Azərbaycanda məmur övladlarının törətdiyi qanunsuz hərəkətlərə görə verilən cəzalar bəzən adekvat olmur

Palitika.Az-ın məlumatına görə, ağır cinayət törədən varlı uşaqları, vəzifəli şəxslərin balaları olur ki, yüngül cəza ilə işləri bağlanır. Amma bəzilərinə çox ağır cəzalar kəsilir.

Məsələn, Nəsimi rayon Məhkəməsində sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadəyə 3 il hökm oxunub.

Zərərçəkmiş Elbəy Mirzəyev məhkəmədə hər hansı şikayət və tələbinin olmadığını deyib və şikayət ərizəsini geri götürüb.

Amma Ə.Salahzadə 3 il azadlıqdan məhrum edilib. Bu hökmün siyasi tapşırıq olması da istisna deyil. Ə.Salahzadə “Azərsu”nun əməkdaşı Elbəy Mirzəyevi döyməkdə təqsirli bilinib.

Şikayətçi olmadığı, ölüm faktı qeydə alınmadığı halda sabiq deputat oğluna 3 il həbs verilməsi anlaşılan deyil.

Hərçənd ki, iki uşaq anasını “Porşe” ilə vurub öldürən iş adamı Fizuli Fərəcovun 16 yaşlı oğlu Ağaəli Fərəcov islah məntəqəsinə göndərildi. Avtobus şoferinə bir şillə vuran general Novruzəli Orucovun oğluna 6 il həbs cəzası verildi.

Ən nəhayət, içkili avtomobil idarə edən və yol polis əməkdaşını yumruqlayan “Nurgun Motors” şirkətinin prezidenti Nuru Əliyevin oğlu Nurxan 15 sutkalıq inzibati həbslə canını qurtardı.

Bundan əlavə, Bərdə rayon icra hakimiyyətində şöbə müdiri Zaur Bəylərov yol qəzasında bir nəfəri öldürüb, iki nəfəri yaraladı, hələ də məsuliyyətə cəlb olunmayıb.

Cəzaların bəzilərinin yüngülləşdirilməsi, digərlərinin həddindən artıq ağırlaşdırılması məhz məmur övladlarının arxasındakı gücün göstəricisidir.

“Nurgun motors” şefi oğlunu DYP əməkdaşını vursa da həbsdən xilas edir, amma general oğlu hakimiyyət nümayəndəsi olmayan avtobus şoferinə görə 6 il həbs, Hacı Qalibin övladı 3 il azadlıqdan məhrum edilir.

Eləcə də Z.Bəylərov törətdiyi ağır qəzaya baxmayaraq, vəzifəsinin başında dayanır. Ona “gözün üstə qaşın var” deyən yoxdur.

Həmçinin, deputatlığa keçmiş namizəd, biznesmen Akif Rəhimovun oğlu Rəhim Rəhimov şəhid qızını maşınla vurub öldürür.

Məlumat belədir ki, apelyasiyadan azadlığa çıxıb, amma rəsmi açıqlamada onun həbsdə olduğu bildirilib.

Palitika.Az-ın məlumatına görə, dekabrın 10-da Bərdə Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Orqanları ilə İş üzrə Şöbə müdiri Zaur Bəylərov 200 minlik “Leksus” markalı avtomobillə törətdiyi ağır qəzada yaraladığı iki nəfərdən biri komadan çıxmayıb.

Z.Bəylərovun 200 minlik maşını ilə toqquşmada dünyasını dəyişən taksi şoferi Elşad Quliyevdən əlavə yaralanmış iki nəfərin vəziyyəti ağırdır.

Bərdə ictimaiyyəti sual edir ki, general Novruzəli Orucovun oğlu Rüstəm avtobus şoferinə vurduğu bir silləyə görə bağışlanmadı.

Atası işdən qovuldu, özünə isə 6 il həbs cəzası verildi. Yəni, bu məmur balasının qudurğan hərəkətinə görə cəzası ağır oldu. Di gəl ki, həmin hadisədə ölüm-itim də yox idi.

Eyni zamanda Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nailin iki nəfərin ölümünə səbəb olması ilə bərabər məhkəmə çıxışlarında əməlindən peşman olduğunu deməsi, Ə.Həsənovun ölənlərin ailələrini ziyarət etməsi, bütün maddi xərcləri üzərinə götürməsi müəyyən qədər anlayışla qarşılandı.

Bərdə ictimaiyyəti sual edir ki, bir nəfərin öldüyü, birinin ölüm ayağında olduğu ağır qəzadan sonra Z.Bəylərov nə vəzifəsindən çıxarılıb, nə həbs edilib.

Ümumiyyətlə, Azərbaycanda qanunu pozan və cinayət törədən vəzifəli şəxslərin övladları istisnasız olaraq cəzalandırılırlar.

Prezident İlham Əliyevin bir neçə il qabaq etdiyi xəbərdarlıq qüvvədədir və hansı məmur övladı qudurğanlıq edirsə dərhal həbs olunur.

2017-ci ildə də biz məmur uşaqlarının etdiyi özbaşına hərəkətlərə şahid olduq. Ancaq onların bəzilərinin cəza metodlarında fərq qoyulduğu da diqqətdən yayınmadı.

Xəbərə görə, bəzi icra hakimiyyəti başçıları, komitə sədrləri, nazirlər və müavinləri sənədləşmə işlərini gizlədirlər.

Onlar özləri və övladları haqda əmlak alqı-satqısı, nikah və digər rəsmiləşmə aparılan işləri ört-basdır etməyin yolunu ixtira ediblər.

Bunun üçün böyuk pullar xərcləyən məmur korpusu dəhşətli bir tendensiyanın əsasını qoyurlar.

Belə ki, hüquq-mühafizə orqanları hər hansı məmur və ya övladı haqda araşdırmalara başlayanda, reyestr sorğularında heç bir məlumat çıxmayacaq. Eyni zamanda bu işlər axtarışda olan məmurlar və övladlarına da şamil olunub.

Öz adlarından mal-mülklərini, müxtəlif informasiyaları çıxarmaqla təhlükəsizliyini təmin etməyə çalışan məmurlar dövlətin vəsaitini mənimsəmə, talan, qarət etməkdə ittiham oluna bilməyəcəklər.

Bunu hesablayan məmurlar və balaları anket məlumatları gizlədir, öz adları olan bütün reyestr məlumatları sildirirlər.

Paylaş