Masazır qəsəbəsində yerləşən “Qurtuluş-93” MTK-nın tikdiyi binaların kanalizasiya suyunu Duzlu gölə axıtması haqda iddia ciddi rezonans doğurub
Ulus.Az-ın xəbərinə görə, Ukraynada yaşayan iş adamı Nazim Qəzənfərovun qəfildən meydana çıxaraq sözügedən şirkətin sahibi, şəriki olmuş Məhərrəm Novruzov haqda səsləndirdiyi ittihamlar diqqət mərkəzindədir.
Onun sözlərinə görə, vaxtilə şəriki olduğu M.Novruzov “Qurtuluş-93” MTK-nın tikdiyi binaların kanalizasiya suyunu Duzlu gölə axıdır. Hər halda sahibkarın bu ittihamı iki nüans yaradır: ya həqiqəti danışır, ya da yalanı.
Amma hər ikisi araşdırılmalıdır. Əgər o, şirkətə böhtan atırsa məhkəməyə verilə bilər. Əgər doğrunu deyirsə, o zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu” və müvafiq qurumlar iddianı araşdırmalıdır.
Çünki iş adamının sözlərinə şirkətdən ümumi münasibət bildirilir, amma əhalidə şübhələr qalmaqdadır. İstənilən halda insanlar ürəyində narahatlığa son qoymağın yeganə yolu məsələni araşdırmaqdır.
İş adamı da böyük bir məsuliyyətin altına girərək bir tikinti firmasını Duzlu gölü murdarlamaqda ittiham edir. M.Novruzov isə aydınlıq gətirməlidir ki, “Qurtuluş-93” kanalizasiya suyunu hara axıdır
Son günlər Sumqayıt və Tağıyev qəsəbəsində 119 uşağın zəhərlənməsi fonunda bu məsələnin də üzə çıxması həyəcan təbili çalmağa əsas yaradıb.
Ulus.Az-ın xəbərinə görə, N.Qəzənfərov M.Novruzovun adından yayılan cavab açıqlamasının həqiqətə uyğun olmadığını söyləyib.
Nazim Qəzənfərov Lvov şəhəri, Liçakovski küçəsi, 259-da yerləşən binanın kanalizasiya xətti ilə bağlı Məhərrəm Novruzovla aralarında baş verən maraqlı bir dialoqu da xatırladıb.
N.Qəzənfərov bildirir ki, məlum bina hazır olandan sonra 500 metr məsafədən kanalizasiya xətti çəkməli idik.
M.Novruzov bildirdi ki, o qədər pul xərcləyib 500 metr məsafədən kanalizasiya xətti çəkməkdənsə, kanalizasiyanı binanın arxasından keçən qrunt və bulaq sularından yaranmış kiçik çaya qoşaq:
“Əlbəttə, mən bunun cinayət olduğunu bildirdim və o mənim sözümə gülərək dedi: “Mən o boyda “Qurtuluş 93”-ün ana kanalizasiya xəttini gizli yolla “Duzlu gölə” qoşmuşam və heç bir problem də yoxdu”.
Sözün düzü bu məni şoka saldı. Müalicə əhəmiyyətli “Duz göl”ü çirkaba bulaşdırmağı gələcək nəsillər bizə bağışlamaz. Fikirləşəndə ki, “Duz göl”ün digər tərəfində çox yüksək səviyyəli xörək duzu istehsal olunur, məni dəhşət bürüdü”.
Ona görə də Azərbaycanın müvafiq dövlət qurumları M.Novruzovun verdiyi bu informasiyanın nə qədər həqiqət olduğunu araşdırmalıdırlar.
İllərdir ki, Masazırda onlarla binanın kanalizasiya suyunun hara axdığını təftiş etmək zərurəti yaranıb. Bu dəhşətli bir ittihamdır və təsdiqini taparsa cinayət məsuliyyəti yaradır.