Bir qrup Xırdalan şəhər sakini yaşadıqları ərazidə fəaliyyət göstərən “Xəzinə Palace” şadlıq sarayının onlara yaşatdığı narahatçılıqdan, saray sahiblərinin qanunsuz əməllərindən Abşeron İcra Hakimiyyətinə şikayət ərizəsi ünvanlayıblar və həmin şikayətin bir nüsxəsini də QAFQAZXEBER.AZ-ın redaksiyasına təqdim ediblər.

Dözülməz vəziyyətlə üzləşən vətəndaşlar yazırlar:

“Biz, Azərbaycan Respublikası Konstitusiyası 1.1, 12.1, 13.1, 24., 37.1, 57., 71., 79., 80.-ci maddələrində nəzərdə tutulmuş hüquqlarımızın pozulmasından və Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Xəzinə Palace şadlıq sarayı”nın sahiblərinin bizimlə birgə yaxın ətrafda yaşayan yüzlərlə vətəndaşların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz əməllərindən şikayətçiyik.

Şadlıq sarayının dörd bir yanı yaşayış evləri olmasına baxmayaraq, bizim Konstitusiyada və digər qanunlarımızla təsbit olunmuş yaşamaq və istirahət hüquqlarımız hər gün burada kobudcasına pozulur.

Belə ki, şadlıq sarayının qarşısında hər gün səslənən çal-çağır, mahnı ilə idarə olunan fontana qoşulmuş səs gücləndiricilərin səsi, toylar vaxtı qadağan olunaraq mülki dövriyyədən çıxarılmış “pirotexniki” vasitələrlə atəşfəşanlıq və sair kimi istirahətimizi, ictimai asayişi pozan hərəkətlər bizim normal yaşamağımıza və istirahətimizə mane olur.

Mülki dövriyyədə olmasına yol verilməyən əşyaları qanunsuz olaraq hazırlama, daşıma, gəzdirmə, saxlama və ya satma kimi əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1 maddəsinin tərkibini yaradır.

Kim zəmanət verir ki, “Xəzinə” şadlıq sarayının sahiblərinin qanunsuz əməlləri (Qanunla partlayıcı, tez alışan maddələrin və ya pirotexniki məmulatların uçotu, saxlanması, daşınması və istifadə edilməsi) ağır nəticələrə səbəb olmayacaqdır?”.

Sakinlər həmçinin “Xəzinə” şadlıq sarayının yaratdığı səs-küyün fəsadlardan və toya gələn avtomaşınların şadlıq sarayının həyətinə yerləşmədiyi üçün bütün yol boyu düzülərək hərəkəti tam iflic vəziyyətinə salmasından da şikayətçidirlər:

“Bütün həyatımızda qulağımızın eşidəcəyi səs-küy Destibellə (db) ölçülür. Yəni destibel səs səviyyəsindəki dəyişmənin ölçülməsi, səsin şiddətinin qiymətləndirilməsində istifadə edilən ölçü vahididir. İnsan qulağının eşidə biləcəyi ən aşağı səs 0 db, ən yüksək səs isə 180 db (raket səsi) olaraq qəbul edilmişdir. Halbuki, ”Xəzinə ”şadlıq sarayında musiqinin səsi (DB)-nın gücü bəlkə də 180 DB-nı (raket səsini) dəfələrlə keçir. Çünki evdə bütün qapıları, pəncərələri belə bağlasan da orada çalınan musiqi sanki evdə çalınır və bu hal hər gün davam edir. Bu da burada yaşayan vətəndaşların sağlamlığına sonradan bərpası mümkün olmayan zədələr yetirirlər (eşitmə və görmənin zəifliyi, sinir pozuntusu,şəkərli diabet və sair) .

Bundan əlavə, toylar zamanı avtomaşınlar şadlıq sarayının həyətinə yerləşmədiyindən bütün yol boyu düzülərək hərəkəti tam iflic vəziyyətinə gətirərək darvazaların, giriş qapılarının qarşısında saxlayaraq toya dincəlməyə gedir və biz vətəndaşlar evlərimizə getməyə yol tapa bilmirik. Hansı ki, şadlıq sarayının maşın saxlamağa böyük zirzəmisi olduğu halda orada bizlərə məlum olmayan (yəqin ki, “1000 bərəkət, halal nemət” kolbasa və sosisləri üçün xammal, çünki şadlıq sarayının sahibləri ilə eyni şəxslərdir) müxtəlif mallar saxlanır və avtomaşınlar bu səbəbdən yolboyu düzülür.

Bundan başqa, toy keçirilən vaxtı təcili yardım maşını, yanğınsöndürən maşını bu həndəvərə istəsə də girə bilməz. Şadlıq sarayının işçilərinə bu barədə dəfələrlə iradımızı bildirsək də, “biz toy edirik bizə nə var ki, maşınları harda saxlayırlar” deyə rəhbərlərinin güya toxunulmazlığına güvənərək həyasızlıq və hörmətsizlik edirlər.” Onlar bildirirlər ki, “biz kimik ki… Bura İLHAMINDIR, BƏXTİYARINDIR”.

