Bakı şəhər sakini Səidə Əliyeva estetik klinika haqqında məlumatlar yaydıraraq pul istəyir.

Eyni zamanda həkim olan S.Əliyeva mühasib işlədiyi Mərkəzi Neftçilər Xəstəxanasından da rəy aldığını bildirərək qarşı tərəfi məhkəmə və mətbuatla hədələyib.

Üzünün klinika tərəfindən yandırıldığını deyən Əliyevanın bu iddiası ilə əlaqədar VİP Style Estetik Klinikasının rəsmisi Fatimə İsayeva saytımıza bildirdi ki, ilk dəfədir belə bir böhtanla üz-üzə qalırlar:

“Səidə xanım 17 dəfə (26.02, 01.03, 05.03, 10.03, 15.03, 18.03, 22.03, 27.03, 31.03, 05.04, 12.04, 17.04, 22.04, 28.04, 08.05, 03.06 və 10.06 tarixlərində) bizim klinikamızda prosedurlarda olub. Əgər həqiqətən iddia etdiyi kimi problem olsa idi bu qədər prosedura gəlməz, ardıcıl məhsullar əldə etməzdi”.

F.İsayeva pasiyentlərinin məsuliyyətsizliyinə görə üzünün yandığını, ona bu barədə xəbərdarlıq etdiklərini vurğulayıb:

“S.Əliyeva mütəmadi olaraq xarici ölkələrdə səfərlərdə olur, klimatik hava şəraitini dəyişirdi. Biz ona bu barədə bildirmişdik və qeyd etmişdik ki, dərisi günəş və küləyin mənfi təsirinə məruz qalaraq yana bilər. Klinikamızın üzə qulluq vasitələrindən istifadə edilən dövrdə pasiyentlərə xüsusilə bildirilir ki, günəş şüalarından uzaq qalınmalıdır. Səidə xanımın isə may ayında baş tutan son xarici səfərindən sonra üzündə qaralma müşahidə edilmiş, ondan sonra klinikamıza gələrək şikayət etmişdir. Biz ona üzündəki qaralmanın günəş şüasından yarandığını bildirsək də, o, israrla ödədiyi pulu geri istədi. Biz ona istifadə etmədiyi 1100 manatlıq kremləri geri götürə biləcəyimizi bildirdikdə, o, bununla razılaşmayıb bizi hədələməyə başladı. Haqqımızda mətbuata açıqlamalar verərək bizi biabır edəcəyini qeyd etdi”.

Klinika rəsmisi pasiyentləri ilə aralarında ilk dəfədir belə xoşagəlməz vəziyyət yarandığını bildirdi:

“İlk dəfədir ki, belə bir hadisə ilə rastlaşırıq. Bilirik ki, bizim klinikamızın məhsulları heç kimə mənfi təsir edə bilməz. Bu məhsullar dünyanın ən tanınmış firmalarının istehsalıdır və ölkəmizdə də uyğunluq sertifikatı var. Həmçinin mətbuatda Səidə xanım özünü həkim kimi təqdim etsə də o, mühasib vəzifəsində çalışır”.
Ölkə.Az

Paylaş