İndi vətəndaşları bu sual düşündürür: manatın yayda və payızda taleyi necə olacaq. Çünki artıq iqtisadi şərhlər azalmağa başlayıb. İnsanlar isə narahatdırlar, çünki…

FİA.Az-ın İqtisadiyyat Şöbəsi xəbər verir ki, manatın başının üzərində yenidən qara buludlar dolaşır.

Ötən il Azərbaycandan xaricə 13 milyard 811 milyon 624 min ABŞ dolları məbləğində mal göndərilib.

Onun 12 milyard 290 milyon 658 min dollarını və ya 88,98 faizini xam neft, neft məhsulları, qaz və elektrik enerjisi təşkil edib.

Bu ixrac məhsulları əsasən dövlət təşkilatları vasitəsilə xaricə göndərilib və əldə edilən valyuta gəlirlər də əsasən Dövlət Neft Fondunda, Neft Şirkətində və “Azərenerji”də toplanıb.

Yəni bu məhsulların satışından özəl bölməyə valyuta çatmayıb. İqtisadçi laim Qubad İbadoğlu hesab edir ki, Mərkəzi Bank arxasında iqtisadi məntiq durmayan absurd məzənnə siyasəti aparır.

Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsinə inansaq ötən il Azərbaycana 8 milyard 782 milyon 7 min ABŞ dolları məbləğində mal idxal olunub.

Onun da 813 faizi və ya 7 milyard 103 milyon 481 min ABŞ dolları özəl bölmənin payına düşüb. Mərkəzi Bank manatın dollara nəzərə məzənnəsini sabit saxlayır.

Bu nəticə onu təsdiq edir ki, Azərbaycanda manatın məzənnəsi yenə də təhlükəli qaydada, inzibati vasitələrlə sabit saxlanılır, demək olar ki, fiksə edilmiş məzənnə siyasəti yeridilir.

Azərbaycanın əsas ticarət tərəfdaşları olan Rusiya, Türkiyə və digər ölkələrin valyutasında baş verən ucuzlaşma hər iki tərəfdən manata olan təzyiqi artırır.

Həmin ölkələrin mallarının idxalı cəlb edici olur. Nominal və real effektiv məzənnədə müşahidə olunan enmələr manatın ucuzlaşdılmasını səmərəli edir.

Hətta bu cür aydın vəziyyətdə də Mərkəzi Bank arxasında iqtisadi məntiq durmayan absurd məzənnə siyasətini davam etdirir. Görək bu nə qədər davam edəcək.

FİA.Az-ın İqtisadiyyat Şöbəsi xəbər verir ki, hazırda çox şey dünya bazarında neftin qiymətindən və əsas ticarət tərəfdaşlarımız olan ölkələrin milli valyutalarının ABŞ-da uçot dərəcəsinin gözlənilən artımına reaksiyalarından asılı vəziyyətdədir.

Yeganə onu demək olar ki, may ayına qədər manatın məzənnəsində sabitliyin təminatı yalnız iqtisadi deyil, həm də siyasi gündəmdə olan məsələdir.

Əgər növbəti illərdə dünya bazarında neftin qiyməti kəskin ucuzlaşarsa, onda azalan valyuta gəlirlərinin birbaşa və dolayı təsirlərindən qaynaqlanan faktorların, eləcə də dövlətin və şirkətlərin xarici kreditorlar qarşısında öhdəliklərinin gələn ildən daha da çoxalmasının təsiri ilə milli valyutanın sabitliyi pozula bilər və dolların məzənnəsi orta müddətli dövrdə 2 manatı ötər. 2018-ci ildə isə Mərkəzi Bank üçün çətin aylar mart, avqust və ilin son ayı olacaq.

Ötən ilin dekabr ayında hərraclarda yarım milyard dollardan artıq valyuta satılıb. Öncədən də proqnozlaşdırdığımız kimi, ötən ay dollara tələbin artması müşahidə edildi.

İlin son ayında əvvəlki ay ilə müqayisədə 2.8 dəfə, yəni 584,8 milyon dollar satılıb. Deməli, ötən ay məzənnənin qorunması birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olub.

Sadəcə bir ay ərzində yarım milyard dollardan artıq xarici valyutanın satılması dollara olan tələbin xüsusi aylarda yüksək qaldığından xəbər verir.

Bu isə o deməkdir ki, bu il də manatın məzənnəsi Dövlət Neft Fondunun satdığı dolların məbləğindən və deməli, neft gəlirlərimizin həcmindən asılıdır.

Paylaş