Bakı-Şamaxı yolunun Müşfiqabad qəsəbəsindən keçən hissəsində yolun genişləndirilməsi və yenidənqurulması işləri böyük toz dumanı yaradır.
Axar.az xəbər verir ki, Bakı-Şamaxı yolunun genişləndirilməsi istiqamətində aparılan işlər zamanı qəsəbə ərazisindən keçən yolun bir neçə yüz metrlik hissəsi kanalizasiya və qrunt sularının axıdılması məqsədilə sistemin qurulması üçün hər iki istiqamətdə eyni vaxtda sökülüb. Nəticədə həmin ərazidən keçən maşınlar asfaltsız yoldan istifadə edir. Həm ağır texnikanın sistemli işi, həm də maşınların asfaltsız yoldan istifadə məcburiyyəti onlarla sakini yay ayında toz içində qoyub.
Yolun genişlənməsi və abadlıq üçün aparılan işlərə görə sakinlər razılıqlarını ifadə etsələr də, işlərin daha da sürətlənməsi və bir neçə yüz metrlik yolun toz qalxmaması üçün gün ərzində sulanmasını istəyirlər. Axar.az-a açıqlamalarında sakinlər sözügedən ərazinin sulanması üçün inşaat işləri aparan briqadaya bir neçə dəfə müraciət etdiklərini, lakin heç bir faydası olmadığını bildirdilər.
Azəravtoyol ASC mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, hazırda sözügedən ərazidə işlər sürətlə aparılır və qısa müddətdə yekunlaşdırılması planlaşdırılır:
“İş gedən yerdə istəsək də, istəməsək də toz-torpağın olması qaçılmazdır. Bunun qarşısını nisbətən almaq və sakinlərin rahatlığı üçün su maşınları ilə ərazi bir neçə dəfə gün ərzində sulanır. Sadəcə, intensiv hərəkət və isti hava nəticəsində maksimum yarım saata yol yenidən quruyur”.
A.Nəcəfli sakinlərin istəyini nəzərə alacaqlarını və gün ərzində ərazinin sulanması intervalını artıracaqlarını da bildirdi.