İsmayıllıda iki nəfərin faciəvi şəkildə öldüyü “Green House” istirahət mərkəzinin sahibi ilə bağlı maraqlı faktlar üzə çıxıb 

Mətbuatda faciə baş verən məkanın iş adamı, “qozbel İman” ləqəbi ilə tanınan İman Quliyevə məxsus olmasıyla bağlı yazı tirajlanıb. Bildirilir ki, “Green House” istirahət mərkəzi “Nyu Sfera-Turizm” MMC-yə məxsusdur. “Nyu Sfera-Turizm” şirkəti “Nyu Sfera” şirkətlər qrupuna daxildir.

Şirkətlər qrupunun prezidenti İman Quliyevdir.

Ulus.Az xəbər verir ki, bakuPost.az-ın kiçik araşdırması ilə el arasında “Qozbel İman” kimi tanınan biznesmenin əslində mətbuatda kifayət qədər tanınan şəxs olduğu məlum olub.

Belə ki, Qozbel İman” kifayət qədər qalmaqallı və mətbuatın tanıdığı adamdır.

O, “Xalqlar Dostluğu” yarmarkasının sahibidir.

Bir müddət əvvəl onun “Romance palace” şadlıq evi, “Şərq Saray” restoranını satışa çıxardığı xəbəri yayılmışdı. Onun Xətai və Nizami rayonlarının ərazisində çoxsaylı ticarət obyektlərinin olduğu deyilir.

Bundan əlavə, İ.Quliyev “MTN çetesi”nin toruna da düşmüşdü. Onun Xətai rayonu, İnqilab İsmayılov küçəsi 4, 5, 6 saylı binaların həyətində yerləşən, təqribən 60 sot yaşıllıq zonanın məhv olunması və torpağın ələ keçirilməsi MTN dəstəsi tərəfindən saxlanması ilə nəticələnmişdi.

İş adamı rəsmi olaraq 19 min 200 manat cərimələnmişdi. Musavat.com isə o zaman yazmışdı ki, “qozbel İman”ı bir neçə dəfə MTN-ə aparıb, pulunu alıb buraxıblar.

Ancaq o zaman İmanın “MTN işi” istintaqından yayınmasının bir səbəbi kimi yüksək rütbəli məmurlarla qohumluq əlaqəsinin olması göstərilirdi.

Xatırladaq ki, İsmayıllıdakı hadisə zamanı Bakı şəhər Binəqədi rayon sakini, 1984-cü il təvəllüdlü Emin Zakir oğlu Adıgözəlov , Abşeron rayonu Xırdalan qəsəbə sakini, 1979-cu il təvəllüdlü Gülhüseyn Xaliqverdi oğlu Quliyev dünyasını dəyişib.

Zaqatala rayon sakini 1981-ci il təvəllüdlü Eltəkin Məhəddin oğlu Ömərov və Bakı şəhəri Nizami rayon sakini, 1986-cı il təvəllüdlü Zakir Mahir oğlu Əliyev isə xəstəxanaya çatdırılıb.

Paylaş