2001-2016-cı illər ərzində Dövlət Neft Fondunda neft-qaz satışından və sair mənbələrdən daxilolmaları 130,8 milyard ABŞ dolları olub

Ulus.Az-ın İqtisadiyyat Şöbəsi xəbər verir ki, bu vəsaitin təxminən 33,15 milyard ABŞ dolları və ya 25,3 faizi yığıma yönəldilib. Yerdə qalan 97 milyard 650 milyon dolları və ya 74,7 faizi xərclənib.

Beləliklə də xərclənmiş neft pulları bu günkü məzənnə ilə 166 milyard manat təşkil edir ki, bu da adambaşına 16 min manat neft gəlirinin artıq xərcləndiyi deməkdir.

Yəni həmin pul xərclənməyib yığım kimi elə dollarla saxlanılsa idi, hətta ondan əlavə dəyər yaranmasa da belə 5 nəfərlik ailəyə hazırkı kursla 80 min manat vəsait çatardı.

Azərbaycanda isə neft gəlirlərinin səbatsız, amma məqsədli idarəedilməsi nəticəsində kiçik qrup milyonlara, hətta bəziləri milyardlara sahib oldu, sıravi vətəndaşlar isə hələ uzun müddət banklara olan min manatlarla borclarların girdabında çabalamaqdadır.

Onu da deyək ki, Azərbaycan prezidenti İlham Əliyev bu il mayın 12-də Dövlət Neft Fondu vəsaitlərinin 2017-ci ildəki əsas xərc istiqamətləri və investisiya siyasəti ilə bağlı fərman imzalayıb.

Fərmana əsasən, məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, dövlət büdcəsinə transfertlər və makroiqtisadi sabitliyin təmin edilməsindən ötrü Mərkəzi Banka transfertlər əsas xərc istiqaməti olacaq.

Neft Fondunun vəsaitləri həmçinin Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə, Cənub Qaz Dəhlizi layihələrinin maliyyələşməsinə və gənclərin xarici ölkələrdə təhsilinə yönəldiləcək.

 Neft Fondu 2001-ci ildə fəaliyyətə başlayıb. O vaxtdan Fonda 125 milyard dollardan çox vəsait daxil olub.

Fondun aktivləri hazırda 33 207,2 mln. ABŞ dollarına bərabərdir. Biz vətəndaşlara nağd pul verib, onları təmbəlləşdirə bilərik, amma neft pulları tükənən zaman vəziyyət necə olacaq?

Daha məqsədəuyğun olanı məhz iqtisadiyyatın mərhələli inkişafı hesabına insanların gəlirlərinin artmasına nail olmaqdır.

Sahibkarlar fəliyyətinin genişlənməsi, dövlət qulluqçusu əmək haqqının artması hesabına gəlirlərini artıra bilərsə, bu, daha davamlı olar. Gəlirlərin belə artımı neft gəlirlərilə əlaqəli olmayacaq və təbii ki, daha dayanıqlı olacaq.

Digər tərəfdən neft gəlirləri hökuməti, eləcə də cəmiyyəti tənbəlləşdirir. Bu halda resursların lənətlənməsi tək hökuməti deyil, eyni zamanda əhalini də tutacaq.
Ona görə də, neft sahəsindən əldə olunan gəlirin birbaşa vətəndaşlara paylanaması arzuolunan hal deyil.

Paylaş