İstintaqa təsir edə biləcək iki şəxs hələ də azadlıqdadır
Dövlət Gömrük Komitəsi (DGK) yüksək vəzifəliləri ilə əlbir olan “dərman mafiyası”nın istintaqı davam edir. Aprelin 30-da DGK-nın yüksək vəzifəli şəxslərinin də içində olduğu “dərman mafiyası” ifşa olunub. Üç gün sonra mayın 3-də isə DGK sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədov sərəncama götürülüblər.
Hazırda araşdırmalar davam edir. Redaksiyamıza daxil olan məlumata görə, ölkə ərazisində dövriyyəsi qadağan olunan dərman vasitələri Bakı Hava Limanında 3 rentgen aparatından keçirilsə də, həmin aparatların yaddaşlarından görüntülərin ötürülməsi bloklanıb. Bu yolla ölkəyə illərlə heç bir qeydiyyatsız-filansız dərman vasitəsi daşınıb. Gələn məlumatlarda deyilir ki, Araz Məmmədovla Sadiq Abduyev yaxın qohumdular. Onların hər ikisi bir general tərəfindən himayə olunur. Bu səbəbdən də hazırda istintaqda DGK rəsmisi tək yalnız Fikrət Qədiməliyevin adı əsas fiqurant kimi çəkilir. Sadiq Abduyev isə sanki heç komitədə yüksək post tutmayıb. Onun “dərman mafiyası” ilə əlaqələri də olmayıb. Əslində isə “dərman mafiyası” adlı şəbəkə ilə DGK rəsmilərindən təkcə Fikrət Qədiməliyev işləməyib. Onun işi ölkəyə gələn dərmanların sənədlərinin dəyişdirilməsi olub. Sadiq Abduyevlə Araz Məmmədovun işi isə dərman vasitələrinin ölkə ərazisinə daxil olmasını təmin etməkdən ibarət olub. Amma bu gün Sadiq Abduyevlə Araz Məmmədov istintaqdan kənar gəzirlər. Aptek şəbəkələrində topdan dərman vasitələrinin satışı ilə məşğul olanlar isə Fikrət Qədiməliyevi, Sadiq Abduyevi və Araz Məmmədovu iri dərman alverçiləri kimi tanıyırmışlar.
Ötən sayımızda yazmışdıq ki, DTX “dərman mafiyası”na qarşı əməliyyatı gerçəkləşdirəndən sonra Sadiq Abduyevin də adı istintaqa cəlb edilən şəxslərin siyahısında olub. Sonradan isə işə Sadiq Abduyevin general qohumu qarışıb və onu istintaqçıların əlindən qurtara bilib. İndi məlum olur ki, Araz Məmmədovu da elə həmin general istintaqçıların əlindən alıb. Onların əvəzinə isə istintaqa ölkəyə mal buraxmaq səlahiyyəti olmayan əməkdaşlar cəlb olunublar. Onların səlahiyyət həddi Bakı Hava Limanındakı xüsusi mühafizə zonasına mal-materialların buraxılması üçün yetərli olmayıb. Belə əmrlər verilməsi Sadiq Abduyevin səlahiyyətində olub ki, o da, onu aeroportdakı dəstəkçisi və qohumu Araz Məmmədov da hazırda azadlıqda gəzirlər.
Fikrət Qədiməliyevə gəlincə isə o, hazırda ev dustağıdır. Tibb generalının ev dustaqlığı isə onun xəstəliyi ilə əlaqələndirilib.
Bu həmin vaxt baş verib ki, sıravi gömrükçülər istintaqa təzyiq etmək ehtimalı ilə həbsə alınıblar. Üstəlik, aeroportda 3 rentgen aparatının yaddaşını bloklayıb ölkəyə illərlə mal daşınmasını təmin edən gömrük rəisləri ortalıqda gəzdikləri bir vaxtda məhkəmə belə bir qərar verib. Halbuki istintaqa mane ola biləcək gücdə olan iki şəxs – Sadiq Abduyevlə Araz Məmmədov azadlıqdadırlar.
Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının bu il aprelin 30-da keçirdikləri əməliyyat zamanı əczaçılıq sahəsində bir sıra sahibkarlıq subyektlərinin daha çox gəlir əldə etmək üçün qeyri-leqal fəaliyyətlə məşğul olmaları üzə çıxıb. Belə fəaliyyət vergidən yayınmaqla yanaşı əhalinin sağlamlığına ciddi təhlükə yaradır. Keçirilmiş birgə tədbirlər zamanı belə qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunub. Əməliyyat-istintaq tədbirləri nəticəsində Anar Məmmədova məxsus Yasamal rayonunda yerləşən “Zeytun” aptekinə baxış zamanı dövlət qeydiyyatından keçməyən, mənşəyi naməlum 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülüb. Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki “İrem”, “Qlükoza”, “Avas”, “Fatimə”, Nəsimi rayonu ərazisindəki “Zeytun”, “Medical City”, “Elit”, “Vahid”, “Dokta Elite”, Nərimanov rayonu ərazisindəki “Şəfa”, “Şəfa Zeytun 426″, ”Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılıb. Hazırda qeyd olunan apteklərin sahibləri, işçiləri, apteklərlə şərikli işləyən xəstəxanaların baş həkimləri, şöbə müdirləri də soğru-sual edilir. Rəsmi məlumatdan da məlum olduğu kimi, “dərman mafiyası” ilə DGK rəsmiləri qaçaq yolla ölkəyə gətirilən dərman preparatlarına görə 25 faiz haqq alıblar. İlkin istintaqla müəyyən olunub ki, xarici ölkə vətəndaşı Ateş Atanur, Azərbaycan Respublikasının vətəndaşı Anar Məmmədov 2016-cı ildən aprelin 30-dək satış məqsədilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil ediblər. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin 25 %-i dəyərində haqq alıblar. Dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin ediblər.
musavat.com