“Azərsun” holdinqin Xaçmazdakı “Qafqaz” konserv zavoduna mənşəyi bilinməyən ət məhsullarının apardığını deyən şəxsin hazırda nə işlə məşğul olduğu araşdırma zərurəti yaradıb
Məmmədyarov Eynulla Balaşərif oğlu heyvan ətlərini Bakı şəhərindən Xaçmazda olan “Qafqaz” konserv zavoduna təhvil vermək məqsədi ilə gətirdiyini bildirmişdi.
Ancaq bundan sonra holdinq israrlı şəkildə iddiaları təkzib etdi. Bu təkziblərdən sonra məlum olmadı ki, həmin ətlər hara aparılıb, bundan əvvəl də hansı müəssisələrə çatırırmış, indi fəaliyyətini davam etdirir, ya yox.
O da aydındır ki, prezidentin və əhalinin daim diqqətində olan bir şirkətin murdar, leş, mənşəyi bilinməyən ətdən istifadə etməsi barədə iddialarla mətbuatın gündəminə çıxması reputasiyasını zədələdi.
Bununla belə, əhalini inandırmaq və işi dərindən araşdırmaq üçün məsələnin kökünə getmək zərurəti var idi.
Şirkət isə jurnalistləri zavoda dəvət etməklə işini yekunlaşdırdı. Dövlət Baytarlıq Xidməti də “Azərsun” deyilsə, bəs hansı obyektin yarım ton əti qəbul etdiyini araşdırmadı. Bu müəmmalar cavabsız qaldı.
Məmmədyarov Eynulla Balaşərif oğlu da susduruldu bə məsələ ört-basdır edildi.
Onun isə ölkədə onlarla zavod olduğu halda məhz “Azərsun”un Xaçmazdakı zavodunun adını çəkməsi də suallar doğurur. Bundan başqa, həmin ət məhsullarının müayinəsinin nəticələri açıqlanmadı.
Əslində məsələ belə olub: Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) aidiyyəti qurumlarla birlikdə qanunvericiliyə uyğun ölkə ərazisində insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədilə dövlət baytarlıq nəzarətini həyata keçirir.
DBNX-dan verilən məlumatına görə, baxış zamanı avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, şaqqalara bölünmüş 500 kq çəkisində olan heyvan əti, 2 ədəd kəsilmiş malın baş-ayağı və daxili orqanları aşkar olunub.
İlkin araşdırma zamanı Məmmədyarov Eynulla Balaşərif oğlu heyvan ətlərini Bakı şəhərindən Xaçmazda olan “Qafqaz” konserv zavoduna təhvil vermək məqsədi ilə gətirdiyini bildirib.
Qurumun mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlli açıqlamasında bildirib ki, sənədlərin olmadığına görə mənşəyini müəyyənləşdirmək üçün ətdən nümunələr götürülüb:
“Ətlərin “Azərsun”un konserv zavoduna aparıldığı barədə fikirlər mal sahibinə aiddir. Bizim belə bir açıqlamamız olmayıb. Bununla bağlı da araşdırma aparılır.
Bəzi hallarda “Ətin mənşəyi məlum deyil” yazıldıqda, onun sağlam olmaması kimi başa düşülür. Amma mənşəyi məlum olmayan hər əti yararsız adlandırmaq olmaz.
Bu, laboratoriya müayinələrindən sonra məlum olur. Hər mənşəyi bəlli olmayan ət leş deyil. Sənətsiz gəlibsə, biz onu yoxlamalıyıq. Bizim məlumatımızda leş söhbəti yoxdur. Bunu özlərindən yazırlar”. ulus.az
Amma DBX laboratoriyanın müayinələrinin nəticələrini də açıqlamadı və yarım ton ətin taleyi qaranlıq qaldı.
Ən dəhşətlisi budur ki, “Elba” MMC-dən sonra “Azərsun”a aid müəssisədə də oxşar hadisənin baş verməsi insanların istehsalat obyektlərinə inamını sarsıdır.
Vətəndaşlar bilmirlər ki, hansı şirkətin kolbasa-sosiska məhsullarını alsınlar, hansı firmanın ağartı mallarını yesinlər, hansı obyektin içkisini içsinlər.