araşdırmalar aparılmalı və belə məhsulların ölkə bazarına daxil olmasına şərait yaradanlar, Azərbaycan qanunlarını pozanlar cəzalandırılmalıdır. Məhsulun idxalçısı müəyyən edilməlidir və qanunvericilik çərçivəsində belə məhsulları, müsadirə edilərək Balaxanı zibil poliqonunda məhv edilməlidir. Və bu prosesə QHT-lər, KİV-lər cəlb edilməli və proses mətbuatda işıqlandırılmalıdır, belə cinayətlərə qarşı mübarizə gücləndirilməlidir. Eyni zamanda belə problemlərin aradan qaldırılması üçün ölkə başçısının sərəncamı ilə yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyinə də uğurlar arzulamaq lazımdır”, deyə Azər  Sərdarov  bildirib.

P.S. Yeri gəlmişkən, bir neçə gündür ölkə saytlarında   “Bu içkiləri içən heyvanlaşır” – Şok iddia  başlıqlı  xəbərlər tirajlanır. Və xəbərdə xeyli müddətdir Azərbaycanda oturuşmuş “Red Bul” və s kimi energetik içkilər barəsində demək olar ki, hər cürə sözlər yazılır. Deyəsən, bu yazılardan da “CARABAO”-nun iyisi gəlir. Bu lap “yersiz gəldi, yerli qaç” mesajına  bənzəyir.

Deyəsən, “CARABAO”  oturmamış şeyini…buynuzunu göstərir.Qafqaznews.az

KORRUPSIYA.AZ

Paylaş