Havaların isti keçməsi ilə paytaxt Bakıda “yaşıl soyqırım”dan sağ çıxan ağacların suya olan tələbatı da artıb. Yaşayış binalarının həyətində olan yaşıllıqların suvarılması problemi gündəmə gəlib

Məlum olduğu kimi əksər yaşayış binalarının həyətlərində su kranları qoyulub. Bəzilərində şəhidlərin adına bulaqlar yaradılıb. Bu həm sakinlərin istifadəsi, həm də ağacların suvarılması üçün çox önəmlidir. Lakin son bir ildə “Azərsu” həyətlərdəki həmin su kranlarına və bulaqlara gedən suyu kəsib. Səbəb isə onlara sayğacın quraşdırılmaması və istifadə olunan suya görə pul ödənilməməsidir. Nəticədə onillərlə yaşı olan ağaclar susuzluqdan qurumağa məhkum olub.

Nizami rayonu ərazisində bir neçə küçəyə baş çəkib, vəziyyətlə maraqlandıq. Ən çox su problemi yaşanan ərazilərdən biri olan R.Rüstəmov küçəsində yaşayış binalarının arasındakı sahə başdan-başa yaşıllıqdır.

Sakinlər yaşadıqları binanın həyətinə meyvə ağacları və həmişəyaşıl ağaclar əkiblər. Onların bunu həm ekologiya naminə, həm də azyaşlı uşaqların istirahəti üçün ediblər. Lakin bu gedişlə əkilən ağacların qısa müddətdə məhv olması qaçılmazdır.

Müşahidələrimiz zamanı bir neçə ağacın quruduğunun da şahidi olduq. Sakinlərin binaların həyətinə əkdikləri dekorativ bitkilər, ağaclar da susuzluqdan saralıb. Onlar evlərindən su daşıyaraq əkdikləri bitkiləri sulasalar da, bu yetərli olmur. Yay ayları olduğu üçün demək olar ki, hər gün ağacların dibi quruyur.

25 ilə yaxındır ki, bu məhəllədə yaşayan Səidə Orucova aidiyyatı qurumlar tərəfindən yaşıllıqlara göstərilən münasibəti pisləyir: “ Mən uşaqlıqdan bu məhəllədə yaşayıram. O vaxt bu ağacları atalarımız əkdilər ki, uşaqlar, qadınlar kölgəsində dincəlsinlər. Burada ağacların ən cavanının yaşı minimum 10 ildir. O vaxt su bol idi, küçələrə pulsuz su verirdilər. İndi son 2-3 ildə ki, binaların həyətində quraşdırılan su xətlərini yığışdırdılar. Binanın həyətində iki yerdə bulaq var idi. Bir yolla onu da sıradan çıxardılar. Hər tərəf susuzluqdan yanıb, kül olur.

Televiziyalarda “yaşıllığı qoruyaq”, “ekologiyanı qoruyaq”, “ağacları kəsənlər cəzalandırılsın” deyirlər, ancaq bu qədər ağac susuzluqdan məhv olur, ona baxan yoxdur. Gözləyirlər ki, camaat cibindən pul yığsın, bunların boğazına töksün, sonra su çəksinlər. Biz ən vacib işi görmüşük, ağaclar əkmişik, yaşıllıqlar salmışıq, siz də suyunu verin, insafınız olsun…”.

Bəs görəsən, paytaxtın mərkəzi küçələrində vəziyyət necədir? Görəsən, aidiyyatı qurum isti yay günlərində vətəndaşları nəzərə alıbmı? Əhalinin sıx olduğu məkanlarda neçə yerdə su kranları quraşdırılıb? Bu suallara cavab tapmaq üçün əhalinin intensiv istifadə etdikləri mərkəzi küçələrə baş çəkirik. Paytaxt küçələrində apardığımız müşahidədən aydın olur ki, əksər ərazilərdə su kranı yoxdur. Nə metrostansiyaların girişində, nə parklarda, nə də mərkəzi küçələrdə su bulağı qoyulmayıb.

Şəhər sakinləri arasında keçirdiyimiz sorğudan da bəlli oldu ki, onlar yalnız “İçərişəhər” metrostansiyasının yaxınlığında yerləşən su kranlarını bilirlər. Bir sözlə , isti yay günlərində paytaxt sakinləri və şəhərimizin qonaqları üçün sərinləməyə heç yerdə su kranı qoyulmayıb.

Sakinlərdən Əhəd Səmədov deyir ki, heç olmasa yay aylarında vətəndaşların halına acısınlar: “Hər il su problemi yaşayırıq. Gün ərzində mərkəzi küçələrdən yüzlərlə vətəndaşımız keçir. Bakı küçələrini gəzib dolaşsaq, az sayda su kranına rast gələrik. Yol kənarında bir su xətti çəkib bulaq qoyulsa, məgər pis olar…? Qoy bir ay ərazində orada 10 manatlıq su istifadə olunsun. Axı təbiətin neməti olan su bu insanların haqqıdır. “Azərsu” bu dediklərimizi eşitsin və insanların halına acısın. Şəhid adına düzəldilmiş bulağa belə sayğac qoyublarsa, çətin ki, digər yerlərə su versinlər…”.

Qeyd edək ki, paytaxtın müxtəlif qəsəbələrində yaşayış binalarının həyətində qoyulan şəhid bulaqlarına da sayğaclar qoyulub, ödəniş edilməyən bulaqların suyu kəsilib. (Musavat.com)
Bakının susuz küçələri: Vətəndaşlar ağac, “Azərsu” sayğac hayında...
Bakının susuz küçələri: Vətəndaşlar ağac, “Azərsu” sayğac hayında...
Bakının susuz küçələri: Vətəndaşlar ağac, “Azərsu” sayğac hayında...
Bakının susuz küçələri: Vətəndaşlar ağac, “Azərsu” sayğac hayında...
Bakının susuz küçələri: Vətəndaşlar ağac, “Azərsu” sayğac hayında...
Bakının susuz küçələri: Vətəndaşlar ağac, “Azərsu” sayğac hayında...
Bakının susuz küçələri: Vətəndaşlar ağac, “Azərsu” sayğac hayında...

Paylaş