Azərbaycanda heyvandarlıq sahəsi bərbad hala düşüb

Palitika.Az-ın İqtisadiyyat Şöbəsi xəbər verir ki, son 2 ildə 150 min hektar örüş və təbii biçənək əraziləri dövriyyədən çıxarılıb.

Bu sahələr əkinə verilib. 2016-cı ildə ot istehsalı 213 min ton, silos istehsalı 7 min ton, 2017-ci ildə taxıl istehsalı 150 min ton azalıb.

Bu il 20 min hektar çoxillik yem bitkiləri (yonca) sahələri ləğv etdirilərək yerində pambıq əkdirilib.

Bütün bu kimi hallar öz təsirini heyvanların baş sayının azalmasında və məhsuldarlığın kəskin şəkildə aşağı düşməsində göstərməli idi.

Ancaq hökumət bu sahədə hər şeyin yaxşı olduğunu göstərmək istəyir. Son üç ildə DSK-nın məlumatlarında ət, süd istehsalında artım olduğu göstərilir.

Azərbaycandan 2016-cı ildə idxal 4 min 799 baş, ixrac isə 128 baş təşkil edib. Bu ilin səkkiz ayında həmin göstəricilər müvafiq olaraq 2 min 189 baş və 64 baş olub.

2016-cı ildə “Aqrolizinq” ASC-nin xətti ilə 4 min 555 baş iribuynuzlu damazlıq heyvan ölkəyə gətirilərək, güzəştli qiymətə lizinq yolu ilə satılıb.

Həmçinin ötən il 103 min 359 heyvan süni mayalandırılıb və 73 min 728 baş buzov alınıb.

Azərbaycan uzun müddətdir Avropadan cins mal-qara idxal edir. Bu mal-qaranın dəyəri 3-5 min avro civarında dəyişir. Mal-qaranın tələf olması tendensiyası da dayanmır.

Nazirliyin açıqlamasından belə anlaşılır ki, adaptasiya edilən cins mal-qaranı 2 min dollara qonşu ölkələrə satmağa nail olurlar.

Keçən ilin hər ayında 10-dan artıq cins mal-qara ixrac olunub, bu il isə 8 baş. Deməli, azalma var.

Alanlar da Orta Asiya respublikalarıdır, onlar da mal-qaranın Azərbaycanda adaptasiya olduğunu hesab edib alırlar.

Təsəvvür edin ki, 3 min avroya Avropadan mal-qara alırlar, amma adaptasiya olunmuşu 2 min dollar sata bilmirlər.

Cins mal-qara sahəsində yaranmış vəziyyət hökumətin məsələyə elmi əsaslarla yanaşmadığının nəticəsidir. Bir süni mayalandırma mərkəzinin işi ilə nailiyyət qazanmaq qeyri-mümkündür.

Palitika.Az xəbər verir ki,
 dünya bazarında neftin qiymətinin düşməsindən sonra ölkəmizdə iqtisadi böhranın yaranması qeyri-neft sektorunun inkişafını zərurətə çevirib.

Xüsusən də kənd təsərrüfatının dirçəldilməsi ön plana çəkilir. Amma aqrar sahənin inkişafı üçün hər il milyonlarla vəsait ayrılsa da, ortada ciddi sayılacaq müsbət nəticə yoxdur.

Məsələn, ekspertlər bildirirlər ki, Azərbaycan kənardan taxıl almasa, ölkədə çörək qıtlığı yarana bilər. Yaxud da ət, süd, yağ idxal olunmasa, əhalinin əksəriyyəti çıxılmaz vəziyyətlə üzləşər.

Ölkəmizdə kənd təsərrüfatının inkişafı etdirilməsi üçün müxtəlif vaxtlarda sərəncamlar, fərmanlar verilir, aqrar sahə ilə məşğul olanlara güzəştlər tətbiq olunur, büdcə ayırmalarında bu sahədə irəliləyişə nail olmaq üçün artımlar edilir.

Aqrar sektorun inkişafı üçün, bu sahəyə məsul qurumların təşəbbüsləri ölkə rəhbərliyi tərəfindən dəstəklənir.

Bu sahədə dövlət siyasətini həyata keçirən Kənd Təsərrüfatı Nazirliyinə bütün zəruri dəstək verilir.

Lakin ölkə rəhbərliyinin bu dəstəyindən adıçəkilən nazirliyin Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunması baxımından səmərəli bəhrələndiyini söyləmək bir qədər çətindir. Hansı ki, bu, ölkə prezidentinin birbaşa diqqətində olan məsələdir.

Prezidentin kənd təsərrüfatına həsr olunmuş müşavirələrdəki çıxışlarının əsas xəttini də, məhz ölkənin strateji ərzaq məhsulları ilə daxili istehsal hesabına təmin edilməsi təşkil edir.

Son iki ildə həm Kənd Təsərrüfatı Nazirliyi, həm də hökumət pabıqçılığın inkişafına külli miqdarda vəsait ayırıb. Bu sahə ilə bağlı təbliğat işi də yüksək səviyyədə qurulub.

Ölkə başçısının dediyinə görə, hər il pambıqçılığın inkişafına yüz milyonlarla dollar vəsait xərclənir. Nəzərdə tutulurdu ki, hər hektardan 35-40 sentner pampıq yığılsın.

Statistika Komitəsinin verdiyi məlumata əsasən, 136 min hektarda pambıq əkilib, indiyə kimi 200 min ton yığılıb, indən belə də nəsə yığılacağı gözlənilmir.

Çünki artıq sahələrdə elə də pambıq qalmayıb. Burdan belə çıxır ki, hər hektardan 14-15 sentner pambıq yığılıb.

Bütün bunlar göstərir ki, bu adamların bazar iqtisadiyyatından xəbərləri yoxdur. Hökumət prosesə müdaxilə etsə də, nəticə əldə olunmur.

Paylaş