Məktəb müəllimi ondan istənilən rüşvəti vermədiyi üçün sinfinin ləğv edildiyini iddia edir.
Minval.info-ya verilən məlumata görə, Samux şəhərində yerləşən 3 saylı orta məktəbdə rüşvət qalmaqalı yaşanıb. Belə ki, təhsil ocağının müəllimi Aybəniz Məmədovanın sinif rəhbəri kimi fəaliyyətinə son qoyulub. Buna səbəb kimi isə ondan tələb olunan pulun direktora verilməməsi iddia olunur.
“Məktəb direktoru Nurlanə Həsənova sinfimdə az şagird olduğuna görə məndən 300 manat istədi. Ona dediyi məbləği verə bilmədim. Bu pulu versəydim sinif rəhbərliyim qalacaqdı. Yalnız 100 manata gücüm çatdı. Bir il sinfim ləğv olunmadı. Lakin bu məbləğ direktoru qane etmədi. Buna görə növbəti ildə sinfim ləğv olundu. İndi dərs saatlarım artırılıb” – A.Məmmədova deyib.
Səbəb kimi isə ona bildirilib ki, Aytən Məmmədova müəllimlər arasında keçirilən imtahanda 14 bal yığdığına görə sinfi ləğv olunub. Bu nəticə direktoru qane etməyyib. Lakin müəllim deyib ki, ondan az bal yığanlar əvvəlki fəaliyyətini davam etdirir.
A.Məmmədova həmçinin saytımıza açıqlamasında bildirib ki, yoldaşı Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.
Minval.info bununla əlaqədar Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxlayıb. O, məsələnin araşdırılacağını qeyd edib.

Paylaş