Bakıda fəaliyyət göstərən məşhur restoranlardan birində fırıldaqçılıq edildiyi bildirilir

Paytaxtın Nizami küçəsində (“Tarqovı”) yerləşən “Araz” kafedə müştərilərin aldadıldığı söylənilir.

Belə ki, jurnalist Elçin Cəlilov yaxınları ilə birgə sözügedən restoranda olublar. Onlar yemək yedikdən sonra ofisiant hesabı gətirib.

“Kitabçanı açıb görürəm ki, vərəqdə qələmlə nələrsə alt-alta yazılıb və ən aşağıda da 52 rəqəmi. Normalda bu tip restoranlarda belə olmur, çekdə çap ilə masaya gələn hər şeyin adı və qiyməti, bir də yekun hesab yazılır. Həm də hesabın 52 manat olmasına inanmadım” – Elçin bəy qeyd edib.

O, bundan sonra kassaya yaxınlaşıb hesabı kartla ödəmək istədiyini söyləyib:

“Masaya gətirilənlərin siyahısını qiymətləriylə çıxarılmasını istədim. Gördüm, qadın ofisiant kitabçanı masamızdan götürdü və sürətlə kassaya tərəf gəlir. Çatdı və açdı kitabçanı, həmin kağızı da əks üzünə çevirib, qoydu”.

Məlum olub ki, hesab yazıldığı kimi 52 manata bərabər deyil və masaya gətirilən yeməklərin qarşılığında 40 manat ödənilməlidir.

E.Cəlilov mübahisə etmədən hesabı ödəyib, ardınca kassirə bunun fırıldağa oxşadığını bildirib və nəyə görə belə etdiklərini soruşub:

“Niyə belə edirsiniz? Kağızın bir üzündə çapla hər şey yazılıbsa, o biri üzündəki qələmlə yazılanlar və “52” nə deməkdir? Özünü itirmiş halda dedi ki, bu, masanızın nömrəsidir. Dedim, masamız 63-dür, həm çekə qələmlə masanın nömrəsini yazmağa nə gərək? Yazmısınızsa, onda çekin qələmlə yazılmış üzünü niyə qoyursunuz? Mən bəlkə çaşıb, 52 manat ödəyəcəkdim?”

Onun bu suallarından sonra kassir heç bir cavab verə bilməyib və Elçin bəy restorandan çıxıb.

 
Paylaş