Vətəndaşların mobil operatorlar vasitəsilə balanslarından pulların silinməsi şikayətinə mütəmadi mətbuatda rast gəlinir. Məsələ uzun müddət sosial şəbəkələrin və mətbuatın müzakirə mövzusu olmasına baxmayaraq problem günü-gündən artmaqdadır.

Qafqaznews xəbər verir ki,mobil operatorlar üzərindən fəaliyyət göstərən daha bir provayderin qurbanı Femida.az-a müraciət edib. Vətəndaş Əpoş Vəliyev müraciətində deyib ki, onun mobil nömrəsindən avtomatik, xəbəri olmadan məbləğ silinib. O, həmçinin Bakcell nömrələri üzərindən üçüncü bir şirkətin təqdim etdiyi bu xidmətə qoşulmadığını, lakin pulun çıxıldığını bildirib.

“Yeni fırıldaqçı, saxta şirkətlər, portallar da meydana çıxır ki, onlar saxtakarlıqla, balansdakı məbləğin oğurluğu ilə məşğul olaraq vətəndaşlara külli miqdarda ziyan vururlar. Son vaxtlar bu cür şirkətlər, portallar daha da fəallıq edir. Ay ərzində bir neçə belə saxtakar portala zəng edib, xidməti dayandırmalı oluruq. Mobil operatorlar (Azercell, Bakcell, Nar mobile) belə məsələlərdə məsuliyyət daşımadığını bəyan edir. Zərər yenə də vətəndaşlar olur. Maraqlı burasıdır ki, həmin portalların nümayəndələri hər dəfə ciddi-cəhdlə deyir ki, xidmətə vətəndaş hansısa sayta daxil olaraq, özü qoşulub. Bununla da məsuliyyətdən yayınırlar. Həmin xidmətlərə qoşulmasından vaxtında xəbər tutan vətəndaş ən az ziyanla xidməti dayandırsa da, xəbəri olmayan vətəndaşlar uzun müddət hər gün ən azı 0,59 Azn ziyanla başa vurmalı olur. Əgər vətəndaş bir neçə belə saxtakar portal tərəfindən üzvə çevrilibsə, bu məbləğ daha da çoxalır.”
Vətəndaş həmçinin qeyd edib ki, həmin şirkətlərdən bir neçəsinə şəxsən özü zəng edib. Amma həmin şirkət haqqında heç bir əlavə məlumat ala bilməyib. Halbuki, istehsalçı istehlakçıya bütün məlumatları, göstərdiyi xidmətin keyfiyyəti barədə məlumat verməyə borcludur.

Femida.az məsələ ilə bağlı Bakcell MMC-dən münasibət öyrənməyə çalışıb. Bakcelldən adəti üzrə verilən məlumatda müqavilə əsasında fəaliyyət göstərən həmin şirkətlərin işinə görə məsuliyyət daşımadıqlarını bildiriblər. Belə olan halda ortaya sual çıxır. Bakcell MMC-yə aid olan mobil operatorlar üzərindən fırıldaqçlılq yolu ilə pul qazanan şirkət necə olur ki, məsuliyyət daşımır?

Bakcell MMC-nin verdiyi rəsmi cavabdan məlum olur ki, “Bakcell” MMC provayderlərə dördrəqəmli qısa nömrələr təqdim edir. Həmin qısa nömrələr vasitəsilə provayderlər abunəçilərə ayrı-ayrı xidmətlər təqdim edir və bununla bağlı müxtəlif SMS-lər göndərirlər. Buradan məlum olur ki, onlar Bakcell MMC-yə xidmətlərindən istifadə etdikləri üçün müəyyən məbləğdə ödəniş edirlər. Belə olan halda Bakcell MMC özünü necə məsuliyyətdən kənar hesab edə bilər?

Xatırladaq ki, bu cür provayderlərin fırıldaqçılıq əməlləri ilə bağlı narazı vətəndaşların sayı olduqca çoxdur. Bir neçə gün öncə daha bir vətəndaş Şamo Qənbərov Bakcell MMC üzərindən fəaliyyət göstərən Simtoday şirkəti tərəfindən hüquqlarının pozulduğunu bildirmişdi. Daha əvvəl isə Turan Ramazanlı eyni problemlə bağlı saytımıza müraciət etmişdi. korrupsiya.az

Paylaş