Bir müddət əvvəl 365info saytında “Keçmiş MTN generalları nə üçün arvadlarından boşanır?” başlıqlı məqalə dərc olunmuşdur.

Qısa xatırlatma üçün bildirək ki, məqalə 2015-ci ilin oktyabrında ləğv edilmiş MTN generallarından biri olan Pərviz Səfərovun “həyat yolun”dan bəhs edirdi.

Məlumat üçün onu da qeyd edək ki, keçmiş MTN generalları gələcək hüquqi mübahisələrdən, mülkiyyət problemlərindən yayınmaq üçün öz həyat yoldaşları ilə kağız üzərində boşanmağa qərar veriblər. Keçmiş nazir Eldar Mahmudovun yaxınlarından olan, işdən azad edilsə də cəzadan yayına bilən Pərviz Səfərov da öz həyat yoldaşı Fərəh Səfərovadan boşanmaq qərarına gəlib.

 

Fərəh Səfərova ilə bağlı onu da qeyd edək ki, bu xanım vaxtilə Elçin Bədəlov adlı bir şəxslə dizayn sahəsində ortaq-şərik biznesləri olub. Sonradan Elçin Bədəlov hansısa səbəbdən Fərəh xanımla partnyorluğa son qoyaraq “Nort Vest Konstrakşn” şirkəti ilə birgə çalışmağa başlayır. Elçin Bədəlovun bu hərəkəti cəzasız qalmayıb. Və xanımının şikayəti əsasında Pərviz Səfərov Elçin Bədəlovu MTN-ə apararaq ondan 100 min manat pul alır və üstəlik ona lazım olan məsələləri “başa salır”.

Qısa məzmununu xatırlatdığımız məqalənin dərcindən sonra 365info-ya bu şəxslərlə bağlı maraqlı məlumatlar daxil olub.

Məlumatın birindən bəlli olur ki, Bədəlov Elçin Tofiq oğlu EFA Konstrakşn MMC şirkətinin təsisçisi və baş direktoru olub. Və bu şirkət Texnika Bankla əməkdaşlıq edərək bankdan kredit götürüb. EFA-da çalışanlardan biri də Səfərova Fərəh Gülməmməd qızı olub. Yəni Fərəh Səfərova bu şirkətdə dizayn, Elçin Bədəlov isə inşaat işləri ilə məşğul olub.

Hətta mənbənin verdiyi məlumata görə şirkətin adının baş hərifləri E-Elçin FA-Farah adı ilə bağlıdır.

Hətta bu biznes cütlüyü şəhərdə öz tanışlarına şirkətlərinin adını yarızarafat-yarıciddi ƏFİ ilan kimi təqdim edərək özlərinin məğlubedilməz imicini yaratmağa çalışıblar.

Yazının bu yerində xırda haşiyə çıxaraq qeyd edək ki, Binəqədi məhkəməsində keçirilən iclasda Elçin Bədəlov bildirmişdir ki, o Etibar Əliyevi tanımır və Texnika bankdan kredit götürməyib.

Ancaq redaksiyamıza daxil olan məlumatdan bəlli olur ki, Elçin Bədəlov özü həmin bankdan kredit götürməsə də onun təsis etdiyi şirkət bankdan kredit götürüb.

 

Hətta mənbənin verdiyi məlumata görə EFA KONSTRAKŞN MMC-nin Vergilər Nazirliyinə böyük məbləğdə borcu yaranıb, ancaq Fərəh Səfərova ilə Elçin Bədəlovun biznes partnyorluğuna son qoyulan kimi, Elçin Bədəlov təsisçi və baş direktoru olduğu şirkətin fəaliyyətini 2011- ci ildə dayandırıb.

İndi isə qayıdaq Fərəh Səfərova ilə bağlı 365info-ya daxil olan maraqlı məlumatlara. Yazılarımızı diqqətlə izləyən və adının çəkilməsini istəməyən oxucumuz redaksiyamıza zəng edərək Fərəh Səfərova ilə bağlı maraqlı məlumatlar verib. Həmin xanım Fərəh Səfərovanın rəfiqələrinin yaxın çevrəsində olduğunu qeyd edib.

Xanım bildirib ki, MTN olayından sonra Pərviz-Fərəh Səfərovlar cütlüyü barədə mətbuatda məqalələr dərc olunacağı günü həmişə səbrsizliklə gözləyib. Və nəhayət gözlədiyi məqaləyə 365info-da rast gəlib. Xanım bir azərbaycan qadını olaraq bu cütlüyün əməlləri barədə mətbuata məlumat verməyi özü üçün borc hesab edir.

 

Xanımın bildirdyinə görə təxminən 2007- ci ildə Pərviz Səfərovla ailə həyatı quran Sultanova Fərəh Gülməmməd qızı uzun müddət öz rəfiqələrini qorxu altında saxlamağı bacarıb.

Belə ki, Fərəh Səfərova onunla münasibəti pozulan rəfiqələrinə və yaxud da digər yaxın şəxslərə ərinin vasitəsilə problem yaratmağı bacarıb.

Məsələn, kimlərəsə hədə-qorxu, təhdid edici məktublar göndərilib, kimlərinsə ev qapılarına rəngli boya atılıb, kimlərinsə evinin qarşısında saxladığı avtomobilinin təkərləri bıçaqla kəsilib.

Bütün bu əməllər Fərəhin qarşı tərəfə göndərdiyi xəbərdarlıq siqnalı olub. Və heç kim Fərəhin general ərinin qorxusundan səsini də çıxartmayıb. Bir sözlə, hamı bu cütlükdən ehtiyat edib.

Biz ötən yazıda və bu dəfə ötəri də olsa qeyd etdik ki, bu cütlük Elçin Bədəlova da problem yaşadıb.

Düzdür, bu məqamla bağlı 365info təkzib dərc edərək üzrxahlıq edib. Bu bir daha onu göstərir ki, biz kiməsə qarşı qərəzli deyilik və obyektivliyi hər şeydən üstün tuturuq.

Ancaq qeyd etdiyimiz cütlüyün əməlləri ilə bağlı 365info saytında silsilə yazıların dərcindən sonra redaksiyamıza yazıda adları çəkilən şəxslər barədə çoxlu məlumatlar daxil olmaqda davam edir.

Mənbənin son məlumatına görə, Fərəh Səfərovanın tapşırığı ilə Pərviz Səfərovun qanunsuz əməllərindən əziyyət çəkənlərdən biri də Fərəhin tələbə yoldaşı Fuad adlı şəxs olub. Fuadla bağlı araşdırmamız davam edir.

Bütün bunlar bir daha onu göstərir ki, mahmudovlar-çovdarovlar-səfərovlar millətin təhlükəsizliyini deyil, Fərəh kimilərin təhlükəsizliyini qoruyub və tapşırıqlarını yerinə yetiriblər.

 

365info.az

Paylaş