Komitədə vətəndaşları qəbul edən şübhəli  Firudin Səfiyev kimdir?

Azərbaycandakı sənədsiz yaşayış evləri və digər tikililərin rəsmi dövlət qeydiyyatına alınması ilə bağlı Prezident İlham Əliyevin tapşırığından 6 ildən artıq vaxt keçsə də, bu məsələ hələ də həllini tapmayıb.

Xatırladaq ki, dövlət başçısı bu problemi 2011-ci ilin martın 9-da Bakı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə səsləndirib.

Ölkə başçısı həmin müşavirədəki çıxışında bu məsələni son dərəcə konkret qoymuşdu: “O evlər və digər tikililər qeydiyyata alınmalıdır. Amma sirr deyil ki, qeydiyyata alınma zamanı əsassız tələblər də irəli sürülə bilər, rüşvət, əsassız maraqlar da ola bilər. Ona görə də göstəriş vermişəm, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənilməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək”.

Bəli, atalar demişkən, “Pir mənimdir kəramətinə bələdəm”.

Ölkə Prezidenti 6 il öncə xalqın xeyrinə təşəbbüs irəli sürəndə Əmlak Məsələləri Dövlət Komitəsində və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində çalışan məmurların, o cümlədən Həsənov Kərəmin kəramətinə gözəl bələd idi. Bilirdi ki, bəzi məmurlar tamah ucbatından bu təşəbbüsə imkan verməyəcək. Əlimizdə olan xeyli sayda materiallar bunu təsdiqləyir.

Bir müddət əvvəl, konkret desək aprel ayında Qarabağ Müharibəsi veteranı, Laçın rayonundan məcburi köçkün Zahid Novruzov hüquqi yardım üçün Qafqaz Hüquq Mərkəzinə etdiyi müraciətdə bildirirdi ki, 25 ildir Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayır: “Bütün müvafiq təşkilatların, Suraxanı icra hakimiyyətinin, yerli bələdiyyənin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Azərsu”, “Azəriqaz” və digər bütün aidiyyəti təşkilatların rəsmi icazəsi ilə Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, 10/1 ünvanda yerləşən 80 kv/metr torpaq sahəsi üzərində 1 mərtəbəli qeyri-yaşayış obyekti tikmişəm. Tikinti başa çatandan sonra obyektə “texniki pasport” almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) müraciət etdim”. ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Bakı şəhər Ərazi İdarəsinin rəis müavini Xəyalə Mərdanova 12 noyabr 2012-ci ildə cavab məktubunda (№123020643193) vətəndaşa yazır ki: “Yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, torpaq sahəsi Bələdiyyə ərazisinə aid deyil və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə düşür”.

Ortaya xeyli suallar çıxır: əgər həmin ərazi SOCAR-a məxsusdursa, Suraxanı icra hakimiyyəti, bələdiyyə, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu”, “Azəriqaz” tikintiyə necə icazə verib?…

Vətəndaşın müraciəti əsasında “LEGİON”-un apardığı jurnalist araşdırması zamanı müvafiq qurumlar həmin ərazinin SOCAR-a dəxli olmadığını bildirdilər.

Bəs, Kərəm Həsənovun rəhbəri olduğu komitə niyə vətəndaşı dağa-daşa salır?..

Məqsəd nədir?..

Şikayətçi Zahid Novruzov bu suala belə cavab verdi: “Mənə müvafiq sənədlər vermək üçün Əmlak Məsələləri Dövlət Komitəsi məndən 5 min manat rüşvət tələb etdi. Mən rüşvət verməkdən imtina etdim. Mənim 60 yaşım var, Qarabağda döyüşmüşəm, veteranam, mən niyə məmurlara rüşvət verməliyəm? Mən buna görəmi mənfur ermənilərlə vuruşmuşam?”

Zahid Novruzovun şikayəti mətbuatda dərc olunandan bir gün sonra onun mobil telefon nömrəsinə zəng edərək təcili ƏMDK-ə dəvət edirlər.

Bu barədə Zahid Novruzov LEGİON-a aşğıdakıları söylədi: “Mən Əmlak Komitəsində oldum. Məni komitənin şöbə müdiri Şəmsi müəllim qəbul etdi. Onun göstərişi ilə mən lazım olan bütün sənədləri komitənin əməkdaşına təqdim edərək sənədlərin qəbulu ilə bağlı 1117044144 saylı qəbz aldım. Həmin qəbzdə 30 iyun tarixdə 1-ci otağa gəlib mülkiyyət sənədini ala biləcəyim qeyd olunmuşdu”.

Zahid Novruzov müxbirimizə bildirib ki, mənim sənədlərimdə hər hansı bir problem olsaydı sənədlərimi qəbul edib mənə qəbz verməzdilər.

Zahid Novruzov komitə əməkdaşının dediyi kimi iyun ayının sonunda komitəyə getsə də bəlli olub ki, ortada heç bir sənəd yoxdur və onu get-gələ salıblar.

Zahid Novruzov müxbirimizə onu da bildirib ki, sonuncu dəfə komitədə məni 1-ci otaqdan 7-ci otağa göndərdilər. Orada məni bir şəxs qəbul etdi: “Otağın qapısında heç bir vəzifə, yaxud şəxs adı-soyadı yox idi. Həmin şəxsdən vəzifəsini dəfələrlə soruşsam da heç bir söz demədi. Çətinliklə həmin şəxsin ad-soyadını öyrənə bildim – Firudin Səfiyev. Həmin şəxs mənim yanımda kiməsə zəng elədi və sonra mənə dedi ki, sənin obyektin yerləşən torpağın SOCAR-a məxsus olub-olmaması ilə bağlı quruma 173020533387 saylı sorğu-məktub göndərmişik.

Komitədən mənə verilən qəbzdə 30 iyun tarixdə sənədlərin veriləcəyi göstərilmişdir, bəs nə üçün bu məsələ bu qədər uzanır.

Firudin Səfiyev dedi ki, mənimki ondan alıb sənə satmaqdır, mən nə bilim”.

Sonda Zahid Novruzov müxbirimizə bildirib ki, mən hələ də komitə nümayədəsinin nə demək istədiyini başa düşə bilmirəm.

Biz QAFQAZXEBER.AZ  olaraq komitə sədri Kərəm Həsənovdan soruşmaq istəyirik ki, sizin əməkdaşınız “mənimki alıb-satmaqdır” deyəndə nəyi nəzərdə tuturmuş?

Atalar demişkən, lalın dilini nənəsi bilər. Yəqin ki, cənab komitə sədri, siz bu lal-dili oyununu bilməmiş olmazsınız.

Bəlkə yenidən məcburi köçkün, Qarabağ müharibəsi veteranından 5 min manat almaq söhbəti ortaya çıxıb?

Yəqin ki, yaxın günlərdə bu məsələyə aydınlıq gələcək.

Sənan Məmmədli

QAFQAZXEBER.AZ

Prezidentin xoşniyyətli təşəbbüsü və Həsənov Kərəmin “kəramət”i

Qarabağ müharibəsi veteranı: “Əmlak komitəsi məndən 5 min manat rüşvət istəyir”


Paylaş