Cəlilabad telekommunikasiya qovşağı rəisi Zaur Məmmədov bu sahəni “fəth” edib, su-kanal sahəsində “fətir yapmağa” başlayıb

XəbərAl.az-ın əldə etdiyi məlumata görə, sabiq ATS rəisi Cəlilabadın su-kanal idarəsinin direktoru təyin olunub.

Onun bioqrafiyası və fəaliyyəti Cəlilabad ictimaiyyətinə çox tanışdır. Yeni rabitə naziri Ramin Quluzadə də onun əməllərini təftiş edərək vəzifəsindən uzaqlaşdırıb.

Z.Məmmədov rabit sahəsindən kənarlaşsa da, su idarəsində özünə yer tapıb.

Onun dövründə Cəlilabad ATS-i işə qəbul prosesindən tutmuş yeyintilərə qədər bütün çirkaba bulaşmışdı. Yeni nazir də onunla işləmək istəməyib.

RadikalNews.info-nun mediada yazılanlar üzərində apardığı araşdırma nəticəsində o da məlum olub ki, Z. Məmmədov “Talış-Muğan Respublikasının prezidenti” Əlikram Hümbətovun ən yaxın silahdaşı olduğunu unudub.

XəbərAl.az isə yazır ki, heç kəs deyə bilməz ki, sabah nə olacaq, Z.Məmmədov da nələr edə bilər. Z.Məmmədov bir vaxtlar Ə.Hümbətovun cinayətkar birqadasında komandir işləyib və o vaxt ki, hakimiyyət rəhbərinə qarşı silah tuşlayanın biri də məhz Z. Məmmədov olub.

Bu gün Cəlilabadın icra başçısı Əziz Əzizov Z.Məmmədovu oturduğu qoltuğdan qaldırıb bayıra atsa, söz yox ki, Z. Məmmədov heç də sakit oturmayacaq.

XəbərAl.az-ın əldə etdiyi məlumata görə, Z.Məmmədov ATS-dən sonra su-kanal idarəsində rüşvət mexanizmini işə salıb. O, vəzifəyə yeni təyin olunmasına baxmayaraq, köhnə sistemi tətbiq etməkdədir.

Sabiq qovşaq rəisi telefon çəkdirmək və digər məsələlər üçün bura müraciət edən vətəndaşları süründürməçiliyə məruz qoyurdu. Vətəndaşlardan nəysə gözləyirdilər. Cari dövriyyə borcu adı altında yığılan vəsaitlər bir neçə il bundan əvvəl yığılıb qalmış borclar kimi təqdim olunurdu.

Əgər vətəndaş bir il bundan öncə evini satıb və telefon danışıqları üzrə cari dövriyyə borcunu ödəmədən qeydiyyatdan çıxırsa, borc evi alan şəxsin üzərində qalırdı.

Belə ki, həmin evi alan digər vətəndaş yeni telefon xətti çəkdirərək abunəçi statusu alır. Qovşağın əməkdaşları isə köhnə sakinin borclu olduğu həmin pulları da evi müqavilə ilə yenicə almış vətəndaşdan tələb edirdilər.

Əks halda onun telefon xətti kəsilirdi. Baxmayaraq ki, vətəndaşın köhnə nömrəyə və abunəyə, eyni zamanda danışıq qiymətinə aidiyyəti yoxdur. Ümumiyyətlə, Cəlilabad rayonunda rabitə xidmətləri ürəkaçan səviyyədə deyil.

Yerli əhali internetdən istədiyi kimi istifadə edə bilmir. Çünki internetin nə sürəti normaldır, nə də keyfiyyəti. Bunların hamısı qovşaq rəisinin uğursuz fəaliyyəti ilə bağlıdır.

Mətbuatda yayılmış bu ittihamlarla bağlı qarşı tərəfi dinləməyə hazırıq.

Paylaş