Gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimova məxsus Bakı şəhər Halqası Əməliyyat Şirkəti məhkəməyə müraciət edərək Vergilər Nazirliyinə qarşı iddia qaldırıb

FİA.Az xəbər verir ki, cavab kimi nazirliyin Bakı şəhəri Lokal Gəlirlər Departamenti və Bakı şəhəri Milli Gəlirlər Departamenti tanınıb.

Şirkət nazirliyin vergi yoxlamaları ilə bağlı “müəyyən hərəkətləri etməkdən çəkinmə”sini tələb edib.

İlk olaraq nazir oğlunun şikayətinə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılıb. A.Rəhimovun şirkətinin şikayəti qismən təmin edilib.

Şirkətin vergi yoxlamaları ilə bağlı “müəyyən hərəkətləri etməkdən çəkinmə”sini irəli sürməsi belə ehtimal yaradır ki, “müəyyən hərəkət” rüşvət tələbləri olub.

Formula-1 yarışlarının təşkilatçısı olan nazir oğlunun firması ilə Vergilər Nazirliyinin yola getməməsi də məhz qeyri-rəsmi ödənişlər tələb edilməsi ilə əlaqəli ola bilər.

Mikayıl Cabbarovun vergilər naziri təyiin olunmasından sonra bu sahədə şəffaflığın təmin olunacağı, vergi müfəttişlərinin iş adamlarından əlavə tələblər irəli sürməyəcəyi gözləntisi vardı.

Ancaq görünən budur ki, M.Cabbarov nazir oğlu olub-olmadığına baxmadan Fazil Məmmədovun dövründən qalan metodları hər bir iş adamına qarşı yürüdür.

Çünki Arif Rəhimovun məhkəmədə “müəyyən hərəkətləri etməkdən çəkinmə” tələbi qaldırmasının başqa izahı yoxdur.

Belə çıxır ki, yarışlardan sonra vergi məmurları şirkətdən ağılasığmaz məbləğdə tələblər irəli sürüblər. Sadəcə, işin mülki olması və İqtisad Məhkəməsində baxılması belə təəssurat oyadır ki, tərəflər arasında icarədarlıqla bağlı mübahis predmetləri var.

Ancaq söhbət vergi yoxlamalarından getdiyi üçün M.Cabbarovla A.Rəhimovun oğlu arasında ciddi problem yarandığını söyləmək olar.

Hərçənd M.Cabbarov bildirmişdi ki, vergi yoxlamaları azaldılacaq. Onu da deyək ki, Mayın 1-i Mikayıl Cabbarov üçün heç də yaxşı açılmadı. Ayın ilk günü nazirlikdə qan töküldü.

Günorta saatlarında Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 2 əməkdaşı arasında insident yaşanıb.

Departamentin İstehsal İdarəsinin əməkdaşları – Ramiz və Kamran adlı vergi işçiləri mübahisə edərək, bir-birini ağır söyüşlərlə təhqir ediblər.

Daha sonra Ramiz adlı vergi əməkdaşı Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru Fərid Cəbrayılovun qəbuluna getməyə çalışsa da, mühafizəçilər tərəfindən içəri buraxılmayıb.

Bundan sonra Ramiz adlı vergi işçisi iki yerdən qarın nahiyyəsinə bıçaq zərbəsi endirərək, intihara cəhd edib. O, dərhal Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Hadisədən sonra prokurorluq əməkdaşları da departamentə gələrək araşdırma aparıblar.

Departamentin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktoru Elmar Əsədov isə prokurorluğa çağırılıb.

Vergi işçisinin rəhbərliyin qəbuluna buraxılmamasının səbəbi bilinmir. Hər halda qəbula normal işçi kimi buraxılsaydı, bu hadisə baş verməzdi.

Digər tərəfdən, Fazil Məmmədovun nazir olduğu dövrdə heç vaxt belə insident yaşanmayıb.

Ancaq Mikayıl Cabbarov siftə elədi. Nazirlikdə necə bir intizam qurulubsa, vergi əməkdaşı özünü bıçaqlayaraq intihar edir.

Ancaq VN-nə gəldiyi gündən islahat şousu yaradan, F.Məmmədovun kadrlarını çıxarmaqla öz komandasını formalaşdıran M.Cabbarovun reformaları blef çıxdı.

Nazirlikdə tökülən qan vəziyyətin gərginliyi, idarəçilikdəki problemlərin mövcudluğu, rəisin otağına işçisinin qəbul edilməməsi sistemdəki özbaşınalığa ehtiva edir.

Paylaş