Xalidə Ramazanova öz qayınları Qabil və Mübarizdən dəfələrlə Abşeron RPİ-yə şikayət etdiyini, amma Rəfael adlı təhqiqatçının heç bir tədbir görmədiyini deyir

Bakı-Sumqayıt yolunda yerləşən tanınmış “Pəhləvan” kafesinin sahiblərindən şikayət edən xanımın şikayəti 9 aydır Abşeron RPİ-də araşdırılmır.

Bu barədə QAFQAZXEBER.AZ saytına şikayətçi vətəndaş, Abşeron rayonu, Saray qəsəbəsinin sakini Xalidə Ramazanova bildirib.

O, əri Habil Ramazanovun əkiz qardaşı Qabil Ramazanov və digər qaynı Mübariz Ramazanov tərəfindən haqsızlığa, hətta şantaja məruz qaldığını bildirib.

“Onlar ərimin obyektlərini mənimsəyiblər, Habili və oğlumu da öz yanlarına çəkiblər, narkotikə qurşandırıblar. Mənimsə haqqımda müxtəlif şayiələr yayıblar”, – deyə X.Ramazanova bildirdi.

Şikayətçi qeyd etdi ki, “Pəhləvanlar”ın sahibi Qabil Ramazanovdur, Mübariz isə onun “sağ əl”idir.

Onun sözlərinə görə, qardaşlar hətta öz yaxın qohumlarından birinə işgəncə verib, guya X.Ramazanova ilə gəzdiyini boynuna qoyublar.

“Həmin adam da böyük qaynımın oğludur. Onlar çox vicdansız adamlardır. Onu da şantaj edirlər. Mənim barəmdə də ağlasığmaz şeylər yayırlar ki, adam arasına çıxmayım”, – deyə X.Ramazanova vurğulayıb.

O, Ramazanov qardaşlarının şantaj-işgəncə əməlləriylə bağlı Abşeron RPİ-yə fotofakt da təqdim etdiyini qeyd etdi.

X.Ramazanova əlavə etdi ki, Qabil və Mübarizin işlətdiyi o kafe əxlaqsız yuva kimi tanınır: “Təhqiqatçı Rəfael müəllim isə işə baxmır, marağında deyil. Ancaq Mehriban xanıma etdiyim şikayətdən sonra mənə zəng edib çağırdılar, dedilər ki, araşdıracağıq. Amma yenə də, inanmıram ki, bir tədbir görələr”.

Biz adıkeçən Rəfael müəllimi də tapdıq.

“O işə mən baxmıram, sadəcə indi təhqiqat şöbəsinin rəisini əvəz edirəm. İşə kim baxır, bilmirəm. O qadınla rəis müavini görüşüb. Əlavə məlumat üçün DİN-in mətbuat xidmətinə zəng edin”, – deyə Abşeron RPİ-nin təhqiqatçısı bildirdi.

Biz sonrakı saatlarda  Abşeron RPİ-dən əlavə məlumat öyrənməyə çalışdıq. Lakin bizə bildirdilər ki, bu işlə bağlı təhqiqatçı Rəfael müəllimlə əlaqə saxlasaq yaxşı olar… Sonra isə adıkeçən polis zabitiylə danışmaq bizə müyəssər olmadı.

 

Paylaş