“Bəzi internet resurslarında Milli Məclisin üzvü Məlahət İbrahimqızının qardaşı Mehmandar Həsənovun həbs olunması ilə bağlı yayılan xəbərlər yanlışdır”.
Qeyd edək ki, bu, Gununsesi.info-nun məsələ ilə bağlı araşdırması zamanı ortaya çıxıb.
Apardığımız araşdırmada bəlli olub ki, bu barədə xəbərlər heç bir mənbəyə əsaslanmadan yayılıb. Belə ki, Mehmandar Həsənovun həbsi ilə əlaqədar yayılan məlumatlar yalandır, öz təsdiqini tapmayıb.
Xatırladaq ki, millət vəkili Məlahət İbrahimqızının qardaşı, Azərbaycan-Gürcüstan sərhədindəki Sadaxlı Gömrük Postunun rəisi Mehmandar Həsənovun Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən saxlanılması ilə bağlı bəzi internet resurslarında informasiya yayılıb.
Bundan başqa, onu da nəzərinizə çatdıraq ki, bu xəbər yayılarkən Dövlət Təhlükəsizlik Xidmətinin rəyi öyrənilməyib. Gununsesi.info-nun araşdırması zamanı sözügedən xəbərin yalan olduğu üzə çıxıb. Bu badərə deyilənlər yalan, böhtan xarakterli əsassız informasiyadır.
Qeyd edək ki, məsələ ilə bağlı Gununsesi.info millət vəkili Məlahət İbrahimqızı ilə əlaqə saxlayıb, onun mövqeyini öyrənib.
O, yayılan informasiyanın tamamilə yalan olduğunu bildirdi: “Təəssüf edirəm ki, bu cür həqiqəti əks etdirməyən məlumatlar tirajlanır, kiməsə böhtan atılır. Mən umumiyyətlə, bu cür xəbərlərə münasibət bildirmək istəmirəm. Bu, yalan, böhtan və sifarişdir. Hansısa jurnalistin DTX adından belə yanlış informasiya verməsi heç cür qəbul olunmazdır. DTX ilə əlaqə saxlayıb öyrənsinlər görsünlər belə bir şey olubmu?! Əlbəttə ki, bu məlumat doğru deyil”.

Paylaş