Prezident Administrasiyasının şöbə müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılovun yeni məqaləsi çap olunub
Ulus.Az-ın xəbərinə görə, PA rəsmisi məmurlara mesajlar verib. Məqalədə deyilir ki, dövlətin həyata keçirdiyi siyasətin və xalqın dövlətə münasibətinin formalaşmasında dövlət qulluqçusunun müsbət imici mühüm rol oynayır.
Onun müsbət imici isə gördüyü işin nəticəsindən, peşəkarlığından, öz vəzifə borcuna münasibətindən, insanlarla düzgün ünsiyyət qurmasından asılıdır.
Azərbaycanda dövlət qulluqçularının nə dərəcədə səmərəli fəaliyyət göstərməsi özünü məhz məmur-vətəndaş münasibətlərində büruzə verir.
Dövlət qulluqçularının fəaliyyətinə qiymət verilərkən onların vətəndaşların gündəlik problemlərinin həllinə necə yanaşması əsas meyarlardan biri sayılır.
Bu baxımdan Prezident Administrasiyasında, eləcə də respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşları narahat edən məsələlərin həlli üçün görülən işlər ölkə rəhbərliyinin həmişə diqqət mərkəzində olmuş və olacaqdır.
Çünki Azərbaycan vətəndaşları öz gündəlik qayğıları, özlərinin həll edə bilmədikləri problemlər barədə, ilk növbədə, dövlət qulluqçularına müraciət edirlər.
PA rəsmisinin məqaləsində özbaşınalığa yol verən məmurlara bir xəbərdarlıq hiss olunur.
S.İsmayılov prezidentin, siyasi hakimiyyətin mövqeyini diqqətə çatdırır. Demək istəyir ki, xalqa xidmət etməyənlər vəzifəsini itirəcəklər. Bundan qabaq da bildirilib ki, PA məmurların fəaliyyətinə uyğun onlara qiymət verəcək.
Son iki ildə bu qanundan irəli gələn digər normativ hüquqi aktlar da tamamilə yenidən işlənərək daha mükəmməl səviyyəyə çatdırılmış və həmin aktların tətbiqi bu sahədə işin daha da yaxşılaşmasına səbəb olmuşdur.
Məhz vətəndaş və məmur münasibətlərini düzgün tənzimləmək və yaxşılaşdırmaq üçün vətəndaşların müraciətlərinə baxılması məsələləri Prezident Administrasiyası tərəfindən müntəzəm nəzarətdə saxlanılır.
Bu məsələlər vaxtaşırı geniş təhlil olunur və vətəndaş müraciətlərinə baxılması üçün bütün dövlət orqanlarında, eləcə də idarə, müəssisə və təşkilatlarda, bələdiyyə orqanlarında tələbkarlıq gündən-günə artırılır.
Artıq neçə ildir ki, Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq bütün mərkəzi icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının rəhbərləri – nazirlər, komitə sədrləri və digər qurumların rəhbərləri müəyyən edilmiş qrafikə uyğun olaraq bilavasitə regionlarda vətəndaşları qəbul etdi.
Onların problemlərini öyrənib yerində həll edir, ən başlıcası, bu problemlərin yaranma səbəblərini aradan qaldırmaq üçün lazımi tədbirlər görürlər.
2013-cü ildən başlayaraq yerlərdə keçirilən səyyar qəbullarda vətəndaşlar əvvəllər ancaq televiziya ekranlarında gördükləri vəzifəli şəxslərlə ünsiyyətdə ola, öz problemlərini birbaşa çatdıraraq onlardan cavab ala bilirlər. Bu qəbullar artıq ənənə halını almış və özünü doğrultduğuna görə daha geniş miqyasda keçirilməkdədir.