Ölkəmizin əleyhinə olan mərkəzlərin və şəbəkələrin sifarişi əsasında hazırlanaraq dünya mediasında tirajlanan materiallarla bağlı məsələ son günlər geniş ictimai maraq və əks-səda doğurub. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (Organized Crime and Corruption Reporting Project – OCCRP) adlanan qurumun “BBC News” və “Guardian” kimi tanınmış KİV-lərdə yayımlanan materialları haqqında istər rəsmi şəxslər, istərsə də adi vətəndaşlar rəy və mülahizələrini bildirir, burada göstərilən faktların mahiyyəti, hansı məqsədlərə xidmət etməsi barədə müxtəlif fikirlər söyləyirlər. Təbii ki, Azərbaycanın müstəqil daxili və xarici siyasəti, hazırkı və perspektiv inkişaf imkanları bəzi maraqlı dairləri, xüsusən də, düşmən Ermənistanı və onun havadarlarını ciddi narahat edir. Belə davamlı antitəbliğat kampaniyalarının hazırlanmasında və aparılmasında da həmin qüvvələrin əli və rolu vardır.
Bununla yanaşı, nə qədər antiazərbaycan xarakterli olsa da, yayılan məlumatlarda göstərilən bəzi faktlar, adları çəkilən vəzifəli şəxslərin fəaliyyəti, istər-istəməz, ölkə ictimaiyyətinin diqqətini çəkir, müəyyən ehtimallar yaradır. Məsələn, elə götürək, Baş nazirin birinci müavini Yaqub Eyyubovla bağlı yazılanları… Bu yüksək vəzifə sahibinə qarşı da çox sərt korrupsiya ittihamı irəli sürülür, konkret faktlar açıqlanır. Amma, hələ ki, həmin ittihamı nə təsdiq, nə də təkzib edən var…
Nəyə görə? Bəlkə bu faktlar təkzibolunmazdır?
Əslində, Baş nazirin birinci müavini kimi uzun illərdir ölkə iqtisadiyyatının idarəçilyində iştirak edən Yaqub Eyyubovun şəxsiyyəti və fəaliyyəti ilə bağlı heç də xoş olmayan informasiyalara indiyədək ölkə mediasında vaxtaşırı rast gəlinirdi. Özü haqqında “təvazökar, peşəkar, ziyalı xarakterli, sədaqətli, hətta idmansevər” imici yaratmağa çalışan, lakin elə zahiri görkəmindən, gövdəsinə uyğun olmayan əndazəsiz simasında donub qalan anlaşılmaz qəzəbdən hikkəsi və iddiası aydınca oxunan bu adamın əsl simasını cəmiyyətdən o qədər də asanlıqla gizlətməsi mümkünsüzdür. Axı Azərbaycan elə bir məkandır ki, burada kimin kim olduğu təkcə media xəbərlərində deyil, həm də dost-tanış söhbətində, qonum-qonşu qeybətində, qohum-əqrəba gileyində, məhəllə əhvalatında üzə çıxır, faş olur və yayılır. Özünü yüksək əxlaq və mənəviyyat sahibi kimi göstərən Yaqub Eyyubov haqqında əvvəlcə dar çərçivədə, sonra isə ictimai çevrədə yayılan məlumatlarda onun xəstə həyat yoldaşını tərk edib yeni bir evliliklə “xoşbəxtliyə qovuşması” sədaqətsizlik və etibarsızlıq nümunəsi kimi göstərilir. Təbii ki, heç kimin onun şəxsi həyatına müdaxilə etmək haqqı yoxdur, amma ictimai xadim, dövlət adamı olan hər kəsin də cəmiyyət üçün nümunəvi davranış nümayiş etdirməsi zəruridir. Ulu Öndər Heydər Əliyevin həyatı buna bir örnəkdir! Özünü bu dahi şəxsiyyətin ardıcılı hesab edənlər elə şəxsi həyatda da ona bənzəməyə çalışmalı deyillərmi?! Ailəsinə sədaqətli olmayan adamın cəmiyyətə, xalqa, dövlətə sədaqətlə xidmət etməsinə inanmaq nə dərəcədə məntiqli sayıla bilər?!
