Rayonun baş narkoloqu polis əməliyyatçılarına rayon narkomanlarının siyahısını niyə təqdim etmir?

Ziya Məmmədov öz postunu itirəndən sonra hamı elə düşündü ki, nəqliyyat sistemində nəsə bir müsbət yenilik, irəliləyiş olacaq.

Ancaq bu gözləntinin əksinə olaraq nəqliyyat sitemində baş verən qanunsuzluqlar barədə mətbuatda dərc olunan yazılar səngimək bilmir.

Nəqliyyat nazirliyi Rabitə nazirliyi ilə birləşdiriləndən sonra hamı elə bildi ki, yeni nazir Ramin Quluzadə və onun köhnə komandadan qalan müavini Musa Pənahov nəqliyyat sektorunda nəsə yeni bir iş görəcəklər.

Amma, bunun əksinə olaraq nəqliyyat sistemində demək olar ki, hər gün yeni özbaşınalıqlar barədə mətbuatda çoxsaylı məqalələr dərc olunur. Çoxları fikirləşirdi ki, Ziya Məmmədov nazir olanda Musa Pənahova işləməyə imkan vermirdi, lakin indi Ramin Quluzadə nazir müavininə o imkanı verib.

Əgər belədirsə, bəs onda nəqliyyat sistemi niyə bərbad gündədir?!

Hələ avtomobil yollarımızdan, dəmiryolundan, Cavid Qurbanov tərəfindən xarici ölkələrdən götürülən kreditlərin hansı istiqamətə yönəlməsindən danışmırıq. Və yaxud da, avtonəqliyyat sistemindən, hansı ki, başda Beynəlxalq Avtovağzalımız olmaqla bərbad vəziyyətdədir.

Görün bu sahədə vəziyyət nə qədər acınacaqlıdır ki, avtobuslarının kondisioneri işləmədiyi üçün, sürücü qapıları açıq qoyaraq sərnişinlə dolu avtobusu idarə edir.

Bir sözlə ölkədəki nəqliyyat sisteminin yarıtmaz fəaliyyəti barədə mətbuatda çox yazılır.

Ancaq bugünkü mövzumuz oxucularımızda bundan əvvəlki yazılardan çox maraq doğura biləcəyi üçün, keçirik əsas məsələyə.

Qeyd edək ki, narkotiklərlə mübarizə ildən-ilə çətinləşir. Dünyada qanunsuz narkotik satışının dövriyyəsi böyüyür, narkomanların sayı isə artır. Və ən acınacaqlısı, və haqlı narahatlıq doğuran problemlərdən biri də gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının artmasıdır.

365info.az saytının redaksiyasına daxil olan məlumata görə, bu ilin iyun ayında nəqliyyat sahəsində bir təhlükəli hadisə baş verib.

Belə ki, nəqliyyat vasitəsini idarə edən şəxsin narkoman olduğu barədə redaksiyamıza məlumat daxil olub. Və bu şəxs nəqliyyat vasitəsini idarə edərkən narkotik vasitə qəbul etdiyi üçün sükan arxasında huşunu itirib. Sərnişinlə dolu olan nəqliyyat vasitəsini narkoman sürücünün yanında olan köməkçisi idarə etməyə çalışıb. Yaxşı ki, həmin köməkçi, yəni bu nəqliyyat vasitəsinin idarə olunmasında ikinci məsul şəxs (avtobusda sürücünü əvəz edən “smenşik”, qatarda “maşinist köməkçisi”, təyyarədə isə ikinci “bort pilot”) ona kömək edib ki, sərnişinlə dolu nəqliyyat vasitəsi qəzaya uğramasın. Və şükürlər olsun ki, nəqliyyat vasitəsinin sükanına keçən ikinci şəxs, nəqliyyat vasitəsini bacarıqla idarə etdiyindən bədbəxt hadisə baş verməyib. Ancaq baş verə də bilərdi.

Bu hadisə ilə bağlı bizim araşdırmamız davam etdiyi üçün hələ ki, həmin nəqliyyat təşkilatının və nəqliyyat vasitəsinin adını yazımızda açıqlamırıq.

Ancaq həmin nəqliyyat vasitəsini idarə edən şəxsin narkoman olduğu əvvəlcədən hüquq mühafizə orqanları tərəfindən araşdırılıb müəyyən olunsaydı, çox güman ki, nəqliyyatda bu cür hadisə baş verməzdi.

Apardığımız araşdırmalar nəticəsində bizə məlum oldu ki, rəsmi surətdə qeydiyyata alınan narkomanlar barəsində rayonların baş narkoloqları Bakı şəhəri və digər rayon polis idarələrində narkotiklərlə mübarizə aparan əməkdaşlara məlumat vermirlər.

Belə ki, narkomanların rəsmi qeydiyyatını aparan narkoloji dispanserlərin baş narkoloqları mütəmadı olaraq qeydiyyata aldıqları şəxslər barəsində müvafiq qaydada ərazi polis orqanlarına dərhal rəsmi məlumat verməlidirlər. Bu onların vəzifə borcudur. Baş narkoloqların narkomanları polisin qeydiyyatından gizlətmələrini hansı maraqlar naminə edilməsi faktını yaxşı olardı ki, hüquq mühafizə orqanlarının özləri araşdırsın və nəqliyyatda bu hadisənin narkotika aludəçisi tərəfindən törədilməyi, bu işdə rayonun baş narkoluqunun müstəsna rolu olması ifşa olunsun. Narkomanlığın təhlükəli, qorxulu olması bir yana qalsın, dəhşətlisi odur ki, narkoloqun polis əməkdaşlarından rayonda yaşayan narkomanlarının siyahısını gizlətməsi, polisin vaxtında həmin narkomana qarşı tədbir görülməsinə maneə yaradır.

Biz həmin nəqliyyat vasitəsinin avtobus, qatar və ya təyyarə olduğunu gələn yazımızda açıqlayacağıq. Sadəcə bəzi məlumatları dəqiqləşdirdiyimiz üçün hələ ki, hadisənin hansı nəqliyyatda baş verdiyini təfərrüatı ilə açıqlamırıq.

Korrupsiya.az

Paylaş