İlham və Bəxtiyar “1000 bərəkət, halal nemət” kolbasalarının və sosislərinin istehsalına rəhbərlik edənlərdir.

Sakinlər ərizələrində qeyd edirlər ki, “Xəzinə” şadlıq sarayını işlədənlər  qanunvericiliyi pozmaqla onların da hüquqlarını kobud surətdə pozurlar və Abşeron İcra Hakimiyyətinin rəhbərliyindən Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan  Respublikasının  Prezidentinin 6 iyul 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri  haqqında” əsasnamənin 4.15.9. bəndinə uyğun olaraq müvafiq ərazidə yol hərəkətinin təhlükəsizliyini təmin edən tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təşkil etmək, işıqfor şəbəkəsinin modernləşdirilməsi və yerləşdirilməsi ilə bağlı aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təkliflər vermək;

4.15.11. müvafiq ərazidə ictimai asayişin qorunması, kriminogen vəziyyət, habelə vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasının təmin olunması haqqında məhkəmə, ədliyyə, prokurorluq və polis orqanlarından məlumatlar almaq;

4.15.12. müvafiq ərazidə hüquqpozmaların profilaktikası üzrə tədbirlər həyata keçirmək;

4.19. Yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər səlahiyyətləri də həyata keçirirlər.

Göstərilən maddələrə uyğun olaraq şadlıq sarayının sahiblərinə qarşı qanunda nəzərdə tutulmuş tədbirlər görülməsini xahiş edirlər:

“Onlar barədə dəfələrlə saytlarda leş ət, qursaq, caynaq və sair məmulatlardan kolbasa və sosislər düzəldərək satmaları barədə silsilə yazılar dərc olunub, lakin nəticələri olmamışdır. “Xəzinə” şadlıq sarayını da həmin pullarla tikdirib camata zülm edirlər.

Bundan savayı, toylar gecə saat 00:00 -a qədər qurtarmalıdır.(24:00-dan artıq gecə vaxtı başlayır). Toydan çıxanların səs-küyündən başqa, ən azı 2-3 saat ərzində orada işləyənlərin təmizləmə və sair işlər aparması ilə məişət səs-küyünə qarşı mübarizəni pozmuş olurlar. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinin tələblərini kobudcasına pozur və buna görə də cəzalandırılmalıdırlar.

Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyətinin borcu olduğundan “Xəzinə” şadlıq sarayının sahiblərinin əməllərinə hüquqi qiymət verilməsi və şərh olunanlara əsasən XAHİŞ EDİRİK :

“Xəzinə” şadlıq sarayının sahiblərinin insan və vətəndaş hüquqları və azadlıqlarını məhdudlaşdırmağa yönələn hərəkətlərinə hüquqi qiymət verilərək ictimai qayda və ictimai əxlaq qaydalarını kobud surətdə pozmaqla cəmiyyətə açıq hörmətsizliklərinə və məişət səs-küyünə, onların ucbatından avtomaşınların məcburən yolboyu düzülərək hərəkəti, piyada gediş-gəlişini iflic etmələrinin, musiqi səsinin (destibel vahidinin) normal olmamasına görə, səs-küyün küçələrə, evlərə yayılmasının qarşısını alınaraq yüzlərlə insanların sağlamlığının bərpası mümkün olmayan ziyan vurulmasının qarşısının alınması üçün bizlərə köməklik edəsiniz.

Əvvəlcədən minnətdarlığımızı bildiririk”.

Sakinlər bu ərizədə vurğulayırlar ki, “Xəzinə Palace” şadlıq sarayının rəhbərliyi elə  “1000 bərəkət, halal nemət”  kolbasalarının və sosislərinin istehsalına rəhbərlik edənlərdir.

QAFQAZXEBER.AZ olaraq onu da qeyd edək ki, həqiqətən mətbuatda “1000 bərəkət, halal nemət” markası ilə satılan məhsullar haqda kifayət qədər tənqidi yazılar gedib ki, mütəmadi olaraq həmin dərc olunan şikayətlər çox olduğundan onlardan yalnız bir qismini təqdim edirik. Düzdür şikayət məzmunlu məqalələrdən sonra “1000 bərəkət, halal nemət” əmtəə nişanı ilə tanınan “Səhliyalı” firması bir qayda olaraq təkziblər verib, ancaq necə deyərlər “Kim öz ayranına turş deyər?”:

“Azərbaycanda “Halal nemət min bərəkət” sosislərinin içindən siçan nəcisi çıxıb.

