Dövlət Yol Polisində dövlət maraqlarına necə zərbə vururlar?

BŞDYPİ-nin rəisi Nuşirəvan Səfərovun “cərimə siyasəti”

Dövlət başçısı cənab İlham Əliyevin fəaliyyətinin əsas prioritet sahələrindən biri də hər zaman korrupsiya və rüşvətxorluğa qarşı sərt mübarizə aparması olub. Korrupsiyanı Azərbaycanın “bəlası” adlandıran prezidentin yürütdüyü siyasi xətt ondan ibarətdir ki, bu problem Azərbaycandan “tamamilə silinməlidir”. Çox təəssüf ki, bəzi dövlət qurumlarında ölkə rəhbərinin bu strateji çağırışı qulaqardına vurulur.
Azərbaycanda ən çox korrupsiyalaşmış və rüşvətə bulanmış orqanlardan biri Dövlət Yol Polisinin olduğunu desək yanılmarıq. DYP sistemində öz mövqelərini möhkəmləndirən bəzi məmurların fəaliyyəti isə xüsusilə qeyd olunmalıdır. Onların rəhbərlik etdikləri sahələrdə hökm sürən problemlər artıq nəzarətdən çıxaraq total səviyyəyə çatıb.
Fraksiya.az saytına daxil olan məlumatlara görə belə qurumlardan biri də BDYPİ-də polkovnik Mübariz Şükürovun rəhbərlik etdiyi qurumlardır. Xatırladaq ki, adıçəkilən idarədə uzun illər idi korrupsiya mexanizmi quran İmtahan və Qeydiyyat Şöbəsinin müdiri Hacımurad Abdullayev təqaüdə göndərilməsindən sonra həmin şöbə elə eyni adla idarəyə çevrildi və həmin idarəyə rəhbərliyə baş idarə rəisinin müavini Mübariz Şahbazov gətirildi. Ümumiyyətlə Mübariz Şahbazov faktoru BDYPİ-də çox güclüdür və öz mövqelərini möhkəmləndirməkdə davam edir. Məlumdur ki, istənilən sürücülük kateqoriyasını almaq istəyən şəxs MERO-ya-yəni sürücülük vəsiqəsi vermək hüququna malik olan şöbəyə müraciət edib vəsiqə ala bilər. BDYPİ-də bu sahənin şəriksiz nəzarətçisi isə Mübariz Şahbazov hesab olunur. Sadə dildə desək, Azərbaycanda alınan hər “prava”da-sürücülük vəsiqəsində M. Şahbazovun “haqqı” var. Ölkədə maşını yerindən tərpədə bilməyən, yol nişanlarını reklam lövhəciyi hesab edən, “qaz”la “tormoz”un yerini tanımayan şəxslərin necə sürücülük vəsiqəsi aldığını, bu səbəbdən də yollarımızda əsl soyqırım hallarının yaşandığını hər kəs bilir. Az qala sürücülük vəsiqəsini bazardan kartof-soğan almaq qədər sadələşdirən M. Şahbazov və tabeliyində olanlar bu yolla gəncliyimizi hansı uçuruma apardıqlarının fərqində deyillər. Təsadüfi deyil ki, el arasında daha bu sənədlər sürücülük vəsiqəsi yox, “ölüm kağızı” adlandırılır. Yəqin ki, bütün bunlar barədə tezliklə cənab nazir Ramil Usubov ciddi tədbirlər görəcək.
Fraksiya.az saytına daxil olan məlumatlara görə analoji vəziyyət Bakı şəhər Dövlət Yol Polis İdarəsində də hökm sürür. Nuşirəvan Səfərov bu vəzifəyə təyin olunduğu illər ərzində təəssüf ki, aktivinə müsbət işlər yaza bilməyib. Əksinə, o rəis təyin olunandan sonra BŞDYPİ-nin fəaliyyəti tamamilə bərbad vəziyyətə düşüb. Yol polislərinin hər gün sürücülərə yaratdığı əlavə problemlər buna əyani sübutdur.
Fraksiya.az saytına verilən məlumatlarda bildirilir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) rəisi Nuşirəvan Səfərovun fəaliyyəti həm vətəndaşların, həm də yuxarı instansiyalarda təmsil olunan şəxslərin ürəyincə deyil. Əhalinin son illər ən çox şikayət etdiyi dövlət qurumlarının arasında BŞDYPİ-nin adı ön sıralarda çəkilir. Bu isə səbəbsiz deyil. İddialara görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları əksər hallarda sürücüləri heç bir səbəb olmadığı halda incidir, onlara cərimələr yazır və etik qaydalara uyğun olmayan formada rəftar edirlər. Sürücüləri səbəbsiz yerə cərimələyən yol polislərinin çoxu «rəhbərlik belə tapşırıb» deməklə əmrin haradan gəldiyinə işarə edirlər. Təsadüfi deyil ki, sürücülər üçün nəzərdə tutulan cərimələr hətta lətifə mövzusu ola biləcək sayda çoxalıb.
Sürücülər bilirlər ki, BŞDYPİ-yə yolu düşənlərin başına elə oyun açırlar ki, ordan çıxanda adam özünü əsirlikdən xilas olmuş kimi hiss edir.
Sürət həddini keçdiyinə görə radara düşənlərin, qəzaya düşdüyü üçün BŞDYPİ-yə gedib-gəlməli olanların və digərlərinin başına hansı oyunların açıldığını xüsusi olaraq təsvir etməyə ehtiyac yoxdur.
BŞDYPİ rəhbərliyinin əsas qazanc mənbələrindən biri də nəqliyyat vasitələrinin evakuatorlar vasitəsilə cərimə meydançalarına daşınmasıdır.
Paytaxtın müxtəlif rayonlarında sıralanan cərimə meydançalarının ilbəil say artımı deməyə əsas verir ki, nəqliyyat vasitələrinin evakuatorla oğurlanması işi əməlli-başlı biznesə çevrilib.
Fraksiya.az saytı bildirir ki, Bakı küçələrində müəyyən imkanlı sürücülərə “hərəkət sərbəstliyi” verən “imtiyazlılar” siyahısının hazırlanmasında BŞBDYPİ-nin rəisi Nuşirəvan Səfərov bəzən şəxsən iştirak edir. Belə “imtiyazlıların” şəhərdə dəfələrlə hansı faciələrə səbəb olduqlarını isə yəqin ki, bilməyən tapılmaz.
Ümumiyyətlə N. Səfərovun fəaliyyəti, bundan doğan böyük problemlər artıq sanki islaholunmaz həddə çatıb. Bu barədə qəti tədbirlərin görülməsi zəruridir. Son günlər prezident tərəfindən öz fəaliyyətində dövlət maraqlarına zərbə vuran məmurların vəzifədən alınması, cəzalandırılması prosesinin növbəti mərhələsi həyata keçirilir. Yəqin ki, tezliklə haqqında bəhs etdiyimiz sahələrdə də əsaslı islahatlar başlanılacaq, formalaşan narazılıqlara son qoyulacaq. Fraksiya.Az

Paylaş