Bu postlardan biri energetika naziri Natiq Əliyevin vəzifəsidir.

İyunun 8-də İstanbulda müalicə aldığı klinikada dünyasını dəyişən mərhum nazirin yerinə iyundan bəri hələlik heç bir təyinat olmayıb.

Bunun səbəblərindən biri kimi sözügedən nazirliyin SOCAR-a birləşdirilməsi ilə bağlı struktur islahatına hazırlıq getməsidir.

Büdcədən izafi xərcləri azaltmaq üçün struktur islahatları getməkdədir. Bir neçə nazirlik və komitə birləşdirilib. N.Əliyevdən sonra bu nazirlik də oxşar taleyi yaşaya bilər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini də müavini icra edir. Bu vəzifəni tutan İbrahim Mehdiyev “Sovetski” adlanan ərazidə Hacı Cavad məscidinin söküntüsü ilə əlaqədar işdən azad edilmişdi.

İndiyə qədər Bakının strateji rayonlarından olan Yasamala başçı təyin edilməyib. Bu posta namizədlər arasında Tağı Əhmədovdan tutmuş Əhəd Abıyevə qədər məmurların adları hallanmışdı. Görünən budur ki, Yasamala ilin sonuna qədər rəhbər təyinatı gözlənilmir.

Şəxsi avtomobili ilə xuliqanlıq edərək avtobus sürücüsünü izləyib, daha sonra onu döyən Rüstəm Orucovun da əməlləri atasının postunu boş qoyub.

Belə ki, oğlunun əməllərinə görə vəzifəsindən kənarlaşdırılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Novruzəli Orucovdan sonra o vəzifə boş qalıb.

N.Orucov ölkə başçısı İ.Əliyevin 11 iyulda imzaladığı sərəncamla vəzifəsindən azad edilmişdi. Onun yerinə təyinat olmaması görünür Arzu Rəhimovu da qane edir.

Çünki hər iki general arasında rəqabət gedirdi. Hətta işdən qovulan müavin rəis postuna göz dikmişdi.

Palitika.Az xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində vaxtilə Elnur Aslanovun icra etdiyi vəzifə də hələlik boşdur.

Onun nazirliyin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsindən gedəndən sonra yerinə təyinat olmayıb.

Prezident Administrasiyasında şöbə müdiri olmuş, Fətullah Gülənə yazdığı məktub üzə çıxandan sonra işini itirmiş sabiq PA rəsmisi nazirlikdə vəzifə daşıyırdı. Amma çox çəkmədi ki, məzuniyyət adı ilə ölkəni tərk edib geri qayıtmadı.

E.Aslanovun postunun boş qalması ciddi əhəmiyyət daşımasa da, həmin şöbə məhz FƏTÖ-çu məmura görə fərqlənirdi.

Bütün bunlardan çıxan nəticə ondan ibarətdir ki, bu postlara təyinat 2018-ci ilə qalıb. Prezidentin səlahiyyətində olan bu məsələlərə yeni ildə aydınlıq gətiriləcəyi gözlənilir.

Hətta uzun müddət bəzi postlar boş saxlana və müavinlər tərəfindən idarə oluna bilər. Bir müddət əvvəl deputat Zahid Oruc da parlamentdə demişdi ki, bu nazirlik ləğv edilməlidir: 

“Energetika Nazirliyi nəyə lazımdır ki? SOCAR onun səlahiyyətlərini yerinə yetirir. Natiq müəllim təcrübəli kadrdır. Ölkənin neft strategiyasının həyata keçirilməsində mühüm rol oynayıb. Amma indiki durumda ayrıca bir nazirliyə ehtiyac yoxdur”.

Yasamala icra başçısı isə elə bir kadr olmalıdır ki, camaatla işləsin. Generalın yerinə gəlincə, bu məsələdə daha çox kimin havadarının güclü olması rol oynayacaq.

Paylaş