Bu barədə baku.ws-ə Rəhim İsmayılov adlı oxucumuz məlumat verib. O, qeyd edib ki, hamilə olan yoldaşı üçün mağazadan sözügedən şirkətə məxsus “Manqalüstü” sosisləri alıb. Lakin sosisi yemək istəyərkən içində siçan nəcisi olduğunu müşahidə edib”. http://www.bizimyol.info/az/news/14870.html.

“1000 bərəkət, halal nemət” markasına aid olan məhsullardan birinin içərisindən qurd çıxıb. Foto bu markanın “Sacüstü sosiskaları” məhsuluna müraciət edən istifadəçi tərəfindən facebook sosial şəbəkəsində paylaşılıb”. (Azərbaycanda “1000 bərəkət, halal nemət”in içindən qurd çıxdı – Fotolar)

“1000 bərəkət halal nemət” şirkətinin məhsulundan şikayət var.

XALQ.AZ ölkə.az-a istinadən  xəbər verir ki, bu gün sosial şəbəkədə şirkətə məxsus sosiskanın içindən tük çıxdığı xəbəri yayılıb. Fotodan da göründüyü kimi şirkətin “Manqalüstü” adlı məhsulunun qablaşdırılması zamanı nöqsana yol verilib. Qablaşdırılmış məhsulun içərisində tük var.

Qeyd edək ki, bir müddət öncə sacüstü sosiskanın içindən belə hal təkrarlanmışdır” (http://xalq.az/1000-bereket-halal-nemet-in-haram-nemetleri-fotolar/)

 “1000 bərəkət, halal nemət” adı ilə satılan məhsulları istehsal edən «Səhliyalı» şirkəti süd verməyən inəklərin ətindən istifadə edir.

Politika.Az-ın məlumatına görə, kolbasa istehsalçısı qoca və yararsız heyvanların ətini dövriyyəyə buraxır. Bu da mənşəyi məlum olmayan qoca və süd verməyən inəklərin kəsildiyi şübhələri yaradır…” (http://xalq.az/sehliyali-nin-istehsal-etdiyi-nedir/)

Qeyd edək ki, bir müddət əvvəl  “Xəzinə Palace” da Vüqar adlı ofisiantın namaz qıldığı üçün işdən qovulması haqda məlumat getmişdi ki, bu da orada hansı mühitin hökm sürməsindən xəbər verə bilər:

“Azərbaycanda şadlıq sarayının direktoru ofisiantı namaz qıldığı üçün toy zamanı işdən qovub”.

BAKU.WS-in məlumatına görə, Xırdalanda yerləşən “Xəzinə Palace”da Vüqar adlı ofisiant namaz qıldığı üçün işdən qovulub. İddia edilir ki, Vüqar axşam saat 9-10 radələrində nəzarət etdiyi stolu ofisiant yoldaşına tapşıraraq, administratordan icazə alıb və 10 dəqiqəlik namaz otağına namaz qılmağa gedib. Elə bu zaman stolda oturan içkili qonaq Vüqarın yoxluğunu hiss edərək müdiriyyətə şikayət edib. İçkili şəxs müdiriyyətə deyib ki, hanı bu stola baxan ofisiant? Bir müddət sonra geri qayıdan ofisiantla müdiriyyət arasında dialoq yaşanıb. Ofisiant namaz qılmağa getdiyini bildirsə də, şadlıq sarayının rəhbərliyi onun dərhal işdən çıxarılması göstərişini verib.

Şadlıq sarayının baş inzibatçısı Nizami Əliyev də ofisiantın işdən çıxarılmasını təsdiq edib. O bildirib ki, iş vaxtı namaz qılmazlar.

“Onun anası da burada işləyir. Mən onu işə götürəcəkdim. Əgər sizə şikayət edibsə onu ümumiyyətlə bu şadlıq sarayının qabağından keçməsinə icazə verməyəcəm. Bura namaz qılmaq yeridir? Getsin namazını məsciddə qılsın. Əgər iş vaxtı hamı namaz qılsa nə olacaq? Onda müştərilərə kim xidmət göstərəcək?”, – deyə baş inzibatçı bildirib.”  (http://az.baku.ws/hot_news/31322-1azrbaycanda-ofisiant-namaz-qld-ucun-idn-qovuldu-getsin-namazn-mscidd-qlsn.html).

Düzdür “Xəzinə Palace”ın məsul şəxsi bu məsələyə də münasibət verərək faktı təkzib etmiş, açıqlamasında özlərini günahsız çıxarmışdı… həmişəki kimi…

Amma təkzibləri verən, saytlardan çıxaran, sonra isə bəzən hətta tərifləyən bəzi saytlar olsa da, şikayətçilər isə adi vətəndaşlar və istehlakçılardır ki, onlar birincilərdən fərqli olaraq adətən heç bir maraq güdmürlər və təbii ki, təkzib də vermirlər…

Tamerlan Zeynallı

Paylaş