Bu gün Bərdənin icra başçısı qarşısına rayonu çapıb-talamaq, dağıtmaq, əhalini narazı salmaq və s. kimi hədəfləri qoyub

Son vaxtlar əksər KİV-də Bərdədə icra başçısının yarıtmaz fəaliyyəti haqda dərc olunan məqalələrin sayı gündəngünə çoxalmaqdadır. Bunu zəruri edən səbəblər içərisində ən əsası, rayonda tətbiq olunan yarıtmaz idarəçiliyin varlığı, yerli vəzifə sahiblərinin daşıdıqları vəzifələrinə gəlir mənbəyi kimi baxmalarıdır. Bəli, bu gün adı çəkilən rayonda sosial problemlər aşıb daşır, əhalinin narazılığı “pik nöqtə”yə çatır, amma rayon rəhbərliyi problemlərin həlli istiqamətində lazımi addımlarını atmır ki, atmır. “Gündəm Xəbər”in əldə etdiyi müfəssəl məlumatlara görə icra başçısı ona sərf edən məsələlərlə bağlı addımlarını atır ki, bu da bəzən xoşagəlməz olayların baş verməsi ilə nəticələnir. Məsələn, adının çəkilməsini istəməyən rayon sakinlərinin bildirdiklərinə görə, hələ bir müddət bunddan əvvəl Vidadi İsayev rayonda stomotoloji fəaliyyətlə məşğul olanlara qarşı “səlib yürüşü”nə başlayır. İlk vaxtlar tərəflər arasında anlaşılmazlıq ab-havası yaransa da, bu gün bəzi mənbələrdən məlumat əldə etmişik ki, stomotoloqlarla yaranan problem artıq həllini tapıb. Yəni, onlar icra başçısının “söz sahibi” etdiyi şəxslərlə “dil taparaq” yenə də köhnə qaydada işləməkdədirlər. Onlara belə bir imkan, rayon rəhbərliyinin “dobro” deməsindən sonra yaradılıb.
Maraqlı haldır ki, stomotoloqları qanunsuz fəaliyyətdə ittiham edən və onların işlətdikləri kabinetlərini bir müddət bağlı saxlatdıran icra başçısı, görəsən nə səbəb oldu ki, mövqeyindən daşınmalı oldu?. Deməli…
Bu günlərdə əldə etdiyimiz digər səhih məlumatlara görə rayon rəhbərliyi yeni “səlib yürüşü”nə başlayıb. İndi də əsas hədəf rayondakı gözəllik salonları müəyyən edilib. Bu azmış kimi, mərkəzi ərazilərdə “çöpçü”lük fəaliyyəti ilə məşğul olanların “vergi” ödəmək tələbi ilə üz-üzə qalmaları da, Bərdədə növbəti gərginliyin əmələ gəlməsinə səbəb olmaqdadır. Artıq bu cür addımların atılması yerli iş adamlarını, orta və kiçik sahibkarları, obyekt sahiblərini və s. boğaza yığıb. Əksər gözəllik salonlarının sahibləri isə “ilişməmək” üçün, kimlərəsə “şirinlik” vermək məcburiyyətində qalıblar. Bu gün Vidadi İsayevin Bərdənin icra başçısı “post”undan gedəcəyini hər kəs gözləyir. Səbəb də onunla bağlı Prezident Administrasiyasına çoxsaylı şikayətlərin ünvanlanmasıdır. Bu şəxs təqribən yeddi ildən çoxdur ki, icra başçısı vəzifəsini daşıyır.
Ötən illər ərzində ölkə rəhbəri Bərdəyə göstərilən dəstəyi artırdı və rayona büdcədən kifayət qədər vəsait ayrıldı, amma ayrılmış pullardan təyinatı üzrə istifadə olunmadı. Yəni, Vidadi İsayev büdcə pullarını yaxın çevrəsi ilə yağmaladı, sakinlərin dərdinə şərik çıxmadı və belə bir səbəblər üzündən də, rayonda problemlər günbəgün aşıb-daşdı. Necə deyərlər, Bərdə şəhəri müasir dövrə deyil, sanki orta əsrlərin Bərdəsinə qaytarıldı. Bunula da Bərdə rayon rəhbərliyinin yarıtmaz fəaliyyəti hər kəsə bəlli oldu.
Bu gün Bərdənin icra başçısı qarşısına rayonu çapıb-talamaq, dağıtmaq, əhalini narazı salmaq və s. kimi hədəfləri qoyub. Adicə bir məqama toxunaq ki, icra aparatına dəftərxana ləvazimatlarının satın alınması adı altında büdcədən ayrılmış 8190 manatın hara xərclədiyini, onun özündən başqa bir kimsə bilmir. Bərk inventarların satın alınması üçün ayrılmış 11250 manatın da aqibəti heç kəsə məlum deyil. Həmçinin ehtiyat hissələrinin satın alınması məqsədilə ayrılmış 3150 manat və digər xərclər uzrə ayrılmış 2160 manat da icra başçısı tərəfindən “itbat” olunur.
Maraqlıdır ki, belə bir pulsilmə əməliyyatlarının böyük qismi «Təchizat BCS» MMC şirkətinin vasitəsilə həyata keçirilir. Bu şəxs rayonda gestapo rejimi yaratmaqla bərabər, həm də yaxın qohum-əqrabasına geniş imkanlar yaratmaqla da məşğuldur.
Məsələn, o, ulu öndər Heydər Əliyevin adını daşıyan parkda oğlu üçün təqribən 100 min manat dəyərində olan «Ana və Uşaq» kafesini inşa etdirib. Həmçinin parka daxil olan hər kəsi rüsum ödəməyə də vadar etdirir. Adı çəkilən kafenin tikilib başa çatdırılması üçün o, bütün məmurları əvvəlcə sıxışdırmış və onun atdığı addıma qarşı çıxan hər kəsi sərt şəkildə cəzalandıracaını da bildirir. Onu da unutmaq olmaz ki, İsayev təkcə oğlunu deyil, həmçinin kürəkənini də yaddan çıxarmayır. Yəni, o, rayonun Qaçqın Şəhərciyi adlanan ərazisində kürəkəni üçün ümumi sahəsi 100 kv.metr olan mağaza da tikdirir. Baxmayaraq ki, qanun Qaçqın Şəhərciyində bu cür obyektlərin inşa edilməsini qadağan edir.
Araşdırmamız davam edəcək. GundemXeber.az

Paylaş