Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alarkən həbs olunan Narkoloji Dispanserin baş həkimi Hüseyn Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə təqsirləndirilən şəxslər ifadə verib. Mətanət Şamçiyeva ifadə verərək deyib ki, dispanserdə arayış vermək üçün vətəndaşlardan pulu yığıb baş həkimə verib:

“Hüseyn müəllim özü demişdi ki, pulları yığıb mənə ver. Dekabrdan pul toplanmağa başlamışdı, fevralın 1-nə kimi 2800 manat pul yığılmışdı. Yığılan pullardan cəmi bir dəfə 40-50 manat mənə verib. Arayışa görə standart pul tələb etmirdik. Bir manat verən də var idi, qəpik qoyub gedən də var idi. Hüseyn müəllim deyirdi ki, pulları mənim otağıma qoyma. Mən də öz otağımda saxlamağa qorxurdum. Ona görə laboratoriyada saxlayırdım”.

Vəkil vəsatət verib ki, M.Şamçiyevanın 23 fevraldakı ifadəsi elan edilsin. İfadə elan edilərkən məlum olub ki, M.Şamçiyeva tibb qeydiyyatçısı işləyib: “Arayış vermək qanunla pulsuzdur, heç vaxt pul tələb etməmişəm. Vətəndaşlar pul vermək istəyirdilər, mən götürmədən əvvəl baş həkimə məlumat verirdim. O da pulu toplayıb ona verməyimi istəyirdi”.

Hüseyn Həsənov ifadə verərək özünü təqsirli bilmədiyini deyib: “Bu qadın yalan danışır. Mən nə ona pul yığmağı tapşırmışam, nə pul yığılmasından xəbərim olun, nə də mənə pul verilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının əməliyyat keçirdiyi görünən videodakı şəxsin mənim olub-olmadığımı deyə bilmərəm. Bunun üçün ekspertiza keçirmək lazımdı.

Videogörüntülərdə səslənən pul söhbətinin rüşvətlə heç bir əlaqəsi yoxdur. Söhbət ondan gedir ki, fevralın 1-dən bir neçə gün öncə Mətanət xanım mənə müraciət edərək özünə mebel almaq üçün pul borc istəmişdi. Mebellə bağlı konkret qərar vermədiyi üçün təxminən 3 min manat istəmişdi, mən də razılıq verdim. Amma bir şərt qoydum ki, işçilər bunu bilməsin, sonra hər kəs gəlib pul istəməsin, mən bank deyiləm. Mətanət xanım siyahı göstərib dedi ki, filan qədər şkafdı filan. Mənə o maraqlı deyildi. Sonra pulu ona verdim, böyük nominantlarla. Mənə demişdi ki, 4-5 aya borcunu qaytaracaq, amma hələ də qaytarmayıb. İnşallah, qaytarar”.

H.Həsənov deyib ki, əməliyyat keçirilən zaman prokurorluq əməkdaşları iki dəfə çəkiliş edib: “Əvvəl içəri girən kimi soruşdular ki, bu nə puldu? Mətanət xanım dedi ki, borcdu. Onlar kameranı söndürüb Mətanət xanımı o biri otağa apardılar, yarım saat nəsə söhbət etdilər. Sonra mənim otağıma gəldilər, təzədən kameranı qoşdular. Mətanət xanım dedi ki, pul arayışlardan yığılıb”.

Məhkəmə prosesi iyulun 13-də davam etdiriləcək.

Qeyd edək ki, Hüseyn Həsənov 2017-ci ilin yanvar-fevral aylarında işlədiyi müəssisədə tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi tələb edib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı baş həkim rüşvət alarkən həbs edilib. Hüseyn Həsənov barəsində həbs qətimkan tədbiri seçilib, M.Şamçiyeva isə həbs edilməyib.

Paylaş