“Səni müharibəyə nə Azəriqaz, nə də Abşeron rayon İcra Hakimiyyəti göndərməyib ki, bizlə qaz davası edirsən”.

OperativXeber.az bildirir ki, bu sözləri, Araz Media xəbər portalına, 1-ci Qrup Qarabağ əlili Faiq Firdovsi oğlu Quliyev adı çəkilən qurumlardan eşitdiklərini şikayət məktubunda yazarkən bildirmişdir.

Əlil vətəndaş Azəriqaz İstehsalat Birliyindən və Abşeron rayon İcra Hakimiyyətindən haqlı olaraq şikayət edir. O, artıq 5 gündür ki, yaşadığı Abşeron rayon Masazır kəndində 5 nəfər ailə üzvü ilə soyuqda qaldığını bildirir.

Bu beş gün ərzində dəfələrlə, Abşeron rayon İcra Hakimiyyətinə və Azəriqaz İB-nə müraciət etməyinə baxmayaraq, əlil vətəndaş evinə verilən qazı bərpa etdirə bilməyib ki, bilməyib. Belə ki, Abşeron rayon İcra Hakimiyyətinin şöbə müdiri Fariz müəllim Azəriqazın onları saymadığını bildirmişdir.

Eyni zamanda Azəriqazın Abşerona baxan idarəsinin şöbə rəisi Mikayıl müəllim və Azəriqazın baş ofisi vətəndaşa birmənalı rədd cavabı vermişlər. Problemin 6-cı gününə adlamasına baxmayaraq o, hələ də Azəriqazın “104” qaynar xəttinə düşə bilməyib. Azəriqazın istismar şöbəsi sayğacda problem olduğunu, satış şöbəsi isə sayğacda deyil, sayğaca daxil olmamış, requlyatorda nasazlıq olduğunu bildirir. Amma bir şeyi başa düşmürlər ki, hər hansı detalda, cihazda nasazlıq olub-olmaması vətəndaşın deyil, Azəriqazın problemidir. Vətəndaş işlətdiyi qazın pulunu ödəməlidir vəssəlam.

Redaksiyamıza daxil olan bu şikayəti yerində araşdirmaq qərarına gəldik. Hətta, bizi də aldatmağa cəhd göstərdi qurumlar. Abşeron rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Hafiz müəllim şöbə müdiri Fariz müəllimə, Fariz müəllim isə Azəriqazın baş ofisinə bizi “istiqamətləndirdi”.

Həmişə olduğu kimi, Azəriqaz İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev zənglərimizə cavab vermədi, mesajlarımıza isə mənasız mesajla cavab verdi.

Belə aydın oldu ki, bu qarşıdan gələn əziz bayramda, Dünya Azərbaycanlılarının Həmrəylik Günündə, 1-ci Qrup Qarabağ əlili ilə həmrəy olan olmayacaq və o ailəsi ilə bu bayramı nəinki hiss etməyəcək, üstəlik donmamaq üçün yorğan-döşəkdə büzüşərək keçirəcəkdir.

Bu ailənin işi Allaha qalıb həqiqətən də…

Sözün bitdiyi yer…

Faiq Quliyev bildirib ki, ötən il də, Azəriqaz onu şərləyərək, guya sayğaca “barmaq etdiyi” üçün onu 190 manat cərimə etmişdir. Halbuki, əlilin bizə göndərdiyi yuxarıdakı sənəddə də göstərilir ki, o ağıl zəifliyindən əziyyət çəkir. Hətta sayğacı həqiqətən sıradan çıxarsa, korlasa belə, onu cərimə etməyə, inzibati məsuliyyətə cəlb etməyə qanun yol vermir.

Araz Media Qrup olaraq, Cənab Prezident İlham Əliyevə müraciət edirik ki, bu ailəyə qaz verilməsi üçün, müvafiq köməklik göstərilməsinə yardımçı olsun ki, ailədə böyüyən əlil oğlu dövlətə nifrət hissi ilə böyüməsin. Əksinə o ailəyə baxan gənclər vətənə, dövlətə sadiq olsunlar.

Paylaş