Elə buradaca xatırladaq ki, Yaqub Eyyubovun hökumət içindəki fəaliyyəti haqqında iki il əvvəl “gundemxeber.az” saytında getmiş yazıda onun “yüksək rütbəli bəzi məmurlarla ciddi konfliktlər yaşadığı, öz vəzifə səlahiyyətlərindən istifadə edərək, bır sıra məmurlara qarşı açıq savaşa keçdiyi” bilidilirdi. Qeyd edilirdi ki, “söhbət xüsusilə baş nazirin birinci müavininin ayrı-ayrı nazirliklərə və dövlət qurumlarına ayrılacaq büdcə vəsaitləri üzərində təsir imkanlarının geniş olmasından gedir. Məsələn, hansısa nazirin müxtəlif ehtiyaclar üçün büdcə vəsaiti əldə etməsi lazımdır, amma bundan ötrü ilk növbədə Yaqub Eyyubovun razılığı tələb olunur. Vitse-premyer isə bu razılıq üçün bəzi özünəməxsus kriteriyaların həyata keçirilməsini mühüm sayır. Bunlardan biri – həmin nazirin və ya digər yüksək çinli məmurun baş nazirin birinci müavininin şərtlərini yerinə yetirməsidir. Söhbət ayrılacaq vəsaitin bir hissəsinin əvvəlcədən Eyyubovun ixtiyarına verilməsindən gedir”.
Baş nazirin birinci müavininin Birinci Avropa Oyunlarına hazırlıq məqsədilə paytaxtda aparılmış tikinti-abadlıq işlərində çalışmış 5700 nəfər sadə əməkçini necə əməkhaqqısız qoyması barədə isə “haqqın.az” saytı “Олимпиаду провели, а подрядчиков кинули на сто миллионов” (“Olimpiadanı keçirdilər, amma podratçılara yüz milyon atdılar”) başlıqlı geniş bir material vermişdi. Həmin materialda da deyilirdi ki, paytaxtın küçə və meydanlarının abadlaşdırılması işlərinin sifarişçisi Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu işləri yerinə yetirən podratçı şirkətlərlə hesablaşmanı ləngidir, çünki özü zəruri subsidiyanı – təxminən 120 milyon manat vəsaiti hökumətdən, Nazirlər Kabinetindən ala bilmir. Vəsaitin sərəncamçısı isə Baş nazirin birinci müavini Yaqub Eyyubovdur ki, dəfələrlə müraciət olunmasına baxmayaraq məhz bu məmurun “hərəkətsizliyi” onlarla potradçı şirkəti və müəssisəni maliyyə iflasına gətirib çıxarıb, minlərlə insanı əməkhaqqından məhrum edib.
İndisə budur, Yaqub Eyyubov xarici medianın materiallarında önəmli fiqurantlardan birinə çevrilib. Bir daha təkrar edirik, onun ayağına yazılan “korrupsiya əməliyyatı”nın həqiqətdə baş verib-vermədiyi barədə hələ də heç bir açıqlama yoxdur. “Rosoboroneksport”la qaranlıq əlaqələri barədə iddiaları bir kənara qoysaq, bu yüksək çinli məmurun dövlət vəsaitindən öz ailə üzvlərinin şəxsi məqsədləri üçün istifadə etməsi faktı, sadəcə, acı təəssüf hissi doğurur. Əgər bu fakt həqiqətə uyğun deyilsə, ictimaiyyət qarşısına çıxıb onu təkzib etməyə Yaqub Eyyubova kim və nə mane olur?.. Axı bu dövlət Eyyubovlar ailəsinə çox böyük etimad göstərib: ata – Baş nazirin birinci müavini, oğullardan biri Avropada səfir, biri polis orqanlarında vəzifə sahibi!.. Bu postlarda qazanılan vəsait kifayət deyilmi ki, “diş düzəltdirmək” üçün avropalı dantistə pulu öz cibindən deyil, dövlətin xəzinəsindən ödəyəsən?..
Azərbaycanda məmurların öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə qarşı ali dövlət rəhbərliyi səviyyəsində dəfələrlə sərt reaksiya verilib, bir sıra şəxslər belə əməllərinə görə cəzalandırılıblar da… Amma hələ də məmur özbaşınalığı davam edir. Göstərilən yüksək etimadı doğrultmayan, dövlətin və onun rəhbərinin etibarından sui-istifadə edən, sürətli inkişafa bilərəkədən və ya bilmyərəkdən əngəl törədən adamların hələ də öz postlarında qalması isə həm xalqımızın gələcəyinə təhlükə yaradır, həm də ölkəmizi nüfuzuna ağır zərbə vurur…
Halbuki, eyibləri aradan qaldırmağın vaxtı çoxdan yetişib!
Teref.info

Paylaş